Ermənistanda iğtişaşlar gözlənilir Dünya

Ermənistanda iğtişaşlar gözlənilir

Enerji tariflərinin qaldırılması əhalini yenidən meydanlara üz tutmağa vadar edib
Erməni müxalifəti: "Açıq şəkildə bəyan edirik ki, sentyabrda çevriliş edəcəyik"

Cavid

İki gündür ki, Ermənistanda yenidən ara qarışıb. İrəvanda enerji tariflərinin qaldırılmasına görə etiraz aksiyası keçirilib. Ermənistan mətbuatının verdiyi məlumata görə, aksiyada polislə etirazçılar arasında qarşıdurmalar yaşanıb. Polis etirazçıların Kommunal Xidmətlərin Tənzimlənməsi Komissiyasının binası qarşına keçməsinin qarşısı almağa çalışıb. Etirazçılar isə polis səddini yararaq binaya girməyə can atıblar. Polis iki aksiya iştirakçısını saxlayaraq özləri ilə aparmaq istəyib. Ancaq etirazçılar onlara mane olublar. Qeyd edək ki, Ermənistanda avqust ayının 1-dən elektrik enerjisi tariflərinin 10 faiz artımı nəzərdə tutulub.
Müxalifətçi Erməni Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan əhali üçün enerji daşıyıcılarının qiymətinin artırılmasını əsassız hesab edərək hökuməti sərt tənqid edib. Deputat bu siyasətin iqtidara baha başa gələcəyi haqda xəbərdarlıq edib.
"Qazın, elektrikin qiyməti elan edilən 1 dramın əvəzinə 8 dram qalxıb. Təəssüf ki, əhalinin bir hissəsi gəlib gənc etirazçılara qoşulmadı. Biz öz facebook-muzda oturub özümüzü ucadan müxalifətçi adlandırdığımız vaxtda bu uşaqlar gəlib hamımızın hüququnu qoruyurlar. Serj Sərkisyan və onun ailəsinin iştahasını nə qədər artırmaq olar?", - deyə siyasətçi ironik şəkildə sual edib.
Müxalifətçi deputat Sərkisyan rejimini açıq şəkildə hədələyib: "Mən açıq şəkildə bəyan edirəm ki, sentyabrda biz çevriliş edəcəyik. Bizi talayanlara qarşı ayrı mübarizə üsulu yoxdur. Ümid edirəm ki, həmin vaxtadək cəmiyyət də iradə göstərib bizə qoşulacaq".
Ermənistanda vəziyyətin acınacaqlı olması təkcə enerji daşıyıcılarının qiymətinin artması ilə bağlı deyil. İşğalçı ölkənin bütün iqtisadi sahəsi iflic olub ki, bu da əhalinin sosial vəziyyətinin pisləşməsi ilə nəticələnib.
Bəs Ermənistanda ağır-sosial iqtisadi vəziyyət inqilabla nəticələnə bilərmi?
Ekspert Tofiq Əsgərov bildirib ki, Ermənistanda bu ilin yanvarın 1-dən etibarən tətbiq olunmağa başlayan icbari yığım pensiya sistemi böyük narazılıqlara səbəb olub. Yeni qanuna əsasən, 1974-cü ilin 1 yanvar tarixindən bu yana anadan olmuş bütün işləyən vətəndaşların aylıq gəlirindən 5 faiz tutulub, onların pensiya hesabına toplanacaq. Hökumət nümayəndələri bildirirlər ki, bu qanun vətəndaşlara daha layiqli qocalıq təmin etməyə hesablanıb. Qeyd edək ki, Ermənistanda həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 63 yaş müəyyən olunub.
Əhali arasında qanunun tətbiqi ilə bağlı narazılıqlar insanların kütləvi şəkildə meydanlara çıxması ilə özünü biruzə verib. İrəvanın mərkəzi meydanında kütləvi etiraz mitinqlərinin keçirilməsi artıq mütəmadi xarakter alıb. Ermənistan parlamentində təmsil olunan "Erməni Milli Konqresi", "Daşnaksutün", "Çiçəklənən Ermənistan" və "İrs" partiyaları adıçəkilən qanunun ləğv olunması üçün Konstitusiya məhkəməsinə müraciət ediblər.
Ermənistan əhalisinin bu addımla bağlı narazılığının səbəbini anlamaq heç də çətin deyil. Günü-gündən ağırlaşan sosial-iqtisadi vəziyyətdə yaşamağa məcbur olan ermənilər üçün keçən ilin sonundan etibarən enerji daşıyıcılarının qiymətinin də artması əlavə zərbə oldu. Üstəgəl, bu ilin əvvəlindən onların maaşlarının 5 faizinin əlavə olaraq tutulmasının ciddi narazılığa səbəb olacağını əvvəlcədən ehtimal etmək olardı.
Problem ondan ibarətdir ki, Ermənistan hakimiyyəti təbii qazın qiymətlərinə ümumiyyətlə, müdaxilə etmək imkanından məhrumdur. Çünki ölkədə qazın alınması və əhaliyə satılması işini həyata keçirən "Armqazprom" şirkətinin 100 faizlik səhm paketi Rusiyanın "Qazprom" şirkəti tərəfindən alınmışdır. Ermənistan hökumətinin İrandan daha ucuz qaz almaqla bağlı apardığı danışıqlar da uğursuzluqla nəticələndi.
Avropa Birliyi ilə Amerikanın iqtisadi sanksiyalrının girovuna çevrilmiş Tehranın üçüncü ölkəyə kömək etmək imkanları tükənib desək, yanılmarıq. Eyni zamanda, Tehranın Gömrük İttifaqına daxil olmağa hazırlaşan Ermənistanla münasibətlərdə ehtiyatlı mövqe tutması da mümkündür. Ermənistan faktiki olaraq, Rusiyanın yedəyini seçməklə özünü Avropanın cızdığı dairədən kənarda qoyub. Nəticə ondan ibarətdir ki, Ermənistan rəhbərliyi əhalini ucuz enerji daşıyıcıları ilə təmin etmək iqtidarında deyil.
Ermənistanda keçirilən pensiya islahatına gəlincə, əslində irəli sürülən bu sistem mahiyyət etibarilə dövlət üçün effektiv hesab oluna bilər. Belə ki, əhalidən toplanan vəsait lazımi qaydada idarə oluna və iqtisadiyyatın müəyyən sahəsinə investisiya şəklində yatırılmaqla əlavə gəlir gətirə bilər. Lakin iflic vəziyyətinə düşmüş Ermənistan iqtisadiyyatı üçün bu sxem təbii ki keçərli deyil.
Hökumət rəsmi şəkildə bəyan edib ki, pensiya üçün maaşların 5 faizi kəsilməklə toplanan və illik 200 milyon dollar təşkil edən vəsait xaricdə fəaliyyət göstərən maliyyə institutlarına veriləcək və ölkə bundan gəlir götürəcək. Faktik olaraq, bununla hakimiyyət ölkə iqtisadiyyatının iflic vəziyyətdə olduğunu sübut edir. Ancaq 200 milyonun xaricə ötürülməsində başqa səbəblər də ola bilər. Məsələn, Ermənistanın qaza görə "Qazprom" şirkətinə 200 milyin dollar borcunun olması və şirkətin borcu tələb etməsi. İrəvan qış aylarında təbii qazın kəsilməsindən ehtiyatlanaraq, təcili tədbir kimi pensiya islahatına əl ata bilər.
Qeyd edək ki, Serj Sarkisyan hakimiyyətinə qarşı çıxışların arxasında dayanan müxalif fiqur kimi daha çox sabiq prezident Robert Koçaryanın adı hallanır. Koçaryan keçən ilin sonunda Ermənistan hökumətinin fəaliyyətini tənqid edən məqaləsi ilə gündəmə gəldi. Artıq erməni mətbu orqanları Koçaryanın böyük siyasətə qayıdışı barədə ehtimallar irəli sürməyə başlayıblar. Koçaryan son müsahibəsində özünün siyasətə qayıtmaq planları ilə bağlı suala konkret cavab verməkdən yayınıb, əvəzində növbəti dəfə hökuməti tənqid edib.
