İŞİD-in “İslam xilafəti” təhlükəsi Dünya

İŞİD-in “İslam xilafəti” təhlükəsi

"Bütün bəşəriyyət səfərbər olub, din adı ilə insan qanı tökən terrorçuluğa qarşı mübarizə aparmalıdır"

Cavid

İraq və Şamın İslam Dövləti (İŞİD) nəhayət Suriya və İraqda tutduğu ərazilərdə "xilafət" və ya İslami dövlət yaratdığını elan edib.
Beləliklə, indi artıq təşkilatın adındakı İraq və Şam, yəni Suriya sözlərinə ehtiyac yoxdur və hərəkat bundan sonra, sadəcə İslam Dövləti adlanacaq. Təşkilat həmçinin öz lideri Əbu Bəkr əl-Bağdadini "xəlifə" elan edib. İslam Dövləti təşkilatı bütün dünya müsəlmanlarını - ümməti, hətta düşmən qruplaşmalar da daxil olmaqla xəlifəyə itaət və sədaqətə çağırıb.
İslamçılar bütün Yaxın Şərq, Şimali Afrikanın bir hisəsi və başqa ərazilərə hakim olan 1400 yaşlı xilafəti dirçəltmək barədə çoxdan düşünürdülər.
Terrorçu təşkilatın bəyanatında onların, həmçinin yeni "dövlət"lərinin adını dəyişərək, "İslam Dövləti" adlandırdıqları da bildirilir. Qeyd edək ki, əsas hədəfi Yaxın Şərqin şiə şəhərlərini ələ keçirmək olan terrorçuların hazırkı məqsədi Bağdadı nəzarətə götürüb İraq dövlətinin varlığına son qoymaqdır. Maraqlıdır ki, görünməmiş qəddarlıqlar törədən təşkilatın bu hərəkətləri İslam ideyalarının dünyada sürətlə yayılmağı, özünə dayaq tapmağa başladığı bir dövrdə baş verir. Görünür, maraqlı qüvvələr bu prosesin qarşısını almaq üçün İslamın gözdən salınmasını ilkin hədəf kimi götürüblər. Və bu məqsədlə İŞİD-dən istifadə edirlər.
Əlbəttə, onların iyrənc vəhşiliklərini müşahidə edən böyük əksəriyyət xilafət adına iddia edən bu başkəsənləri qəbul etmir. Amma bu da bir həqiqətdir ki, arxasında nəhəng güc mərkəzlərinin durduğu İŞİD və onun məqsədli vəhşiliklərindən sonra bir sıra insanlarda "İslam" sözü qorxu hissi yarada bilib.
Xatırladaq ki, ciddi İslam qaydaları ilə idarə edilən xəlifəlik çoxsaylı cihadçıların əsas məqsədi olub.
Osmanlı imperiyası ilə birlikdə tarixə qovuşan xilafəti diriltməyə çalışan İŞİD-in sözçüsü Əbu Məhəmməd əl Adnani "Twitter"dəki səhifəsində yaydığı videoyazıda yalnız Suriya və İraqdakı deyil, bütün dünyadakı cihadçı qrupların İŞİD-ə bağlılığını elan etməyə çağırıb: "İslam Dövləti Şurası toplanıb və xilafət məsələsini müzakirə edib. Toplantıda İslam dövləti, İslam xilafəti qurulması və müsəlmanların dövləti üçün bir xəlifə təyin olunması qərara alınıb". O "Bu bir dövlətdir, bu bir xilafətdir və artıq parçalanma və çirkin oyunları bir kənara buraxmağın zamanı gəlib. Çünki Allahın dinində əsla belə bir şey yoxdur. Əgər dövlətə arxa çevirər, ya da ona qarşı savaş açsanız, ona deyil, yalnız özünüzə zərər vermiş olarsınız" - deyə bildirib.
Əl Adnani "İraq Şam İslam Dövləti" adından "İraq" və "Şam" sözlərinin də çıxarıldığını, təşkilatın yeni adının "İslam Dövləti" olduğunu bəyan edib.
İŞİD-in xilafət yaradıldığını elan etməsindən dərhal sonra İsrail İraqda sünni qiyamçıların dövlət yaratmasına cavab olaraq kürdlərə dövlətlərini yaratmağa çağırıb.
