Uelsdə Sarkisyana dəyən şapalaq Dünya

Uelsdə Sarkisyana dəyən şapalaq

Ermənistan prezidenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədə imza atıb

Cavid

NATO-nun Uels sammiti Ukrayna da daxil, postsovet məkanı ilə bağlı mühüm qərarların qəbulu ilə tarixə düşdü. Təbii ki, Güney Qafqazdakı etnik-ərazi münaqişələri də diqqətdən yayınmadı. Təqdirəlayiq haldır ki, qəbul edilən Uels bəyannaməsində NATO-nun keçmiş sovet respublikalarının ərazi bütövlüyü və suverenliyini müdafiə eləmək əzmi birmənalı əksini tapıb.
Qeyd edək ki, Sərkisyan NATO-nun bundan əvvəlki iki sammitinə (2010 və 2012-ci illərdə) qatılmayıb. Həmin sammitlərin yekun sənədlərində də Azərbaycanın ərazi bütövlüyünə dəstək əksini tapıb. Bu dəfə erməni tərəfi belə bir ümidlə toplantıya təşrif buyurmuşdu ki, yekun bəyannamədə nəhayət, Dağlıq Qarabağ ixtilafının həll prinsiplərindən biri kimi və "Madrid prinsipləri"ndə deyilən şəkildə "öz müqəddəratını təyinetmə hüququ" da salınacaq.
Lakin bu, baş vermədi. Alyans özünün yekun sənədində ənənəsinə sadiq qalaraq bir daha Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı müdafiə elədiyini ortaya qoydu. Üstəlik, məlum oldu ki, Serj Sərkisyan özü də bu sənədi imzalayıb. Halbuki, illər öncə Köçəryan dönəmində Ermənistan parlamentinin qəbul elədiyi qərara əsasən, Dağlıq Qarabağın Azərbaycanın ərazisi kimi göstərildiyi heç bir sənədə Ermənistan rəsmiləri imza ata bilməz.
Ermənilərin arzusu həm də ona görə gözlərində qaldı ki, müqəddəratı təyinetmə haqqında danışmağın indi ümumiyyətlə, zamanı deyil, çünki Rusiya Ukraynanın böyük bir ərazisini (Krım, Donbas) məhz bu bəhanə ilə işğal edib.
Erməni tərəfinin başqa gözləntisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında sammit çərçivəsində görüşün baş tutmayacağına idi. Bu arzuları da gözlərində qaldı. Ərdoğan NATO liderləri ilə görüşdə nəinki Qarabağ vədinin üstündə durdu və alyansın Azərbaycana verdiyi vədləri yerinə yetirməli olduğunu yada saldı, Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bildirdi, eyni zamanda Obama ilə görüşərək saat yarım söhbət elədi. Sözsüz ki, Türkiyə Amerika üçün, NATO üçün sıradan bir dövlət olsaydı, 90 dəqiqəlik müzakirələrə də lüzum qalmazdı.
Beləliklə, Uelsdə Ermənistan prezidenti Serj Sarkisyana növbəti şapalaq dəydi. Özü də rüsvay olduğu həmin gün ərəfəsində onun Şimali Atlantika Alyansı ölkələrinə az qala hədə-qorxu gələrək isterik halda onları "sağlam düşüncəyə" dəvət etdiyinə və "Minsk qrupunun ritorikasından" geri çəkilməməyə çağırdığına baxmayaraq...
Gözlənildiyi kimi, onun isterikasına əhəmiyyət verən olmadı. Prinsipcə o özü də Bəyannamədə hansı müddəaların olacağını qabaqcadan bilirdi. Əlbəttə, Alyansın üzvü olan ölkələr heç vaxt belə səviyyəsiz danışıq eşitmədiklərindən Serj Sarkisyanın isterikası elə özünə qalıb.
Onu da bildirək ki, Ermənistan prezidenti ötən gün rəhbəri olduğu Respublika partiyasının Şurasının iclasını keçirib və Azərbaycana qarşı təbliğat-informasiya mübarizəsini gücləndirməyə çağırıb.
Sarkisyan partiyasının üzvlərini "beynəlxalq əlaqələrini gücləndirməyə və bu əlaqələrdən düşmənlə mübarizədə istifadə etməyə" çağırıb.
Sarksiyan ideologiya-təbliğat işini necə qurmaq barədə tezislərini davam etdirərək partiya fəallarına tapşırıb ki, ermənilərin şahmatda daha güclü olduğu haqda "həqiqəti" beynəlxalq ictimaiyyətə yaysınlar. Əlavə edib ki, "xüsusən də Bakının Qarabağ məsələsini Minsk qrupu formatından digər müstəviyə keçirməyə çalışdığını nəzərə almaqla erməni təbliğatı genişləndirilməlidir.
"Ədalət naminə qeyd etmək lazımdır ki, bir çox hallarda onlar buna nail olurlar, mən Qarabağ məsələsinin NATO-da, həmçinin AŞ PA-da müzakirə olunmasını nəzərdə tuturam", - deyə Ermənistan prezidenti bildirib.
S.Sarkisyan daha sonra Minsk qrupu formatının erməni tərəfinə çox sərfəli olduğunu etiraf edib. Onun sözlərinə görə, erməni tərəfi Qarabağ nizamlanmasını ATƏT-in Minsk qrupu çərçivəsində saxlamağa nail olmalıdır. "Hansı ki, biz bu formatda əhəmiyyətli nailiyyətlər əldə edə bilmişik" deyə o, əlavə edib. S.Sarkisyana görə erməni tərəfi Minsk qrupundakı "uğurlarını" digər təbliğ etməyə nail olmalıdır.
