İŞİD İraqı çökdürür Dünya

İŞİD İraqı çökdürür

Terrorçuların əsas hədəfi Kərbəlanı və Bağdadı tutmaqdır

Cavid

İraqda aprel ayında keçirilən parlament seçkisindən sonra siyasi böhran fonunda vəziyyət pisləşib. Seçkidə qalib gələn Nuri əl-Maliki yeni hökuməti formalaşdıra bilməyib. Siyasi böhranın davam etdiyi bir şəraitdə "İraqın və Şamın İslam Dövləti" (İŞİD) adlanan terrorçu qruplaşmanın döyüşçüləri Mosul və Tiqrit şəhərlərini ələ keçirib. Onlar paytaxt Bağdadı tutmağı planlaşdırır.
İŞİD təmsilçisi Abu Məhəmməd əl-Adnani audio müraciətində döyüşçülərini Bağdadı ələ keçirməyə çağırıb: "Döyüş hələ başlamayıb, amma Bağdadda və Kərbəlada başlayacaq".
Terrorçu qruplaşma İraqın Naynava əyalətinin inzibati mərkəzi, 1 milyon 800 min əhalisi olan Mosul şəhərini nəzarətə götürüblər. Mosul əhalisinin bir hissəsi şəhəri tərk edərək kürdlərin məskunlaşdığı Ərbilə tərəf istiqamət götürüb.
Qruplaşma Səlahəddin əyalətinin paytaxtı Tiqrit şəhərinə də nəzarəti ələ keçiriblər. İŞİD yaraqlıları Tiqrit həbsxanasından 300-dən çox tərəfdarlarını azad ediblər. Tikrit İraqın keçmiş diktatoru Səddam Hüseynin doğma şəhəridir. Xəbərlərə görə İŞİD yaraqlıları Səlahəddin bölgəsinin Bayca şəhərini də tutublar. Orada ölkənin iri neftayırma zavodu yerləşir. Bağdaddan 125 kilometr məsafədə yerləşən Samirə şəhərində də döyüşlərin getdiyi xəbər verilir.
İŞİD döyüşçülərinin Mosulda Türkiyə konsulluğuna hücum edərək baş konsul Öztürk Yılmazı, nümayəndəliyin diplomatlarını və digər əməkdaşlarını girov götürmələri isə bütün diqqəti bu hərbi terror qruplaşmasının üzərinə yönəltdi. İlkin məlumatlara görə, Türkiyə vətəndaşları və baş konsulluğun əməkdaşları hazırda terrorçuların şəhər qərargahında saxlanırlar. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu 80 vətəndaşın hazırda qruplaşma üzvlərinin girovluğunda olduğunu bildirib.
İraq hökuməti ABŞ prezidenti administrasiyasına müraciət edərək terrorçularla mübarizə üçün hərbi kömək istəyib.
İran da İraqa ölkədə son günlər baş verən terrorçuluqla mübarizədə köməyini təklif edib.
ABŞ Mosuldakı vəziyyətdən narahatlığını bildirib və vəziyyəti "son dərəcə ciddi" adlandırıb. ABŞ Dövlət Departamenti güclü əks-hücumla islamçıların geri oturdulmasına çağırıb. Ağ Evin sözçüsü Jen Psaki deyib ki, İslamçılar Suriyadan çıxarılmağa başlandıqdan sonra əsas qüvvələrini İraqın şimalına yönəldiblər.
Sözçü deyib ki, yaranmış vəziyyət iraqlıların yekdil şəkildə ümumi düşmənə qarşı dirəniş göstərməsini tələb edir.
Son bir gün ərzində İŞİD yaraqlıları Fəlluca və Ramadi də daxil olmaqla üç şəhərdə nəzarəti ələ ala biliblər.
Britaniya mətbuatı yazır ki, hadisələr ABŞ-ın əl-Qaedanın məğlub edildiyi barədə iddialarının həqiqətə uyğun olmadığını göstərir. İraq rəsmiləri "The Guardian" qəzetinə bildiriblər ki, İraq ordusu böyük itkilər verir.
İraqın çıxılmaz vəziyyətdə olan hökuməti əhalinin silahlandırılması və fövqəladə vəziyyətin elan edilməsi üçün parlamentə müraciət edib.
Qəzet xatırladır ki, ABŞ hərbçiləri 2007-ci ildə tayfa başçıları ilə razılaşma əldə edərək qiyamçıların öhdəsindən gələ bilmişdilər, lakin hazırda tayfa başçıları baş verən hadisələrə qarışmırlar.