İŞİD İraqdakı işğalların ardından Suriyada da fəallaşmağa başlayıb və oradakı islamçı qruplarla təşkilat arasında qarşıdurmanın şiddətləndiyi bildirilir. İŞİD İraq sərhədindən Suriya paytaxtı Dəməşqə qədər uzanan bölgənin müxtəlif yerlərində "Əl-Qaidə" ilə əlaqəli "Əl-Nusra cəbhəsi", Suriya müxalifəti, eləcə də digər islamçı qruplara qarşı döyüşləri davam etdirir. O da bildirilir ki, təşkilat İraqda əldə etdiyi silah və hərbi texnikanı Suriyaya daşıyır.
Bəs xilafət nədir? Ərəbcə "xilafət" "xəlifin hökuməti" kimi başa düşülür. Xilafət ilk dəfə olaraq 7-ci əsrdə İslamın banisi Məhəmməd peyğəmbərin ölümündən sonra yaradılıb.
"Xəlif" sözü ərəbcə həm də Məhəmmədin "xələfi" kimi interpretasiya olunur. Xəlifə tarixən dövlətin həm dini, həm də siyasi rəhbəri olub. Xəlifəyə həmçinin "əmir əl-möminin" - "möminlərin əmiri" və ya komandanı adı ilə müraciət ediblər.
Onu da bildirək ki, Raşidi xilafəti (632-661) ilk xilafət olub və Məhəmməd peyğəmbərin ölümündən sonra yaradılıb. Raşidilər - ilk dörd xəlifəyə - Əbubəkr, Ömər, Osman və Əliyə verilən addır, "rəşidin" sözünün mənası isə "mükəmməl", düzgün olan vəkildir.
Bu dörd xəlifədən sonra xilafətin taxtına Əməvilər (661-750), Abbasilər (750-1258) kimi müxtəlif sülalər yüksəlib. Xilafət Monqol istilası zamanı son dərəcə zəifləyib və 1453-1923-cü illər arasında Osmanlı İmperiyasının nəzarətinə keçib. Xilafəti 1924-cü ildə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk ləğv edib.
Bundan sonra edilən cəhdlərə baxmayaraq, müsəlman ərəb liderləri arasındaklı ixtilaflar üzündən xilafəti bərpa etmək mümkün olmayıb.
Xəlifə məsələsi İslam dünyasında tarixən parçalanmaya səbəb olub. Bu gün bir çox şərhçilər bu qənaətdədirlər kli, İŞİD İraqda ələ keçirdiyi ərazilərdə xilafət quraraq onun coğrafiyasını da daha da genişləndirməyə çalışacaq.
İngilis şərqşünas Kerstenin fikrincə, İŞİD tezliklə Yaxın Şərqdəki sərhədləri sual altına alaraq "əsl, xalis və alternativ siyasi İslam sistemi"ni irəli sürəcək:
"Xilafət elan etməklə onlar öz ərazilərini hazırda beynəlxalq sistemin qərar tutduğu "millət-dövlət" modelindən fərqli bir siyasətlə idarə etmək istəyirlər".
Kersten deyir ki, xilafət haqqında bəyanatın məhz indi, müqəddəs Ramazan ayının başlanğıcında verilməsi də təsadüfi sayılmamalıdır: "Bu ay bütün müsəlmanların ən güclü dindarlıq hisslərini nümayiş etdirdikləri vaxtdır".
Lakin Yaxın Şərqdə yəqin ki, çox az adamlar İŞİD-in xilafətini salamlayacaq. Ekstremist təşkilatın xilafət bəyanatı beynəlxalq cihadçı hərəkatı, hətta əl-Qaidənin gələcəyini də təsirləndirə bilər. Əl-Qaidə vaxtilə Suriyadakı İŞİD liderləri ilə bütün əlaqələrini kəsib.
Əl-Qaidə uzun illər "beynəlxalq cihadın çələngini" daşıyıb. Lakin İŞİD Suriya və İraqda əl-Qaidənin heç vaxt edə bilmədiyi işi görə bilib - Yaxın Şərqdə böyük bir əraziyə sahiblənib.
