Sülh prosesinə töhfə: etimad mühiti möhkəmlənərsə… Gündəm

Sülh prosesinə töhfə: etimad mühiti möhkəmlənərsə…

Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyişlər əldə olunur. Azərbaycandan Ermənistana neft ixracı da bu prosesə dəstək verən səbəblərdən biridir. Belə ki, məlumatlara görə, 2025-ci ilin sonundan Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü başlayıb. Bu proses davam etdirilərək bir neçə gün öncə 1742 ton Aİ-95 markalı benzin və 956 ton dizel olmaqla, ümumilikdə, 2 698 ton yük Biləcəri stansiyasından Ermənistana göndərilib.

Həmçinin 979 ton Aİ-92 markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Bu çərçivədə millət vəkilləri, politoloqlar Ermənistana göndərilən yanacağın sülh gündəliyinə təsiri haqqında fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.

“Neft məhsullarımızın Ermənistana ixracı mühüm inkişafdır”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib ki, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, iki ölkə arasında sülh gündəliyi çərçivəsində baş tutan mühüm bir inkişafdır: “Ümumiyyətlə, bu ticarət əlaqələrinin normallaşması və regional inteqrasiyanın güclənməsi istiqamətində atılan ilk addımdır. İşğal dövründən bəri qadağan olan tranzit daşımaların bərpası, normal münasibətlərə doğru irəliləyişdir. Neft məhsullarının tranziti, bölgədə iqtisadi əməkdaşlığın və inteqrasiyanın genişlənməsinə xidmət edəcəkdir. Xüsusilə neft məhsullarının Gürcüstan üzərindən tranziti, Qafqazda nəqliyyat və logistika dəhlizlərinin əhəmiyyətini artırır. Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişə böyük etimad uçurumu yaratmışdı. Artıq neft və neft məhsulları kimi strateji əhəmiyyətli məhsulların ticarəti tərəflər arasında siyasi sabitlik və etimad artıracaqdır. Düşünürəm ki, bunun davamı olaraq Azərbaycan qazının Ermənistana nəqli müzakirə ediləcək”.

“İlk növbədə iqtisadi əlaqələri bərpa etməliyik”

Deputat həmçinin bildirib ki, digər tərəfdən də Azərbaycandan neft və neft məhsullarının idxalı Ermənistanda yanacağın qiymətini ucuzlaşdıra bilər: “Elə qarşı tərəfdə cəmiyyətin gözləntisi də budur. Bir sözlə, əgər biz regionda sülh və sabitlik istəyiriksə, ilk növbədə iqtisadi əlaqələri bərpa etməliyik, bunu da yavaş-yavaş reallaşdırırıq. Çünki Ermənistanla imzalanan hər hansı bir sənəd elə kağız üzərində də qala bilər, amma bərpa olunmuş iqtisadiyyat münasibətlər siyasi sabitlikdə hər zaman daha faydalı olacaq”.

“Yanacaq təchizatı sülh gündəliyinə dəstək verə bilər”

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli söyləyib ki, Ermənistana göndərilən yanacaq kontekstdən asılı olaraq sülh gündəliyinə həm müsbət təsir göstərə bilər: “Humanitar və iqtisadi ehtiyacların qarşılanmasına yönəlmiş addım kimi təqdim edildikdə bu, gərginliyin azalmasına, etimadın formalaşmasına və dialoq üçün daha sakit mühitin yaranmasına töhfə verə bilər. Xüsusən də enerji təminatının sabitləşməsi sosial narahatlıqları azaldaraq siyasi proseslərə diqqətin artmasına imkan yarada bilər”.

Onun bildirdiyinə görə, təsirin müsbət olması üçün addımın humanitar xarakteri açıq vurğulanmalı, beynəlxalq normalara uyğun və şəffaf şəkildə icra olunmalı, paralel olaraq siyasi dialoq və etimad quruculuğu tədbirləri ilə müşayiət edilməlidir: “Bu şərtlər daxilində yanacaq təchizatı sülh gündəliyinə dəstək verən praktik vasitəyə çevrilə bilər”.

