Rusiya-Ukrayna müharibəsi: Rusiyanın resursları azalır? Gündəm

Rusiya-Ukrayna müharibəsi: Rusiyanın resursları azalır?

Artıq beşinci ilini yaşayan Rusiya-Ukrayna müharibəsində gərginlik azalmır. Həmçinin müharibə uzun müddət davam etdikcə hər iki tərəfdən resurslar azalır. Ukrayna ordusunun zabiti Andrey İlyenko isə Rusiyanın Ukraynada aktiv hücum əməliyyatları aparmaq imkanlarının tükəndiyini deyib. A.İlyenko bildirib ki, Rusiya ordusu xeyli itki verib, onlar gec-tez orduya qəbulla bağlı ciddi böhranla qarşılaşacaqlar.

Bu fikirlər həqiqəti əks etdirirmi?

“Xalq Cəbhəsi” mövzunu politoloqlar və hərbi ekspertlərlə müzakirə edib.

Politoloq Yeganə Hacıyeva söyləyib ki, Rusiya-Ukrayna müharibəsi kimi uzunmüddətli müharibələrdə əsas müəyyənedici faktor insan resursu, iqtisadi imkan və siyasi iradə olur: “Böyük itkilər nəticəsində mobilizasiya çətinləşir və insan ehtiyatının azalması hücum əməliyyatlarının zəifləməsinə gətirib çıxarır. Ukrayna rəsmiləri tez-tez Rusiyanın ordusunun zəiflədiyini, mobilizasiya böhranının yaxınlaşdığını və iqtisadi resursların azaldığını vurğulayaraq müharibənin qazanıla bilən olduğunu göstərməyə çalışırlar. Bu mesajların əsas məqsədi müharibəni qazanıla bilən kimi göstərərək Qərbin yardımını davam etdirməsinə nail olmaqdır”.

İnsan resursuna əsaslanan strategiya

Y.Hacıyevanın bildirdiyinə görə, paralel olaraq həmçinin Rusiya cəmiyyətində mobilizasiyaya qarşı narazılığı artırmaq və Ukrayna cəmiyyətində motivasiyanı gücləndirmək məqsədi güdülür: “Rusiya müharibədə tez-tez insan resursuna əsaslanan strategiyasından istifadə edir. Tarixi nümunə olaraq İkinci Dünya Müharibəsi zamanı SSRİ-nin geniş insan ehtiyatına arxalanaraq uzunmüddətli müharibə aparmasını göstərə bilərik. Andrey İlyenkonun fikri müəyyən hərbi məntiqə əsaslanır, lakin bu, tam obyektiv hərbi qiymətləndirmə deyil. İlyenkonun vurğuladığı Rusiya bütün cəbhə boyunca kifayət qədər qoşun toplaya bilmir fikri strateji baxımdan məntiqlidir. Çünki cəbhə xətti 1000 km-dən çoxdur. Bu halın özü qoşunların bir istiqamətdə artırılması zamanı digər istiqamətdə boşluq yaradır”.

“Bu, müharibənin taleyini yenidən müəyyən edə bilər”

Politoloq əlavə edib ki, Ukraynanın taktiki strategiyası isə əsasən bu zəif nöqtələrdən istifadə etməyə, lokal hücumlarla cəbhə xəttində boşluqlar yaratmağa yönəlib: “Müharibənin gedişatına təsir edən əsas faktorlar Qərbin Ukraynaya hərbi yardımı, Rusiyanın mobilizasiya və sənaye imkanları, cəbhədəki taktiki uğurlar və həmçinin siyasi iradə ilə ictimai dəstək faktorlarıdır. Bunlardan hər hansı birinin ciddi şəkildə dəyişməsi münaqişənin balansını əhəmiyyətli dərəcədə dəyişdirə və müharibənin taleyini yenidən müəyyən edə bilər. Amma bu açıqlama həm də informasiya müharibəsinin və siyasi kommunikasiya strategiyasının bir hissəsi kimi dəyərləndirilə bilər. Rusiyanın resursları azalsa belə böyük dövlətlərdə müharibənin taleyi adətən uzunmüddətli iqtisadi və siyasi dözümlülük ilə müəyyən olunur”.

