
Rusiyanın 160-a qədər tankı səhrədlər yaxınlığındadır
Cavid
Rusiya Ukrayna sərhədinə 33 min hərbçisini cəmləyib.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini Mixail Koval bildirib. Onun sözlərinə görə, antiterror əməliyyatları Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsi üçün səbəb ola bilər. M.Koval Ukraynanın dövlət sərhədinə yaxın ərazidə zərbə qruplaşmalarının yaradıldığını deyib.
"Çeçenistandan olan muzdlulardan təşkil edilən iki batalyon, həmçinin Krımdan olan hərbi qruplaşmalar Rusiyanın 23 min hərbi qulluqçusu Ukrayna sərhədi yaxınlığındadır. Bizim informasiyamıza görə, Ukrayna sərhədlərinə yaxın ərazidə Rusiyanın 160-a qədər tankı yerləşdirilib", - deyə M.Koval hərbi müdaxilə ehtimalının yüksək olduğunu dilə gətirib.
Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru İqor Kolomoyskinin müavini Boris Filatov Ali Radanın deputatları Oleq Lyaşko və Kiyev şəhər dumasının deputatı İqor Mosiyçuka qarşı sərt ittiham irəli sürüb.
Filatov Ukraynanın könüllü "Azov" və "Şaxtyorsk" batalyonlarının Donetsk yaxınlığında məhz həmin iki deputatın günahı üzündən mühasirəyə düşdüklərini iddia edib.
Son iki həftə ərzində isə partizanlar Ukraynanın şərqində terrorçulara ağır zərbə vurub.
"RBK-Ukrayna" xəbər agentliyinin verdiyi məlumata görə, Ukrayna Daxili İşlər Nazirliyi son iki həftə ərzində partizanların təxminən 30 terrorçunu məhv etdiyini bildirib.
Daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryakın sözlərinə görə, düşmənin arxasında yerləşən müqavimət dəstələri antiterror əməliyyatlarına fəal dəstək verir. O, Ukraynanın şərqində terrorçuların 13-15 min arasında olduğunu deyib. Nazir məsləhətçisi terrorçulara Rusiya ərazisindən dəstəyin davam etdiyini, lakin bu dəstəyin əvvəlkinə nisbətən azaldığını qeyd edib: "Onlar anlayırlar ki, əksəriyyəti üçün son günlərdir. Bu səbəbdən də antiterror güclərinə sərt müqavimət göstərir və dinc əhaliyə qarşı vəhşicəsinə davranırlar".
Bu arada söylənilir ki, Rusiya Müdafiə Nazirliyi avqustun 4-dən 8-ə kimi hərbi-hava qüvvələri və hava müdafiə hissələrinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlərin keçiriləcəyini elan edib.
Təlimlər Həştərxan vilayətinin Aşuluq poliqonunda keçirilir. Tapşırığın yerinə yetirilməsi ilə bağlı hərbi döyüş təyyarələri qərb hərbi dairəsindən mərkəzi korpusa göndəriləcək, bunun üçün Armavir, Krımsk, Mazdok, Morozovsk aerodromlarından istifadə olunacaq.
Rusiya müdafiə nazirliyinin bəyanatına görə, müharibə oyunlarına yüzlərlə təyyarənin, o cümlədən "Su-34" qırıcılarının və "Su-24" bombardmançılarının cəlb olunması planlaşdırılır. Ukraynanın şərqində hərbi döyüşlər başlanandan bəri Rusiya müntəzəm olaraq qonşu ölkə ilə sərhədlər yaxınlığında hərbi təlimlər keçirir. Sonuncu dəfə bununla bağlı skandal 2 həftə əvvəl yaranıb. Həmin vaxt ABŞ ın NATO-dakı səfiri Duqlas Lüyt Rusiyanı Ukrayna ilə sərhəddə qoşunları cəmləşdirməkdə ittiham edib.
Qeyd edək ki, Rusiya tərəfi bu iddiaları təkzib edib.
Yaponiya da Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
İTAR-TASS-ın verdiyi xəbərə görə, Yaponiya hökuməti Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunması qərarının təsdiqləndiyini açıqlayıb.
Bu qərara əsasən, Rusiyanın Yaponiyadakı aktivlərinin dondurulması və Krımda istehsal olunan məhsulların idxalına məhdudiyyət qoyulacağı gözlənilir.
Qeyd edək ki, keçən həftə Yaponiya XİN-i hökumətin Rusiyanın 2 şirkətinə və 40 fiziki şəxsə sanksiya tətbiq etdiyini açıqlamışdı.
Ukrayna Daxili İşlər Nazirliyi isə Rusiya Dövlət Dumasının deputatları- Vladimir Jirinovski, Gennadiy Züqanov və Segey Mironovu axtarışa verib.
Artıq bu şəxslər haqda məlumat qurumun saytında, "istintaqdan gizlənən şəxslər" bölməsində yerləşdirilib.
Dumanın deputatları Ukrayna Cinayət Məcəlləsinin 260-cı maddəsi (qanunsuz hərbi birləşmələrə maliyyə yardımı edilməsi) ilə ittiham olunurlar.