Kerstenə görə, İŞİD-in bəyanatı həmçinin Körfəz dövlətlərinə, ilk növbədə Səudiyyə Ərəbistanına birbaşa meydan oxumaqdır: "Səudiyyə Ərəbistanı vaxtilə İŞİD kimi təşkilatları dəstəkləsə də, bu addımı xoş qarşılamadı, çünki Səudiyyə kralları özlərini "iki müqəddəs məscidin (Məkkə və Mədinənin) xidmətçisi" adlandırılar. Bu, başqa sözlərlə, elə xəlifə tituluna uyğun gəlir".
İlahiyyatçı alim, fəlsəfə doktoru Hacı Elşən Mustafaoğlu bildirib ki, əslində, Əməvi, Abbasi, Osmanlı xilafətləri də belə kütləvi qırğınlarla, qanla ərsəyə gəlmiş, yüzillərlə davam etmişlər. Onlar "İslam xilafəti" adı ilə diktatura, totalitarizm, təcavüzkarlıq və işğalçılığa bulaşıblar. Görünür, İŞİD orta əsrlərin həmin tendensiyasının müasir təzahür formasıdır. Geniş maliyyə imkanlarına, hərbi qüvvəyə, ən müasir silahlara və xarici dəstəyə - havadarlara arxalanan bu cinayətkar terror qruplaşması bütövlükdə bəşəriyyət, ilk növbədə isə elə İslam aləmi üçün ciddi təhlükədir. Bütün bəşəriyyət səfərbər olub din adı ilə insan qanı tökən terrorçuluğa qarşı mübarizə aparmalıdır. Belə olmazsa, yeni "İslam xilafətinin" hələ uzun müddət yaşaması və ərazilər işğal etməsi, qanlar axıtması mümkün ola bilər: "Zənnimcə, "İslam xilafəti" adı ilə tarixə düşmüş quruluşların hamısı bu və ya başqa şəkildə qüsurlu və bəşəriyyətin dinc yaşaması, inkişaf etməsi baxımından təhlükəli olub. Təsəvvür edirsizmi, xəlifələr hakimiyyətə gəlmək və hakimiyyətdə qalmaq naminə doğma övladlarını, atalarını, qardaşlarını məhv etmişlər. Yəni qan tökmək "İslam" adı ilə hökmranlıq edən xilafətlər üçün ənənəvi bir haldır. Bu baxımdan İŞİD həmin ənənənin davamıdır, sadəcə, bu fərqlə ki, qədimdəkilər daxili resurslar hesabına güc mərkəzinə çevrilə, hakimiyyətə gələ və hakimiyyətlərini davam etdirə bilmişlər, İŞİD isə güclü xarici dəstək hesabına. Yəni keçmişdəki xilafətlər əsas etibarilə sülalə xarakterli olmuşlar, indikilərin isə ipi kənar qüvvələrin əlindədir".
İŞİD-in Kəbəni dağıdacağı ilə hədələməsinə də münasibət bildirən E.Mustafaoğlu bildirib ki, "İslam xilafəti" iddiasında olanların günümüzdə Kəbəni dağıtmaq istəməsi inandırıcı deyil: "Kəbəni niyə dağıtsınlar ki? Amma onlar dinc insanların evinə basqın edib, evdəki dinc insanları tutub başlarını kəsirlər. Bax, bu qətllər heç də Kəbəni dağıtmaqdan kiçik günah deyil. Allah-taala Quranda öyrətdiyi kimi, bir günahsız insanı öldürmək bütün bəşəriyyəti öldürmək kimidir. İŞİD bu gün əqidə təftişi aparır, özləri kimi inancsız insanlara tabe olmayanları amansızlıqla qətlə yetirirlər. Bu cinayətlər dünyaya nə vəd edir? Təəssüf ki, belə vəhşiliklərin müqabilində dünyamız, sadəcə, seyrçi mövqeyi tutub və elə bir ciddi reaksiya müşahidə olunmur. Bundan çıxış yolu bütün bəşəriyyətin səfərbər olub, terrorçuluğa, işğalçılığa, təcavüzkarlığa, irticaya, xurafata, mövhumata, radikallığa, ekstremizmə qarşı qətiyyətlə mübarizə aparmasında görürəm. İnsanlıq naminə, insanların dinc yaşaması naminə, dünyada sülh və əmin-amanlığın bərqərar olması naminə".