Mərhələli proses

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova qeyd edib ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan-Ermənistan münasibətlərində mövcud mərhələnin mahiyyətini olduqca dəqiq və korrekt şəkildə ifadə edir: “8 avqustdan bu yana elə də böyük zaman məsafəsi keçməsə də, artıq praktik nəticələrin mövcudluğu tərəflərin de-fakto sülh şəraitində yaşadığını göstərir. Hazırda biz sülhün nə demək olduğunu mərhələli şəkildə öyrənirik. Uzun illər iki ölkə və iki xalq arasında münasibətlər qopuq olub, etimad isə faktiki olaraq mövcud deyildi. Bu vəziyyəti dəyişmək üçün yalnız siyasi iradə kifayət etmirdi, eyni zamanda, cəmiyyətlər arasında ilkin təmaslar, iqtisadi münasibətlərin ilk nümunələri formalaşmalı idi. SOCAR tərəfindən yerli mənşəli neft məhsullarının ilk dəfə Ermənistana ixrac edilməsi məhz bu mərhələli və təmkinli yanaşmanın nəticəsidir. Bu prosesdə Ermənistanın özəl sektorunun da iştirak etməsi təsadüfi deyil. Dövlət və özəl tərəfdaşlığın paralel şəkildə cəlb olunması son dərəcə ağıllı və praqmatik yanaşmadır”.

Kommersiya xarakteri

Ş.Həsənovanın sözlərinə görə, təsadüfi deyil ki, bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyan məsələni yüksək qiymətləndirərək Azərbaycan Prezidentinə təşəkkürünü ifadə etdi: “Azərbaycanın neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakteri daşıyır və bu, heç bir halda Bakının prinsipial mövqeyinin yumşalması kimi dəyərləndirilə bilməz. Hazırda de-yure sülh müqaviləsi mövcud deyil və onun imzalanması üçün Azərbaycanın şərtləri bəllidir. Benzin və digər neft məhsulları heç bir güzəşt olmadan, beynəlxalq bazar qiymətlərinə uyğun şəkildə satılır. Burada imtiyazdan və ya siyasi jestdən söhbət gedə bilməz. Azərbaycan bu addımla həm enerji tədarükünü şaxələndirir, həm də regionu iqtisadi mərkəzə çevirmə strategiyasını davam etdirir. Ermənistanın illərdir bu məhsullara ehtiyacı var idi. De-fakto sülh gündəliyi çərçivəsində həyata keçirilən bu ixrac hər iki tərəfə iqtisadi və siyasi dividendlər qazandırır. Söhbət cəmiyyət üçün həyati əhəmiyyət daşıyan ilkin tələbat məhsullarından gedir”.

Politoloq hesab edir ki, bu proseslər, eyni zamanda, etimad quruculuğuna xidmət edir və gələcəkdə de-yure sülhün əldə olunmasına fundamental zəmin yaradır:
“Bu addımlar iki dövlətin, iki xalqın və iki cəmiyyətin iqtisadi mübadilədə nə qədər uğurlu ola biləcəyini ölçən real meyardır. De-yure sülh əldə edildikdən və digər regional layihələr reallaşdıqdan sonra mövcud razılaşmalara yenidən baxılması mümkün ola bilər”.

İqtisadi əməkdaşlığın inkişafı

Politoloq Zeynal Əmrəliyev bildirib ki, Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsi iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş mühüm addımdır: “Bu proses etimad mühitinin yaradılması və sülh müqaviləsinin imzalanması üçün zəruri addımdır. Vaşinqtonda artıq sülh müqaviləsi paraflanıb və növbəti mərhələ onun rəsmi imzalanmasıdır. Lakin bu mərhələyə keçməzdən əvvəl siyasi və iqtisadi əlaqələrin normallaşması, etimadın formalaşması vacibdir. Ekonomik addımlar siyasi etimadın güclənməsinə xidmət edir. Ermənistan artıq Azərbaycan neftinin ixracına başlayıb, paralel olaraq Azərbaycandan da Ermənistana məhsulların göndərilməsi mümkündür”.

Z.Əmrəliyev qarşılıqlı ticarət dövriyyəsinin formalaşdığını və iqtisadi əlaqələrin inkişaf etdiyini bildirərək əlavə edib ki, bu addım həm hökumətlər, həm də xalqlar arasında münasibətlərin yaxınlaşmasına kömək edəcək: “Bu proses kommersiya xarakterli olsa da, sülhün əldə olunması prosesinə də töhfə verir. Etimad mühiti formalaşarsa, iki ölkə arasında daha geniş ticarət əlaqələri qurula, fərqli sahələrdə əməkdaşlıq imkanları inkişaf edə bilər. Hazırda Azərbaycan neftini göndərir və yaxın gələcəkdə Ermənistandan Azərbaycana məhsul ixracının da şahidi olacağıq. Ermənistan mediasında bununla bağlı məlumatlar artıq paylaşılır. Bu addımlar həm etimad mühitinin yaradılmasına, həm də iki ölkə arasında münasibətlərin normallaşmasına real dəstək verir”.

Günel