
İranda ötən gün başlayan etiraz aksiyaları ölkə miqyasında yayılıb.
Ukraynaya aid sərnişin təyyarəsinin səhvən raketlə vurulmasından sonra ölənlərə ehtiram olaraq təşkil olunan anım mərasimlərinə iğtişaşlar damğa vurub.
Xalqın hökumətə dəstəyi getdikcə azaldıqca ölkə daxilindəki siyasilərdən sərt tənqidlər gəlib. Küçə iğtişaşlarına qatılanlar arasında sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi də olub.
Etirazçılar İranın Məşhəd, Təbriz, Şiraz, Əraq, Yəzd, Kəzvin, Kirmanşah, Əhvaz və Sənəndec şəhərlərində aksiya başladıb. Tehranda təşkil olunan aksiyalarda İran ordusu nümayişçilərə odlu silahlardan atış açıb.
Təhlükəsizlik Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu nümayişləri gözyaşardıcı qazla dağıtmağa çalışıb. Xalq Tehranda ABŞ tərəfindən öldürülən general Qasım Süleymaninin posterini cırıb.
Paytaxt küçələrində zibil qutularını yandıraraq yolları bağlayan xalq “Diktatora ölüm” və “Xameneiyə ölüm” şüarları səsləndirib.
Xüsusi Təyinatlı Polislər hirsli qələbəliyə müdaxilə edib. Buna görə də iki tərəf arasında sərt insidentlər yaşanıb.
Etirazlara dəstək olaraq açıqlama verən İranın olimpiadada medal qazanan yeganə qadın idmançısı Kimiya Əlizadə ölkəsini tərk etdiyini deyib. Qazandığı medalları İranın siyasi maraqları üçün istifadə etdiyini deyən idmançı ikiüzlülüyün, yalanın, ədalətsizliyin bir parçası olmaq istəmədiyini bildirib.
İrandakı aksiyalara ABŞ prezidenti Donald Trampdan da dəstək gəlib. Tvitterdə farsca post paylaşan prezident jurnalistlərin azad şəkildə hərəkət etməsinə icazə verilməsini və etirazçıların öldürülməməsini tələb edib.
İran Dövlət Televiziyasının aparıcısı Zəhra Hatəmirad işinə davam edə bilməyəcəyini deyərək istefa verib.
İran parlamentinin Rəştdən olan millət vəkili Qulaməli Cəfərzadə bildirib ki, əgər qərbin təzyiqləri və sosial media olmasaydı, İran Ukrayna təyyarəsi ilə bağlı reallığı əsla üzə çıxarmayacaqdı.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyn Salami Ukrayna Beynəlxalq Hava Yollarına aid təyyarənin vurulmasına görə üzr istəyib.
Bu barədə Salami İran parlamentindəki çıxışında danışıb.
“Həyatımda heç vaxt bu qədər xəcalət çəkməmişdim. Biz elə bir səhv etdik ki, çoxsaylı vətəndaşımız öldü. Ancaq bunu qəsdən etmədik, üzr istəyirik”, - Salami bildirib.
ABŞ-ın Müdafiə naziri Mark Esper bildirib ki, Tehran küçələrindəki etiraz nümayişləri İran xalqının daha hesabatlı hökumətin olmasını istədiyini nümayiş etdirir. “Siz iranlıların ayağa qalxıb, öz hüquqlarını tələb etdiyini, daha effektiv hökumət, fərqli rejim istədiyini gördünüz” -deyə, Esper bildirib.
Pentaqon rəhbəri bazar günü ABŞ-ın iki tele kanalına müsahibə verib. Eyni zamanda, ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O`Brayan daha üç tele kanala müsahibələr verib.
O`Brayanın bildirdiyinə görə, ABŞ hazırkı məqama Amerikanın iqtisadi sanksiyalarının nəticəsində ölkənin olaraq əsas gəlir mənbəyi olan neft ixracatından demək olar məhrum olduqlarına görə onsuz da gərginlik keçirən İran liderlərinə təzyiqin artırılması üçün bir imkan kimi baxırlar.
“Fikrimcə, rejim üçün çox pis bir həftədir. Bu rejim hələ də maksimum təzyiqdən düzələ bilməyib, onlar hələ də yaranmış vəziyyətdə səriştəsizlilıklərindən özlərinə gələ bilməyiblər və İranlılar da bundan təngə gəliblər”, Robert O`Brayan bildirib.
Ağ evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri rejim dəyişikliyinin ABŞ-ın siyasəti olmadığını əlavə edib. “Ümid edirəm ki, hansısa məqamda İran xalqının öz hökumətini seçməsi və seçdikləri liderlərin hakimiyyəti altında olması imkanı yaranacaq” – deyə, O`Brayan bildirib.
Xatırladaq ki, bazar günü İranın bir sıra şəhərlərində etirazların ikinci dalğası başlayıb. Tehranda küçələrə çıxan tələbələr və onlara dəstək verən fəallar hakimiyyətin istefasını, SEPAH rəhbərliyinin cəzalandırılmasını tələb ediblər. Onlarla etirazçı saxlanılıb, Tehran küçələrinə təhlükəsizlik qüvvələri yerləşdirilib.
Müdafiə naziri Esper Amerika telekanallarına müsahibəsində yaranmış vəziyyətdən danışarkən İranın təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürməsini düzgün addım adlandırıb. “Mənə bunun bədbəxt hadisə olduğuna dair hiss var idi”, deyə o bildirib. “İran rəsmiləri əvvəlcə Amerika təbliğatı haqda danışırdılar, lakin sonda onlar günahı boyunlarına alaraq, düzgün hərəkət ediblər”, Esper qeyd edib.
Ukrayna təyyarəsinin vurulması təyyarədə olan bütün 176 sərnişin və ekipaj üzvünün həlak olması ilə nəticələnib. Sərnişinlərin böyük əksəriyyəti İran və Kanada vətəndaşları olublar. İran əvvəlcə təyyarənin texniki səbəblərdən qəzaya uğradığını iddia edib, daha sonra təyyarənin səhvən raketlə vurulduğunu etiraf etməli olub.
Qeyd edək ki, yanvarın 8-də Ukrayna Hava Yollarına aid “Boeing 737” sərnişin təyyarəsi İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən raketlə vurulmuş, nəticədə 167 sərnişin və 9 ekipaj üzvü həlak olmuşdu. İran hadisənin qəza olduğunu açıqlasa da, sonradan raketlə vurulduğunu etiraf etmək məcburiyyətində qalmışdı. Ölənlər arasında 82 İran vətəndaşı da var idi.