Yeni hərbçilərin cəlb olunması

Hərbi ekspert Anar Şuşalı qeyd edib ki, Ukrayna ordusunun zabiti Andrey İlyenko tərəfindən səsləndirilən fikirlər Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsi ilə bağlı diqqət çəkən məqamları ortaya qoyur: “O qeyd edir ki, Rusiya ordusunun Ukraynada aktiv hücum əməliyyatları aparmaq imkanları tədricən azalır və bunun əsas səbəblərindən biri böyük canlı qüvvə itkiləridir. Müharibə uzandıqca Rusiya üçün yeni hərbçilərin cəlb olunması daha çətinləşir və bu, artıq müəyyən səviyyədə hiss olunmağa başlayır. Xüsusilə uzunmüddətli müharibələrdə insan resursları hərbi gücün davamlılığını müəyyən edən əsas faktorlardan biridir”.

“Rusiya ordusu müxtəlif üsullara əl atır”

Ekspert bildirib ki, son illərdə Rusiya ordusu itkiləri kompensasiya etmək üçün müxtəlif üsullara əl atıb: “Müqaviləli hərbçilərə yüksək maaş təklif olunması, regionlardan könüllülərin cəlb edilməsi, hətta həbsxanalardan məhbusların cəbhəyə göndərilməsi kimi addımlar bunun nümunəsidir. Lakin müharibə uzandıqca cəmiyyət daxilində “müharibə yorğunluğu” yaranması və potensial insan resursunun azalması ehtimalı da artır. Bu faktorlar hücum əməliyyatlarının intensivliyinə və davamlılığına birbaşa təsir göstərə bilər. Digər tərəfdən, Rusiyanın əsas üstünlüklərindən biri geniş hərbi-sənaye potensialıdır. Qərb sanksiyalarına baxmayaraq Moskva hərbi istehsalı artırmağa çalışır və dövlət büdcəsinin böyük hissəsini müdafiə xərclərinə yönəldir. Bu baxımdan Rusiyanın resurslarının qısa müddətdə tam tükənəcəyini demək doğru olmaz. Lakin müharibənin davam etməsi resursların daha baha başa gəlməsinə və onların səmərəliliyinin azalmasına səbəb ola bilər”.

“Bu, müharibənin gedişinə təsir göstərə bilər”

A.Şuşalının sözlərinə görə, cəbhədəki vəziyyətə gəldikdə isə, bəzi istiqamətlərdə rus qüvvələrinin sayının azalması Ukrayna üçün müəyyən taktiki imkanlar yarada bilər: “Belə hallarda Ukrayna ordusu cəbhə xəttində zəif nöqtələri müəyyən edərək lokal əks-hücumlar həyata keçirməyə və logistik xətləri hədəfə almağa çalışır. Bu isə müharibənin dinamikasına müəyyən təsir göstərsə də, genişmiqyaslı dönüş üçün hələ də ciddi hərbi üstünlük tələb olunur. Ümumilikdə, Rusiyanın resurslarının tədricən azalması müharibənin gedişinə təsir göstərə biləcək amillərdən biridir. Bu, hücum əməliyyatlarının tempinin zəifləməsinə, müharibənin daha çox mövqe xarakteri almasına və müəyyən mərhələdə danışıqlar ehtimalının artmasına səbəb ola bilər. Bununla belə, müharibənin yekun nəticəsi təkcə Rusiyanın resurs imkanlarından deyil, həm də Ukraynanın Qərbdən aldığı hərbi dəstəyin davamlılığından və tərəflərin cəbhədə əldə edə bildiyi taktiki üstünlüklərdən asılı olaraq formalaşacaq”.

Röya İsrafilova