Ermənistan Rusiyanın əyalətinə çevrilir Dünya

Ermənistan Rusiyanın əyalətinə çevrilir

Rusiyadan gələn "xüsusi zona" təklifi düşmən ölkədə hiddətlə qarşılanıb

Cavid

Ermənistanın bütünlüklə Rusiya tərəfindən ələ alınması və idarə olunmasını artıq elə ermənilərin özləri etiraf ediblər. Ermənistan iqtisadiyyatı, sənayesi, hərbi sahəsi Kreml tərəfindən mənimsənilib, hakimiyyəti də elə Moskva tərəfindən idarə edilir. Bu da o deməkdir ki, Ermənistanın adlanan "dövlət" də, onun hakimiyyəti də Kremlin inhisarındadır.
Ermənistan müxalifəti ölkənin Rusiyadan tam asılı olmasına, onun forpostuna çevrilməsinə etiraz olaraq aksiyalar keçirsələr də, Sarkisyan hakimiyyəti Moskvanın ətəyindən ikiəlli yapışıb. Erməni rəsmiləri də yaxşı anlayırlar ki, Rusiyanın əsarəti altında da çox davam gətirməyəcəklər.
Bu günlərdə Ermənistanın iqtisadiyyat nazirinin müavini Tiqran Arutunyan deyib ki, Ermənistan ölkədə xüsusi iqtisadi zona yaradılması məsələsinə baxır.
Nazir müavininin bu sözləri Serj Sarkisyanın son bəyanatları fonunda ölkədə hiddətlə qarşılanıb. Tənqidçilərə görə, "xüsusi zona" təklifi məhz Rusiyadan gəlib. Söhbət Ermənistanın Gömrük İttifaqı ölkələri ilə ümumi sərhədinin olmamasından dolayı verilən aşağılayıcı statusdan gedir.
Məsələ ondadır ki, bu yaxınlarda həmin məsələyə toxunan Avrasiya İqtisadi Komissiyanın sədri Viktor Xristenko beləcə də demişdi: "Ermənistanla ümumi sərhədin yoxluğu problem deyil, Kalininqrad da Rusiya ilə ümumi sərhədə malik deyil".
O zaman bu sözlər Ermənistanın "patriotik kəsimi"ndə güclü qıcıq doğurmuşdu. İndi də təhlilçilər əmindirlər ki, "xüsusi zona"nın suverenliyə hər hansı aidiyyəti yoxdur və belə getsə, ölkənin quru adla da olsa, müstəqilliyi və suverenliyindən də heç nə qalmayacaq.
Ermənistanın müxalif "İrs" partiyasının sədri Raffi Ovannisyan isə illik müraciətində söyləyib ki, Ermənistanın xarici siyasətində "vassal qarşılıqlı əlaqəsi" üstünlük təşkil edir.
Partiya sədrinin sözlərinə görə, hakimiyyət resursları və milli maraqları hesabına xarici güclərin dəstəyi üçün zəmanət qazanmağa çalışır: "Öz hakimiyyəti üçün xarici himayənin axtarışında olan hazırkı prezident Ermənistanı beynəlxalq səhnədə təcrid vəziyyətinə salıb. Dost və müttəfiq ölkələrlə effektiv münasibətlərin inkişaf etdirilməsi üçün heç bir səy göstərilməyib".
"İrs" Partiyasının lideri Avropa İttifaqının əvəzinə Gömrük Şurasını seçdiyinə görə də hakimiyyəti tənqid edib: "Bir gecədə verilən qərarla Avropa İttifaqı ilə assosiativ razılaşma üzərində aparılan uzunmüddətli iş çölə atıldı".
Ermənistanda tanınan iqtisadçılardan olan Vaaqn Xaçatryan da 2013-cü ilin yekunları ilə bağlı açıqlamasında qeyd edib ki, Ermənistan iqtisadiyyatı sürətlə çökmək üzrədir: "Qaz müqaviləsi ilə Ermənistanı iqtisadi böhrandan qurtarmaq cəhdləri uğursuz nəticələnəcək və Rusiya buranı öz vassalına rəsmən çevirib. Serj Sarkisyanın qanunsuz yolla ölkədən çıxardığı 5.7 milyard dollar Ermənistanın büdcəsinə xeyli ziyan vurub. Ermənistana son üç ayda heç bir investisiya yatırılmayıb. Ölkədəki rejim bura kapital qoyan insanları sığortalamır. Zamanla Ermənistan tam iqtisadi böhranla üz-üzə qalacaq".
Onu da qeyd edək ki, işğalçı ölkə olan Ermənistanda yaranan ağır sosial-iqtisadi durum əhalinin kütləvi şəkildə ölkəni tərk etməsinə gətirib çıxarıb. Politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistan iki-üç ildən sonra tamamilə viran olunmuş əraziyə çevriləcək: "Son illər Ermənistanda vəziyyətin ciddi şəkildə pisləşməsi prosesi davam etməkdədir. Təbii ki, işğalçı ölkə üçün bu, gözlənilən bir vəziyyətdir. Ümumiyyətlə, Ermənistan adlı bir ölkə yarandığı ilk gündən özü-özünü fiaskoya aparıb. Azərbaycan torpaqlarını xarici qüvvələrin dəstəyi ilə işğal etməklə və bu işğal siyasətini bu günə qədər davam etdirməklə Ermənistan davamlı olaraq özünü uçuruma doğru aparır. Bu baxımdan, Ermənistanda siyasi-iqtisadi vəziyyətin getdikcə ağırlaşması labüddür. Ermənistan getdikcə daha da çıxılmaz bir vəziyyətə düşəcəkdir. Ermənistanda təkcə siyasi-iqtisadi vəziyyət deyil, eyni zamanda bütün sahələr üzrə böhran yaşayır. Belə olan halda da, Ermənistan əhalisi yaxşı bir şəraitdə yaşamaq üçün yaşadıqları ölkəni tamamilə tərk edərək başqa ölkələrə gedirlər. Bunun da səbəbi, Ermənistanda vəziyyətin yaşanmaz bir həddə çatması ilə bağlıdır. Səbəbi də Ermənistan prezidenti Sarkisyanın xalqına qarşı biganə yanaşması ilə bağlıdır. Bu gün Ermənistan prezidenti Sarkisyanı xalqının deyil, özünün şəxsi maraqları düşündürür. Belə olan halda da, Ermənistanda irəliliyə doğru hər hansı bir addımların atılmasından söhbət gedə bilməz. Bir sözlə, bundan sonra Ermənistanı ancaq məğlubiyyət gözləyir".
Rusiyanın vassalına çevrilən Ermənistan bununla bir daha müstəqil dövlət olmadığını nümayiş etdirir. Politoloq onu da bildirdi ki, işğalçı ölkə olan Ermənistan tamamilə Rusiyanın təsiri altındadır: "Ermənilər elə başa düşürdülər ki, onlar Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edib, özlərinin müstəqil bir dövlətini yarada biləcəklər. Amma onlar çox böyük yalnışlığa yol verdilər. Çünki Rusiya heç nəyi əvəzsiz vermir. Rusiya özü Ermənistanın işğalçılıq siyasətinə dəstək verməklə, əksinə, Ermənistanı özündən asılı vəziyyətə saldı. Bu baxımdan da, Ermənistan nəinki Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində ümumiyyətlə, bütün digər məsələlərdə, Kremlin siyasi iradəsinə uyğun fəaliyyət göstərmək məcburiyyətindədir. Çünki Ermənistan iqtidarında təmsil olunan qüvvələr qeyri-demokratik yolla, xüsusilə Rusiyanın dəstəyi ilə hakimiyyətdə bərqərar olmuş qüvvələrdir. Bir sözlə, Rusiyanın onların üzərindən əlini çəkməsi onların hakimiyyətinin sonu olacaq. Bu baxımdan, bir çox amillərin təsiri altında Ermənistanın hazırkı iqtidarı Rusiyanın diqtəsi ilə oturub-durmaq məcburiyyətindədir. Bununla da Ermənistan müstəqilliyini itirmiş bir dövlətə çevrilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində də Kremlin hansı istiqaməti göstərməsi Ermənistanın mövqeyini müəyyənləşdirir. Bu da Ermənistanın Rusiyadan asılı vəziyyətdə olduğnu bir daha sübut edir".
