Postsovet məkanı uğrunda yeni savaş Dünya

Postsovet məkanı uğrunda yeni savaş

Tofiq Abbasov: "Ağ ev Kiyevi artıq NATO üzvü kimi dəyərləndirib bu ölkənin strateji problemlərini Birləşmiş Ştatların nəzarətinə götürür"

Əli Orucov: "Ukrayna həm NATO, ABŞ və Aİ üçün həm də Rusiya üçün kilid ölkədir"

Ukrayna Prezidenti Pyotr Poroşenko "SNN" telekanalına müsahibəsində bildirib ki, sanksiyalar nəticə verməzsə, Ukrayna təhlükəsizlik problemlərini həll etmək üçün İsrail, Avstraliya və Filippin kimi ABŞ Konqresinə ona xüsusi statusun - NATO-dan kənar əsas müttəfiq statusunun (MNNA Major Non -NATO Ally of the United States) verilməsi ilə bağlı müraciət edə bilər. Bu barədə "UNN" agentliyi xəbər verir: "Bu, tək Ukraynanın münaqişəsi deyil, bu bütün dünya üçün böyük bir təhlükədir. Ukrayna xalqı hazırda, heç vaxt olmadığı kimi təkdir və dünya terrorçuların hərəkətlərinə düzgün cavab seçməlidir", - deyə o qeyd edib.
Prezident qeyd edib ki, təyyarə ilə bağlı hadisəyə bütün dünyanın reaksiyası bir olmalıdır: "Hər bir insan, Rusiya da daxil olmaqla hər bir ölkə terrorçularla, yaxud dünya ilə birgə olduğunu müəyyən etməlidir".
Prezident Rusiya tərəfinin guya "Boinq 777-in yaxınlığında Ukrayna qırıcısının olduğu barədə iddialarına sərt reaksiya verib. "Bu məsuliyyətsiz və yalan bir iddiadır", - deyə Poroşenko bildirib və rusiyalı ekspertlərə beynəlxalq istintaqa qoşulmağı təklif etdiyini qeyd edib...
Rusiya Prezidenti Vladimir Putin isə NATO-nun ölkəsinin sərhədlərində güclənməsinə tamaşa etməyəcəklərini deyib.
Paytaxt Moskvada təşkil edilən Təhlükəsizlik Şurası konfransında danışan Putin NATO-nun Şərqi Avropa ölkələri, Qara dəniz və Baltik dənizi ətrafında gücləndiyini bildirib. Putin NATO-nun hərbi infrastrukturunun sərhədlərinə yaxınlaşmasına eyni şəkildə qarşılıq verəcəklərini qeyd edib. NATO-nun raketdən müdafiə sisteminə də toxunan Putin, "Bizə bunun bir müdafiə etmə sistemi olduğunu bildirirlər. Qətiyyən elə deyil, bu, ABŞ-ın hücum qüvvələrinin bir parçasıdır", - deyə bildirib. NATO-nun hərbi hazırlığına diqqət çəkən Putin Krım və Sevastopol daxil olmaqla, müdafiənin gücləndirilməsi ilə əlaqədar planlaşdırılan bütün iş və hazırlıqların zamanında yetişdirilməsi barədə əmr verib.
Ukrayna ABŞ-ın NATO-dan kənar müttəfiqi olarsa bu Kiyevə hansı üstünlükləri verəcək? Vaşinqtonun belə qərar verəcəyi nə dərəcədə gözlənilir? Əgər Ukrayna ABŞ-ın vacib müttəfiqinə çevrilərsə bu Vaşinqton-Moskva qarşıdurmasının hərbi müstəviyə keçməsinə səbəb ola bilərmi?
Politoloq Tofiq Abbasov bildirdi ki, Vaşinqton artıq Kiyevin müttəfiqi qismində çıxış edir. Onun fikrincə, Amerika Senatının Ukrayna ilə daha geniş formatda hərbi-texniki əməkdaşlıq etmək barədə qərar çıxarması ondan xəbər verir ki, Ağ ev də Kiyevi artıq NATO üzvü kimi dəyərləndirib bu ölkənin strateji problemlərini Birləşmiş Ştatları öz nəzarətinə götürür: "Vəziyyətə diqqətlə yanaşdıqda aydın sezilir ki, Ukraynanın indiki hakim dairələri belə dönüşdən məmnunluq duyub anti-Rusiya koalisiyasını formalaşdırmaqda məqsədyönlü hərəkətlərə meydan verirlər. Bu isə o deməkdir ki, Amerika postsovet məkanı uğrunda yeni hərbi-siyasi partiyanın başlanmasına rəvac verdi. Malayziya təyyarəsinin məhvində Ağ ev ilk gündən Moskvanı ittiham edib çox sərt mövqe tutdu. Bu ona görə edildi ki, diplomatik müstəvidə Kreml küncə sıxılşdırılsın və Vaşinqtonun yeni koalisiya qurmaqda işləri hamar getsin".