Koçaryanın çıxışlarında öz hakimiyyət dövrünün statistik rəqəmləri ilə indiki rəqəmləri müqayisə etməsi və bununla öz hakimiyyətinin üstünlüyünü göstərməsi keçmiş prezidentin şəxsi piarla məşğul olduğunun göstəricisidir. Digər tərəfdən, unutmaq olmaz ki, Koçaryan Ermənistanın bəlalarının səbəbkarlarından olan "Qazprom" şirkətinin idarə heyətində təmsil olunan şəxsdir və istədiyi vaxt vətənində hakimiyyətə qarşı narazılıq yaratmaq rıçaqlarına malikdir: "Hər halda Koçaryanın mövqeyi onu göstərir ki, bir vaxtlar birgə komanda olmuş və Ermənistanda hakimiyyəti zəbt etmiş "Qarabağ klanı" daxilində parçalanma var. Hazırkı prezident Serj Sarkisyan və Koçaryan eyni klanın üzvləri idilər və Sarkisyan Koçaryan dövrünün müdafiə naziri və baş naziri olmuşdu. Koçaryan Sarkisyandan fərqli olaraq daha praqmatik siyasətçidir və daha cəsarətlidir. Xatırlamaq yerinə düşər ki, 2002-ci ildə Koçaryanla prezident Heydər Əliyev arasında Qarabağ probleminin həllilə bağlı demək olar ki, razılıq əldə olunmuşdu. Amma üçüncü qüvvələrin müdaxiləsi sülhün əldə olunmasına mane oldu".
Ekspert Nail Cəlil isə bildirib ki, Ermənistanda sosial-iqtisadi böhran və siyasi gərginlik inkişaf tempini qoruyub saxlayır: "Ötən ilin sonlarında Ermənistandakı vəziyyətin ağır olacağı, inflyasiyanın yüksələcəyi barədə cari il üçün verilən proqnozlar öz təsdiqini tapmaqdadır. Yerli informasiya mənbələrinin verdiyi məlumatlara görə, artıq 2014-cü ilin əvvəllərindən müşahidə olunan bahalaşma davam edərək daha da dərinləşib. Ekspertlər tendensiya bu cür davam edərsə, ilin sonuna kimi bahalaşmanın total xarakter alacağını proqnozlaşdırırlar. Aydın məsələdir ki, istehlak qiymətlərinin artması və inflyasiyanın dərinləşməsi fonunda maaşların artmaması yoxsulluğun səviyyəsinin yüksələcəyini deməyə əsas verir. Elə Dünya Bankının Ermənistanla bağlı verdiyi açıqlamada da işğalçı ölkədə yoxsulluğun səviyyəsinin artacağı göstərilib. Dünya Bankının Avropa və Mərkəzi Asiyada yoxsulluğun azaldılması və iqtisadi siyasət departamentinin direktoru İvonna Sikata bildirib ki, regionun 5 ölkəsində yoxsulluğun səviyyəsinin xeyli yüksəlməsi mümkündür: "Bunlar Ermənistan, Gürcüstan, Qırğızıstan, Moldova və Tacikistandır. Region əhalisinin yoxsul hissəsi yüksək inflyasiyadan, ərzaq və enerji daşıyıcılarının qiymətinin yüksək olmasından əziyyət çəkir".
Rusiyanın qiymət artımı ilə bağlı atdığı sonuncu addım Ermənistan üçün gözlənilməz oldu. Hesablamalara görə, Rusiyanın təbii qazın qiyməti ilə bağlı tələb etdiyi bahalaşma ən azı 640 min erməni ailəsinin sosial vəziyyətinin pisləşməsi deməkdir. Əhali ölkədə bununla əlaqədar ərzağın qiymətinin də artacağından da narahatdır. Erməni iqtisadçılar isə həyəcan təbili çalırlar. Bildirilir ki, qazın qiymətinin artırılması ölkədə həm də yeni etiraz dalğasının başlamasına səbəb olacaq. Son vaxtlar ictimai etirazlar əsasən ölkəni tərk etməklə və şikayətlərlə ifadə olunurdusa, bundan sonra vətəndaş itaətsizliyi ilə müşahidə olunacağı istisna edilmir. Artıq sosial şəbəkələrdə qazın qiymətinin artmasına qarşı etiraz çağırışları başlayıb. Erməni ekspertlər bildirirlər ki, mavi yanacağın qiymətinin artırılması ölkədə istehlak mallarının, nəqliyyat xərclərinə, elektrik enerjisinin və ən əsası ərzağın qiymətinə təsirsiz ötüşməyəcək.