İşğalçı ölkədə seçki davası Dünya

İşğalçı ölkədə seçki davası

Ermənistanda növbədənkənar parlament seçkilərinə az vaxt qalıb. İşğalçı ölkədə siyasi vəziyyət gərginləşib. Paşinyan və onun əleyhədarları arasında savaş açıq müstəviyə keçib. Konfliktoloq Əvəz Həsənov bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkilərinə 11 partiya qoşulub və onlar arasındakı debatlar onu göstərir ki, seçkilərdə inqilabın qalibi olmuş "Mənim addımım" bloku ilə "Respublikaçılar" partiyası arasında çox gərgin mübarizə gedəcək. Eləcə də "Daşnaksütyun" da iddialı sayılır. Seçkiyə qoşulan partiyalardan 4-ü 2018-ci ildə, demək olar ki, sentyabrdan bu yana yaradılıb. Qısa müddətdə yaranmış və Nikol Paşinyanın ətrafında fəaliyyət göstərən kiçik partiyaların da ola bilsin, parlamentdə bir və ya iki yerə ümidləri var. Nəticələr barədə danışmaq çətindir, çünki faktiki olaraq seçkiqabağı kampaniyanın müddəti çox qısa oldu. "Respublikaçılar" faizlərini saxlaya bilər, "Daşnaksütyun"un isə lazımi səs alacağı proqnozlaşdırılmır, "Çiçəklənən Ermənistan" partiyası da müəyyən səs alacaq. Yeni yaranmış "Xristian demokratlar" və millətçi "Sasna çrer" partiyalarının da ola bilsin, parlamentə az səslə keçməsi mümkün olsun. Favorit Paşinyanın partiyasıdır, o, istədiyi faizi ala bilməzsə də, parlamentdə çoxluğu ələ keçirə biləcək.
Konfiiktoloq onu da qeyd edib ki, Paşinyan xeyli müqavimət göstərdi, lakin təzyiqlərdən sonra istefa verərək, növbədənkənar seçkilərə getməyə razılıq verdi: "Çünki Paşinyan parlamenti tam olaraq ələ keçirə bilmirdi, öz gücünə əmin deyildi, kadrları yoxdu. Onun ətrafında və partiyasında parlamentin 120 mandat üçün irəli sürə biləcəyi namizədləri yox idi. Ancaq özünün şəxsi reytinqi yüksək idi, fikirləşirdi ki, bu şəxsi reytinqi necə siyasi kapitala çevirsin. Parlamentdə onu siyasi kapitala çevirmək imkanı yox idi. Ona görə də təzyiqlər edirdi, parlamenti təhrik edirdi, Ermənistanda parlamentdə olan bəzi partiyalarla dil tapdı, danışıqlara getdi. O, başa düşür ki, şəxsi reytinqini siyasi kapitala çevirmək üçün əhalidən səsi almalıdır. Şərait onun xeyrinədir".
Onun fikrincə, ümumiyyətlə, Paşinyanın Ermənistanın idarəetmə strukturunda güclü nüfuzu yoxdur. Seçki ərəfəsində bir neçə şəhərlərə səfər elədi, o zaman özünün təyin elədiyi qubernatorlardan xalq ona şikayət edirdi. Yeni kadrlarından xalq razı deyil. Paşinyanın özündən razılıq fərqlidir, onun təyin etdiyi kadrlara münasibət fərqlidir. Paşinyanın güclü komandası yoxdur və seçkidən sonra onun güclü komandasının olub-olmayacağını demək çox çətindir. O, güclü komanda yığmaq iqtidarında deyil. Ermənistanda dövlət strukturlarında bişmiş bütün insanlar "Respublikaçı"ların ətrafındadırlar. Vəzifədə qalsalar da, tam olaraq Paşinyana işləmirlər, inanmırlar ki, Paşinyan onların maraqlarını doğrulda bilər. Çünki Paşinyan köhnə məmurları ittiham edir. Bu məmurların bir-birdən ona rəğbət bəsləməsini gözləmək çox çətindir.
