Şəhidlik zirvəsindən boylanan qəhrəman Sehran Hadisə

Şəhidlik zirvəsindən boylanan qəhrəman Sehran

23 fevral 1993-cü ildə Biləsuvar rayonunun Nəsimi kəndində dünyaya göz açan Sehran Vəliyev 44 günlük haqq savaşımızda minlərlə qeyrətli oğul kimi Vətənini canından üstün tutdu. Belə ki, 30 il yağıya əsir düşən Qarabağımızın azadlığı naminə odlardan, alovlardan keçərək son damla qanına qədər yağıya qarşı döyüşdü. Öz şərəfli ölümü ilə adını şanlı tariximizə yazdı. Ölümündən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif edilən "Vətən uğrunda", Füzulinin və Qubadlının azadlığına görə medalları isə Sehranın hünər dastanına daha bir şərəf qatdı.

Keçdiyi rəşadətli döyüş yolunun hər səhifəsi fədakarlıqla, mərdliklə, qürur doğuran məqamlarla dolu olan Sehran Nizami oğlu Vəliyev doğma Azərbaycana məhəbbət, işğalçı erməni quldurlarına qarşı nifrət hissi ilə yetkinlik yaşına çatır. Orta təhsilini başa vurub Vətən torpağını qorumaq, ən əsası mübarizliklə düşmənə qalib gəlmək amalı onu 2011-ci ilin aprelində mərdlik-kişilik məktəbi olan ordu sıralarına aparır. Dövlət Sərhəd Xidmətində müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirir. Hər işdə bacarığı, şəxsi igidliyi və Vətənə olan dərin sevgisi əsgər Sehrana hörmət qazandırır. Doğma yurduna, torpağına əsl oğul olmağını göstərməklə 2012-ci ildə hərbi xidmətini müvəffəqiyyətlə bitirib, başıuca doğma kəndinə qayıdır. Qaldı ki, canına yağı dadanmış yurdunun çətin günündə evdə heç cür qərar tutmur. Belə bir vaxtda öz yerini yalnız cəbhə bölgəsində- düşmənə qarşı döyüşdə görür.

Sehran yenidən hərbiyə yazılır. Cəbhə bölgəsində xidmətə başlayır. Bütün hərbi təlimlərdə fərqlənir və yağıdan alacağı öcə hazırlaşır. İgidliyini, mərdliyini, dürüstlüyünü görüb 2016-ci ildə ona gizir rütbəsi verilir. Sonra kəşfiyyat manqasının komandiri kimi məsuliyyətli bir iş Sehrana tapşırılır. Ürəyi Vətənlə döyünən igid həm də Silahlı Qüvvələrin təlim və tədris mərkəzində (TTM) iki aylıq "fəaliyyət göstərən qoşun kəşfiyyatı taqım komandirinin müavini-qrup komandiri" kursunu da mükəmməl qaydada keçir. "N" saylı hərbi hissəyə təyinat alır və kəşfiyyat manqasının komandiri olur. Hərbin sirlərinə yüksək səviyyədə yiyələndikcə ona inam da artır. Üç il nümunəvi xidmətdən sonra Sehrana kəşfiyyat taqımının komandiri vəzifəsi etibar olunur.

Nəhayət, 27 sentyabr 2020-ci ilin 27 sentyabrında Vətən, torpaq uğrunda canından-qanından keçməyə hazır olan Sehran illərlə ürəyində gəzdirdiyi istəyinə çatır. Müharibənin ilk günü ən qaynar nöqtələrdə gedən döyüşlərə qatılır. Füzuli, Ağdərə, Qubadlı istiqamətindəki ağır əməliyyatlarda xüsusi qəhrəmanlıq göstərir. Düşmən üzərində qazandığı qələbələrlə adı iftixarla çəkilir. Oktyabrın 2-də Füzulidən çıxıb Cəbrayıl istiqamətində yaxın təmasda gedən ölüm-dirim savaşında 20-dən çox erməni dığasını məhv etdikdən sonra özü də hər kəsə qismət olmayan ən ali mərtəbəyə yüksəlir.

Bəli, Azərbaycan, eləcə də dünya hərb tarixində möhtəşəm yeri olan 44 günlük haqq savaşımızda öz qan bahasına qələbəni bizə bəxş edən qəhrəman Vətən övladların ömrü əbədidir. Zəfər şəhidi Sehran Vəliyev də belə...

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü