09:17
651
“Andrey İlyenkonun Rusiyanın Ukraynada aktiv hücum əməliyyatları aparmaq imkanlarının tükəndiyi ilə bağlı səsləndirdiyi fikirlər, əslində, müasir müharibələrin əsas məntiqinə işarə edir, uzunmüddətli müharibələrdə yalnız hərbi texnika deyil, insan resursları, maliyyə imkanları və cəmiyyətin davamlılığı da həlledici rol oynayır. Rusiya ordusunun uzun müddətdir davam edən döyüşlərdə ciddi itkilər verməsi və canlı qüvvə ehtiyatlarının azalması ehtimalı müharibənin dinamikasına təsir edə biləcək mühüm amillərdən biridir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.
Politoloq bildirib ki, əgər Moskva həqiqətən də yeni canlı qüvvə cəlb etməkdə çətinliklə üzləşərsə, bu, cəbhə xəttində hücum intensivliyinin azalmasına gətirib çıxara bilər: “Çünki hücum əməliyyatları müdafiə mövqeyindən fərqli olaraq daha çox insan resursu və logistik təminat tələb edir. Bu baxımdan Ukrayna tərəfinin cəbhədə “zəif nöqtələr” axtarması və lokal əks-hücumlar təşkil etməsi üçün müəyyən imkanlar yarana bilər. Lakin müharibənin taleyini yalnız insan resurslarının azalması ilə izah etmək də tam doğru olmaz. Rusiya böyük hərbi-sənaye potensialına və geniş səfərbərlik imkanlarına malik dövlətdir. Bundan başqa, Kreml lazım gəldikdə yeni səfərbərlik dalğası elan etmək, iqtisadi resursları müharibə rejiminə yönəltmək və ya taktiki dəyişikliklər etmək imkanını saxlayır. Buna görə də resursların azalması müharibənin tempinə təsir etsə də, onun qısa müddətdə tam dönüş nöqtəsi yaradacağı birmənalı deyil”.
E.Telmanoğlunun bildirdiyinə görə, digər tərəfdən, bu müharibə artıq klassik cəbhə savaşından daha çox “tükəndirmə müharibəsi” xarakteri daşıyır: “Bu modeldə tərəflərdən hansının iqtisadi, demoqrafik və texnoloji ehtiyatları daha davamlıdırsa, uzun perspektivdə üstünlük əldə edir. Bu baxımdan, Rusiyanın resurslarının azalması barədə iddialar doğru olarsa, bu, müharibənin strateji balansına təsir edə bilər. Nəticə etibarilə, Rusiyanın insan və maliyyə resurslarının tədricən azalması müharibənin gedişində müəyyən dəyişikliklər yarada bilər. Lakin bu faktor təkbaşına müharibənin nəticəsini müəyyən edən amil deyil. Münaqişənin gələcək inkişafı həm də beynəlxalq dəstək, iqtisadi dayanıqlıq və tərəflərin siyasi iradəsindən asılı olaraq formalaşacaq”.
Röya İsrafilova
10:13
462
11 Mart 23:50
1 008
11 Mart 23:45
1 078