Prezidentin dostu: Hər an öldürülə bilən general Dustum Dünya

Prezidentin dostu: Hər an öldürülə bilən general Dustum

Bir ildən artıqdır Türkiyədə müalicə adı altında mühacir həyatı yaşayan Əfqanıstanın vitse-prezdenti və ölkədəki etnik özbəklərin lideri general Əbdül Rəşid Dustum iyulun 22-də Əfqanıstana qayıdıb. Həmid Kərzayi adına Kabul Beynəlxalq Hava Limanında onu qarşılamağa minlərlə insan gəlib ki, onlar arasında yüksək vəzifəli dövlət məmurları da olub.
Dustumun təhlükəsizliyinin təmin olunması üçün bir sıra tədbirlər görülsə də general zirehli avtomobilinə əyləşən kimi ərazidə çox güclü partlayış baş verib. Xoşbəxtlikdən Dustum bu terrordan sağ qurtula bilib. Buna rəğmən çoxlu sayda polis və mülki vətəndaş həyatını itirib.
Bəs görəsən Əfqanıstanın dünyaca məşhur hərbi-siyasi lideri olan Əbdül Rəşid Dustum kimdir və əfqan hökuməti onunla niyə gah küsüb, gah barışır?
Bu istiqamətdə suallarını cavablandıran Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Dustum hərbçidir və Əfqanıstan ordusunda divizya komandiri vəzifəsinədək yüksəlib:
"Bu həmin vaxtlar idi ki, sovetyönümlü rejim hələ də Əfqanıstanda hakimiyyətdə idi. Məhəmməd Nəcibulla Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Dustum daha da irəli çəkilir və ona general rütbəsi verilir. O, Nəcibullanın hərbi elita içərisində əsas adamlarından biri olur. 1992-ci ildə Nəcibulla hakimiyyətdən devriləndən sonra Dustum tabeliyindəki silahlı birlikləri ölkənin şimalına çəkərək burada faktiki müstəqil idarə olunan "Dustumistan`` adlı bir dövlət yaradır. Özünü ölkənin ali rəhbəri elan edib öz hökumətini qurur.
Onun öz nazirləri, yaxşı pulu və 65 min nəfərlik güclü silahlanmış ordusu olur. Dövlətin paytaxtı və Dustumun iqamətgahı isə Məzari-Şərif şəhəri idi.
Taliblər Əfqanıstanı ələ keçirdikdən sonra onun qurduğu dövlət dağılır, özü isə xaricə mühacirət edir. ABŞ başda olmaqla Qərb dövlətləri taliblərə qarşı əməliyyata başladığı zaman Dustum da ölkəsinə dönür və taliblərə və "Əl-Qaidə"yə qarşı silahlı dirənişə öncüllük edir".
Z.Əmrəliyev qeyd edib ki, "Taliban" devriləndən sonra Dustum ən böyük siyasi oyunçulardan birinə çevrilir:
"Çünki onun sabit tərəfdarları var. Əfqanıstandakı etnik özbək əhalisi Əbdül Rəşidi özlərinin lideri sayır və ona çox güvənir. Onun ordusu da bütünlüklə özbəklərdən təşkil olunub. Hər dəfə seçkilərin taleyi demək olar ki, ondan asılı olur. Namizədlər onun dəstəyini almaq üçün dəridən-qabıqdan çıxırlar.
2014-cü ildəki seçkilərdə hazırkı prezident Əşrəf Qani seçkilərdə qələbəsini təmin etmək üçün əvvələr müdhiş qatil adlandırdığı Dustumla siyasi ittifaqa girərək onu vitse-prezident vəzifəsinə təyin etdi. Ancaq Qaninin administrasiyasına nəzər saldıqda aydın sezmək olur ki, onun komandasındakılar Dustumu sevmirlər və ondan qurtulmağa can atırlar. Lakin bu da bir qədər çətindir. Çünki onun nüfuzu və gücü çox böyükdür. Əgər dəstəyini çəksə Qaninin prezidentliyi 2019-cu ildəki seçkilərdə sona çatacaq. Elə buna görə də o, yenidən vəzifəsinə dəvət edildi".
Ekspert əlavə edib ki, general həm də Türkiyə tərəfindən çox güclü şəkildə dəstəklənir:
"Rəcəb Tayyib Ərdoğan hökuməti məhz onun vasitəsilə Əfqanıstanda rəsmi Ankaranın maraqlarını təmin etməyə səy göstərir. Elə buna görə də üzərinə hücum olunan vitse-prezidenti Ankaraya çağırıb orda qonaq edirdilər. Məlumata görə, onun Ərdoğanla şəxsi dostluq münasibəti var. Həqiqətən də o, Ankarada Ərdoğan tərəfindən çox səmimi qarşılanmışdı. Zənnimcə, Əşrəf Qani üçün ən gözəl variant Əbdül Rəşid Dustumla dil tapıb hakimiyyətdə qalmaqdır.
Təbii ki, o, siyasi rəqib gözündə gördüyü müavinini vurmaq üçün hər zaman tətikdə olacaq. Ancaq bunun üçün fürsətin əlinə düşüb-düşməyəcəyini isə zaman göstərəcək. Hazırda bilinən budur ki, Dustumun yox edilməsi əməliyyatı Əfqanıstanda yeni və çox böyük siyasi gərginliyə, hətta yeni bir vətəndaş müharibəsinə səbəb ola bilər".