ABŞ-da Türkiyə ilə bağlı “B planı” hazırlanır Dünya

ABŞ-da Türkiyə ilə bağlı “B planı” hazırlanır

Vaşinqtonda yaşanan diskussiyalarda əsas müzakirə mövzusu artıq Türkiyənin dəyişib-dəyişməməsi yox, dəyişən Türkiyəyə necə yanaşma sərgilənəcəyi ilə bağlıdır.
Bunu amerikalı ekspert Maykl Rubin "Amerikanın səsi" radiosunun Gürcüstan bürosuna müsahibəsində deyib. Onun sözlərinə görə, ABŞ-da Türkiyəni itirmək ehtimalına qarşı aktiv B planı hazırlanır:
"Ərdoğan bir zamanlar dindar nəsil yetişdirmək istədiyini söyləmişdi. O zaman üçün bu, sadəcə bir ifadə idi, amma indi onu söyləyənlər 15 ildir iqtidardadırlar. Bu gün sorulması gərəkən əsas sual Türkiyənin daha nə qədər dəyişəcəyidir. Mənim tənqidim ondan ibarətdir ki, ABŞ-da Türkiyə ilə əlaqələrin yaxşılaşdırılmasını dilə gətirənlər Türkiyəni indiki halıyla yox, keçmiş halıyla daha çox xəyal edirlər".
O, NATO-nun hazırda Türkiyə məsələsində çox həssas olduğunu deyib:
"NATO hazırda Türkiyə məsələsində həssas balans yarandığı üçün adətən barmaqlarının ucunda hərəkət edir. Bunu xatırlamaq lazımdır. NATO-da vəzifədə olan hər dörd zabitdən biri həbs edilib. Pilotların da çoxu həbs olunub. Həbs olunanların müəyyən bir hissəsinin çevriliş, burada olan din adamlarıyla əlaqəsi yoxdur. Bu şəxslərin şübhə altında olmasının əsas səbəbi karyeralarının önəmli hissəsini NATO-da keçirmələridir. Bütün bunlar NATO daxilində Türkiyə ilə bağlı hisləri dəyişdirir".