İraq parlamentinin spikeri Osama al-Nujaifi Bağdadda keçirdiyi mətbuat konfransında bildirib ki, bütün Ninəva əyaləti hazırda qiyamçıların nəzarətindədir.
Yerli əhalidən olan şahidlər deyirlər ki, islamçı yaraqlılara qarşı əslində heç bir müqavimət göstərilməyib.
İŞİD təşkilatının belə sürətlə yenidən qruplaşması və çevikliyi region boyunca ölkələrin liderlərini şok vəziyyətinə salıb. Bu arada paytaxt Bağdadda da vəziyyət kifayət qüədər mürəkkəbdir. Nuri əl-Maliki qarşıdan gələn seçkilərdə üçüncü müddətə baş nazirliyini təmin etmək üçün koalisiya toplamaq cəhdləri edir.
Maliki özünü sünni yaraqlılara üstün gələ biləcək yeganə lider elan etsə də, hələlik ona tabe qoşunlar qiyamçıların öhdəsindən gələ bilmir. Məhz bunun nəticəsində Fəlluca və Ramadi şəhərləri itirilib.
İraq rəsmiləri bildirilər ki, ölkədə 6000 İŞİD döyüşçüsü səngərlənib və onlar qonşu Suriyadakı silahdaşları ilə problemsiz olaraq əlaqədədirlər.
İraqdakı İŞİD qruplaşmasının tərkibi əksərən iraqlılardan ibarətdir, lakin onlarla çiyin-çiyinə həmçinin bütün ərəb ölkələrindən, habelə Avropa, Qafqaz və Cənub-Şərqi Asiyadan gəlmiş terrorçular da döyüşürlər.
Bu arada Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib ki, İraqda İŞİD silahlıları tərəfindən saxlandıqları iddia edilən türk sürücülərin həyatı təhlükədə deyil.
Bundan bir qədər əvvəl məlumat verilmişdi ki, Türkiyənin İskəndərun limanından İraqın Mosul şəhərindəki İstilik Elektirk Stansiyasına dizel yanacağı daşıyan 28 sürücü İŞİD yaraqlıları tərəfindən həbs ediliblər.
Xarici işlər naziri deyib ki, Ankara hadisələri diqqətlə izləyir və hələlik əldə olan məlumata görə sürücülər üçün təhlükə yoxdur.
Bəzi müşahidəççilər diqqəti belə bir məqama çəkirlər ki, Ankara Suriyada Əsəd rejiminə qarşı döyüşən İŞİD-ə ümumikdə həmişə rəğbətli olub. Hökumətin tənqidçiləri bunu da vurğulayırlar ki, Ankara Suriyada Əsədə qarşı vuruşan Cəbhət ən-Nüsrə təşkilatını terrorçu qurumlar siyahısına salsa da, eyni addımı İŞİD-ə qarşı atmayıb.
Bununla belə, deyilir ki, islamçı qruplaşmalar arasında radikallaşmanın yüksəlişi Ankaranı narahat etməyə bilməz.
Reuters agentliyi xatırladır ki, Türkiyənin xüsusi təhlükəsizlik qüvvələri bu ilin martında İŞİD-in İstanbuldakı gizli qərargahına reyd keçiriblər.
Dünənki məlumatlara görə, Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı birləşməsi terrorçu İraq Şam İslam Dövləti (İŞİD) təşkilatı tərəfindən əsir götürülən diplomatların və onların ailələrinin azad edilməsi üçün səfərbər edilib.
Xüsusi təyinatlıların komandanlığındam bildirilib ki, siyasi əmr veriləcəyi təqdirdə, artıq hazır olan əməliyyat planına uyğun olaraq, zəruri addımlar atıla bilər.
Məlumatda vurğulanıb ki, Mosuldan sonra İŞİD-in Kərkükü tutmaq ehtimalı olduğundan, əməliyyatın daha geniş miqyasda aparılması da nəzərdə tutulub.
Əməliyyat Baş Qəraragahla koordinasiya şəklində həyata keçiriləcək. Hazırda Milli İstihbarat Təşkilatının informasiyalarına əsasən əməliyyat tədbirləri hazırlanır.
İraq hökuməti isə Mosul və ölkənin şimal bölgəsində İŞİD qoşunlarının irəliləməsi və yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. İŞİD qoşunlarının Bağdadın 150 km-də olduğu bildirilir. Silahlılar, eyni zamanda, bölgədə bir neçə televiziya binasını da tutublar.
Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki, həmçinin, Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib.