O, həmçinin əlavə etdi ki, bu məqsədə Obama administrasiyası müəyyən mənada çata bildi: "Moskva Amerika və Qərbi Avropa tərəfindən görünməmiş tənqid, ittiham atəşinə tutulduqdan sonra isə Ağ evin himayəsində olan kəşfiyat mərkəzləri etiraf etdilər ki, təyyarə separatçılar tərəfindən vurulub, lakin Moskvanın iştrakına işarə edən işartılar yoxdur. Bu siyasi gedişin isə bir hədəfidir. Əvvəlcə günahlandırıb, sonra isə təzyiqi azaltmaq ondan xəbər verdi ki, Amerika yaranmış vəziyyətə tam hakim kəsilmək planını reallaşdıra bildi və sonradan da mütləq hakim kimi bir qədər mərhəmət nümayiş etdirdi. Bütün bunlardan sonra Ağ ev, demək olar Kremlə bildirdi ki, dünyanın ağası kimdir və birlik kimin sözünə diqqət yetirib necə davranacaq. Postsovet məkanı uğrunda mübarizənin yeni fazasına artıq start verilib. Qarşıdurma çox kəskin formalar da ala bilər".
Politoloq Ərəstun Baxşəliyev diqqətə çatdırdı ki, belə bir nümunə artıq ortada var: "Belə ki İsrail NATO dövləti olmasa da ancaq ABŞ mütəmadi şəkildə İsrailin yanında olduğunu açıqlayaraq onunla müttəfiqlik əlaqələrində olduğunu bu və ya digər formada ortaya qoyur. Düşünürəm ki Ukrayna ilə də belə bir əlaqələrin qurulması mövcud ola bilər. Və bu Ukraynanın hərtərəfli inkişafına sözsüz ki müsbət ətsir göstərər. Ancaq bu əlaqələrin qurulması heç zaman Ukrayna uğrunda ABŞ ilə Rusiyanı qarşı qarşıya gətirməyəcək. Çünki Ukrayna hadisələrinin arxa planında başqa məqamlar dayanır. Bu gün Qərbin bütün istəkləri güclənmiş Rusiyanı iqtisad-siyasi cəhətdən çöçdürərək onun imperiya ambisyalarına son qoymaqdır".
Siyasi ekspert Əli Orucov vurğuladı ki, Moskavanı narahat edən amillətdən biri də Ukraynanı birdəfəlik itirməsidir: "Onsuz da Kiyev artıq Krem üçün əlçatmaz oldu. Lakin ən azından Ukraynanı NATO və ABŞ, AB-nin tam təsir dairəsiniə düşməsini əngəlləmək istəyindədir. Bunun da bir sıra səbəbləri var. Əsas səbəblərdən biri odur ki, Putun özünün bir sıra layihələrini, xüsusən də siyasi-hərbi planlarını Ukraynasız həyata keçirilməsinin və uğurlu alınmayacağının fərqindədir. Söhbət həm də Rusiyanın dünya siysətinin çoxqütblü olmasına və özünü siyasi güc mərkəsi kimi irəli çıxarmasına nail olmaqdan gedir. Ötən ilin fevralında qəbul olunmuş Rusiyanın xarici siyasət doktorinasında və Putinin bəyanatlarında da bu açıq ortadadır. Lakin Ukrayna həm NATO, ABŞ və Aİ üçün həm də Rusiya üçün kilid ölkədir. Üstəlik də Ukraynanın qərbin dəstəyi ilə gələcəkdə Krıma hərbi müdaxilə ehtimalı da Rusiyanı narahat etməkdədir. Hesab edirəm ki, Rusiya Ukraynaya nə qədər təzyiq etsə də artıq Ukraynanı geri qaytarmaq mümkün deyil. Rusiya indinin özündə də digər post sovet məkanı ilı zor hədə, hərbi dildə danışması yanlış siyasətdir və bu keçmiş sosoialıt respublikaları özündən uzaqlaşdır. İndi dünya siyasətində hərbi dildə danışmaq o qədər də uğur gətirmir".

Əli