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının fikrincə isə Avropa İttifaqına assosiativ üzvlük yalnız iqtisadi deyil, həm də siyasi məsələdir: "Ona görə də Ermənistanın belə bir iddiaya düşməsi istər-istəməz onun xoşuna gəlmədi və ona başa saldılar ki, Avropaya gedən yollara müstəqil addım ata bilməz. Ermənistan Rusiyanın təsiri ilə Gömrük İttifaqına qoşulmaqla bağlı müsbət qərar verib. Gömrük İttiafqına gəlincə, Ermənistanın bu quruma qoşulan dövlətlərlə quru sərhədləri yoxdur. Bunun özü ciddi məsələdir. Eyni zamanda, bu ölkənin düşünən insanları belə yaşamağın çox çətinliklər yaradacağını görməkdədir. Yəni ölkə iqtisadiyyatı tamamilə xarici ölkədən asılı vəziyyətdədir. Ermənistanın potensialı tükənib. Avropa İttifaqına assosiativ üzvlük xilasedici kəmər rolunu oynaya bilərdi. Amma bu da əldən çıxdı. Gömrük İttiafqına daxil olub-olmamaqdan asılı olmayaraq, Rusiyanın iqtisadi imkanları çərçivəsində onsuz da Ermənistana yardımlar edilir. Rusiya şirkətləri tərəfindən Ermənistan iqtisadiyyatını ayaqda saxlamaq üçün cəhdlər edilir".
M.Qurbanlı qeyd edib ki, Rusiyanın iqtisadi potensialı Ermənistanı öz yedəyində daşımağa imkan vermir. Onun fikrincə, Rusiya Avropa İttifaqının edə biləcəyi qədər yardımı Ermənistana etmək imkanına malik deyil: "Ermənistan onsuz da Rusiyanın yedəyindədir. Ermənistan problemlərini həll edə bilmir. Aİ-dən də dilənçi payı qoparmaq istəyirdi ki, bu da yalnız assosiativ yola buraya qoşulduqdan sonra daha real görünə bilərdi. Bu nəfəslik də qapadıldı. Bu gün Ermənistanda Sarkisyanın Moskvada apardığı danışıqlar və verdiyi vədlərlə bağlı çox böyük narazılıq var. Erməni lobbi təşkilatları da Rusiyaya istiqamətlənən addımların atılmasına qarşıdır. Hətta vaxtilə Ermənistanın hakimiyyətində olmuş siyasətçilər də Avropaya gedən yolun qapanmasının böyük ziyan gətirəcəyini söyləməkdədirlər. Yəni Rusiyanın iqtisadi imkanları geniş olsaydı, erməni iqtisadiyatındakı yırtıqlarını yamaya bilərdi. Amma bu çox çətin məsələdir. Aİ-nin isə məsələyə münasibəti bəllidir. Təşkilatın Ermənistana verəcəyi kreditlər donduralub. Erməni tərəfinin Aİ qarşısında bəraət almaq imkanları da geniş deyil. Nə qədər vəd versələr də, Rusiyadan tamamilə asılı vəziyyətdədirlər. Ona görə də, son hadisələr Ermənistanın daxili siyasi həyatına güclü təsir göstərəcək və Ermənistandan mühacirət intensiv xarakter alacaq".
Ekspert Tərlan Həsənov isə bildirib ki, Ermənistanın Rusiyanın vassalına çevrilməsinini əsas səbəbi Azərbaycanla müharibə vəziyyətində olması və torpaqlarımızın işğal etməsidir: "Ona görə də Ermənistan Rusiyanın ətəyindən ikiəlli yapışıb ki, onu Bakının qəzəbindən qoruna bilsin".