NATO isə Türkiyənin Mosul şəhərindəki diplomatlarının İŞİD terrorçuları tərəfindən girov götürülməsi ilə bağlı fövqəladə toplantı keçirib. Türkiyənin tələbi ilə keçirilən fövqəladə iclasda Mosuldakı proseslər müzakirə olunub.
Mosul meri İŞİD terror təşkilatının İraq milli bankının Mosul şöbəsini qarət etdiyini açıqlayıb. Təşkilat burdan 420 milyon dollar pul götürüb. Bu, İŞİD-in bütün beynəlxalq terror təşkilatlarından daha zəngin olması deməkdir.
Məlumata görə, İŞİD bəzi neft rezervlərini də ələ keçirib. Mosul və Bici neft mənbələrini ələ keçirərək Suriyaya neft satan İŞİD dünyanın böyük neft qayanqlarından birinə də sahibdir. İŞİD-in İraq ordusundan ələ keçirdiyi hərbi təchizatın da maddi dəyəri xeyli çoxdur.
Təşkilatın bu maddi gücdən istifadə edərək yeni muzdlular toplayacağı güman olunur.
O da söylənilir ki, İŞİD qüvvələri qəzalı vəziyyətdə olan Mosul su anbarını partladacaqlarına dair təhdidlər səsləndiriblər. 2003-cü ildə ABŞ-ın İraqa girməsindən sonra bölgədəki müharibə şəraiti ölkənin ən böyük su anbarını qəzalı vəziyyətə salıb.
Məlumata görə, 2007-ci ildə su anbarının yerli sakinlər üçün təhlükə yaratması barədə hesabat hazırlanaraq ölkədə olan ABŞ kontingentinin rəhbərliyinə təqdim olunub.
İŞİD qüvvələrinin həmin su anbarını partlatmasının isə bölgədə fəlakətə səbəb ola biləcəyi, Mosulla yanaşı Bağdadın da bəzi məhəllələrinin su altında qala biləcəyi qeyd edilir. Baş verə biləcək fəlakətin ən azı 250 000 nəfərə təsir edəcəyi bildirilir.
İraqda keçirdiyi əməliyyatlarda su anbarlarını əsas hədəfə götürən İŞİD qüvvələri bir müddət əvvəl Fəllucə su anbarından bir miqdar suyu təxliyyə edərək böyük əkinçilik ərazilərinin suyun altında qalmasına səbəb olmuşdu.
Xəbərə görə, İŞİD nümayəndəsi Abu Muhammed əl-Adnani yaraqlılara Bağdadı və Kərbəlanı da tutmağa çağırıb. "Döyüş hələ qızışmayıb, ancaq Bağdadda və Kərbəlada qızışacaq" - deyə əl-Adnanin interetdə yayılmış audiomüraciətində bildirilir.
Bundan əlavə İŞİD nümayəndəsi İraqın baş naziri Nuri əl-Malikini "dəhşətli dərəcədə qeyri-komponent adam" adlandırıb. Bildirilir ki, İŞİD qruplaşmasının əsas məqsədi İraqda şiələrin müqəddəs məkanlarını ələ keçirib dağıtmaqdır. Çünki Suriyada gedən vətəndaş müharibəsində törətdikləri qəddarlıqlarla ad qazanan bu qruplaşma şiələri kafir və düşmən hesab edir, onları öldürməyi "cihad" sayır.
İraq hökuməti isə baş verənlər qarşısında çarəsizdir. Ölkənin təhlükəsizlik və polis qüvvələri tamamilə ruhdan düşüb və yaxşı döyüş təcrübəsinə malik İŞİD üzvlərinin qarşısında dayana bilmir.
Mosulun ardından Bağdada doğru irəliləməyə davam edən İŞİD yaraqlılarının çox sayda bölgəni ələ keçirəcəyi bildirilir. Bağdadın 200 kilometr şimalındakı strateji əhəmiyyətə sahib Bəyçini ələ keçirən İŞİD yaraqlıları neftayırma zavodu və Bağdadı da elektrik enerjisi ilə təmin edən elektrik stansiyasını da ələ keçirməyə çalışır.
İnsan Haqlarına Nəzarət Təşkilatının ekstremal vəziyyətlərin dəyərləndirilməsi üzrə məsul direktoru Peter Bouckaert İŞİD-in ələ keçirdiyi yerlərdə İraq ordusuna aid əhəmiyyətli silah-sursatları da nəzarətə götürdüyünü və buradan Suriyaya da silah verilə biləcəyini bəyan edib.