Ə.Həsənovun fikrincə, Ermənistanda idarəetmə üsulunu dəyişmək üçün referendum olmalı, təzyiqlər göstərilməlidir. İndiki vəziyyətdə inandırıcı görünmür. Paşinyan prezident funksiyasının onun partiyasından olan adama verilməsini istəyir. Yəni onun yenidən prezident kimi qayıtması inandırıcı deyil. Ancaq çalışır ki, indiki prezident yaxın zamanda istefaya getsin və özünün inandığı kadr prezident olsun. Çünki prezident onsuz da parlamentdə seçiləcək. Məncə, müəyyən müddətdən sonra Paşinyan prezidenti də dəyişməyə nail olacaq".
Konfliktoloq KTMT ilə bağlı Ermənistanın düşdüyü durumu da qiymətləndirib: "Faktiki olaraq, Qazaxıstan və Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı öz mövqeyindən geri çəkilmək fikri yox idi. Qazaxıstan, xüsusən, Belarus hesab edirdi ki, KTMT-də hər şey öz qaydasındadır, baş katib təyinatı təxirə salınmamalıdır. Ermənistan xahiş edirdi ki, baş katibin seçilməsi seçkilərdən sonraya təxirə salınsın. Məncə, seçkilərdən sonra KTMT-nin iclası keçiriləcək və Belarusun namizədi təsdiq olunacaq. İndiki halda Paşinyan üçün Belarusun namizədinin təyin olunması ciddi zərbə olardi. Paşinyan seçkiyə qədər bu situasiyanın Ermənistanın diplomatik uğursuzluğu kimi görünməsini istəmirdi, seçkidən sonra bunun bir o qədər əhəmiyyəti olmayacaq, çünki artıq seçkini udacaq. Rusiyapərəstlər bunu Paşinyana qarşı güclü silah kimi istifadə edə, hətta seçicilər arasında "Respublikaçılar"ın reytinqini artıra bilərdilər. Ancaq Rusiya bunu etmədi. Paşinyana dolayısı ilə seçkini rahat keçirməyə imkan verdilər".
Ə.Həsənov Qarabağdakı qondarma respublikanın rəhbəri Bako Saakyanla bağlı Paşinyanın planına da aydınlıq gətirib: "Paşinyan Saakyandan qurtulmaq istəyir. Ancaq şərait elə gətirib ki, onun Bako Saakyandan qurtulmaq imkanları məhdudlaşdı. Ermənistan siyasətinin Dağlıq Qarabağda təsiri güclü olsa da, Qarabağ özünü bir az fərqli, xüsusən Rusiyaya yaxınlığı ilə fərqlənən ictimaiyyət kimi aparır, ona görə də inanmıram ki, asanlıqla Saakyandan yaxa qurtarsın. Qarabağın özündə Paşinyanın arxalana biləcəyi siyasi lider çox azdır. Kənardan ora girmək, kimisə ora göndərib prosesi dəyişmək çətin olacaq. Ən azı Qarabağ klanının Ermənistanın xarici siyasətinə təsiri uzun müddət qalacaq. Çünki Ermənistanın xarici siyasətində Qarabağ faktoru böyük rol oynayır. Həm də Qarabağ konflikti təkcə Ermənistan və Azərbaycanın daxili siyasəti deyil axı. Burada Rusiya, ATƏT-in Minsk Qrupu faktorları var. Paşinyan üçün Dağlıq Qarabağ bölgəsi ilə bağlı siyasət tam aydın deyil. Mənə elə gəlir ki, heç seçkidən sonra da aydın olmayacaq. Qarabağ klanı, xüsusən Robert Köçəryan və Serj Sərkisyan öz güclü təsirlərini saxlayacaqlar. Ermənistan elə cəmiyyətdir ki, orada eks-prezidentlərin səsi eşidilir. Qarabağdan iki sabiq prezident, nazirlər, müxtəlif strukturlarda insanlar var. Paşinyan Qarabağ klanının maraqlarını indiki vəziyyətdə siyasətdən uzaqlaşdıra bilməyəcək. Bunun üçün gərək onun özünün güclü idarəetmə bazası olsun. Onda isə hələ güclü kadr bazası yoxdur, ən azı aşağılardan başlamaq lazımdır. Bunun üçün müəyyən vaxt lazımdır. İndiki halda Bako Saakyanla münasibətləri gərginləşdirmək onun özünə sərf etməyəcək. Ona görə də bu proses dayanacaq".