Əlbəttə diqqəti daha çox çəkən məqam ondar ibarətdir ki, Sarkisyanın partiyasının rəhbərliyini toplayaraq Azərbaycana təbliğat müharibəsində uduzduqlarını etiraf edən çıxışı NATO-nun Uelsdə keçirilmiş sammitindən dərhal sonra baş verir. Ermənistan prezidenti bu sammitdə əsəbi çıxış edərək alyans üzvlərini Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü növbəti dəfə müdafiə etməkdən çəkinməyə çağırmışdı. Lakin o, istədiyinə nail ola bilmədi. NATO sammitinin yekun qətnaməsində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə növbəti dəfə dəstək ifadə olundu.
Bununla da Sarkisyan çıxışından da göründüyü kimi erməni yalanlarının artıq dünyada yerimədiyini, Azərbaycanın təbliğat-lobbiçilik məsələsində Ermənistanı sıxışdırdığını etiraf etməli olub.
Həmçinin Sarkisyanın sonuncu çıxışı onun əsəblərinin yerində olmadığı haqda deyilənləri təsdiqləyir. Sarkisyan haqqında ən doğru diaqnozu isə Azərbaycan Prezidenti Admministrasiyasının rəhbərinin müavini Novruz Məmmədov verib. Serj gah ermənilərin şahmatda azərbaycanlılardan güclü olduğunu iddia etdiyi halda Azərbaycan prezidentinin "erməni həqiqətinin" dünyaya çatdırılmasına imkan verməməsindən şikayətlənir, gah cəbhədə Azərbaycan ordusunun onlara yaxşı dərs verdiyi barədə məlumatların hər yerə yayılmasından qəzəbləndiyini büruzə verir.
Milli Məclisin sədr müavini Bahar Muradova Ermənistan prezidentinin durumunu belə qiymətləndirib: "Serj Sarkisyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı tutduğu qeyri-konstruktiv yol artıq tükənmək üzərdir".
B.Muradova bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmaması Sarkisyanın "əməyi" sayəsində olub: "Sarkisyan Qarabağın işğalı üzərindən siyasətə və bundan sonra da hakimiyyətə gəlmiş bir şəxsdir. Münaqişənin həlli uzandıqca, onun hakimiyyəti də bir o qədər uzunmüddətli olacaq. Bunu Sarkisyan bilir və o həm də yaxşı bilir ki, vəziyyət belə davam etdikcə onun qeyri-konstriktiv mövqeyi keçərli olmayacaq. Son vaxtlar isə Sarkisyan xaricdə bir cür, Ermənistanda isə tamamilə başqa fikirlərlə çıxış edir".
B.Muradovanın sözlərinə görə, Sarkisyanın münaqişənin həllində könüllü olaraq ciddi addım atacağına inanmır: "Buna görə də beynəlxalq ictimayyət bu məsələni özbaşına buraxmamalı, qeyri-konstruktiv tərəfi sülhə məcbur etməyə xidmət edən addımlar atmalıdırlar".
Milli Məclisin sədr müavini beynəlxalq təşkilatları Ermənistana qarşı sanksiyalar tətbiq etməyə də çağırıb.
Millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, Serj Sərkisyan hazırda öz ölkəsində də ciddi tənqid edilir. Onun fikrincə, Sərkisyan pis vəziyyətə düşüb: "Ermənistan prezidenti Serj Sərkisyan növbəti dəfə xoşagəlməz situasiyaya düşüb. O özü də istəmədən Azərbaycanın ərazi bütövlüyü sənədinə imza atıb. Belə ki, NATO-nin bu günlərdə Nyuport (Böyük Birtaniya, Uels) şəhərində keçirilən sammitinin qəbul etdiyi və Ermənistan prezidentinin də imza atdığı bəyanatda 30-cu bənd var. Bənddə deyilir: "Ukraynadakı son hadisələr NATO-nun Şərqi Avropadakı bəzi partnyorları arasında narahatçılıq yaradıb. Müttəfiqlər partnyorlarının xarici siyasət və təhlükəsizlik - xarici təzyiq və məcburetmədən azad müstəqil seçimlərini müdafiə etməkdə davam edəcəklər. NATO hüquqların müdafiəsi öhdəliyini saxlayır və əvvəlki kimi Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqillik və suverenliyini müdafiə etmək əzmindədir". Bəyannaməni NATO sammitində iştirak edən Ermənistan prezidenti Serj Sərkisyan da imzalayıb və buna görə hazırda öz ölkəsində ciddi tənqid edilir".
Bununla belə, millət vəkili onu da bildirib ki, sənədin hüququ öhdəliyi yoxdur və o bəyanat xarakteri daşıyır: "Ermənistanın Rusiya ilə müttəfiqliyi və NATO ilə Rusiyanın hazırda soyuq münasibətlərini nəzərə alaraq, Sərkisyan onu imzalamaya da bilərdi. Ancaq Ermənistan rəhbəri həmişəki kimi yenə də iki stulda oturmağa cəhd etdi, bu zaman hətta öz dediyinin əleyhinə olan sənədə imza atmaqdan da çəkinmədi".
Millət vəkili, professor Musa Qasımlı isə deyib ki, NATO sammitində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və ölkəmizin xarici siyasət sahəsində uğurlar əldə etməsi dövlət başçısı İlham Əliyevin yürütdüyü xarici siyastin konkret nəticəsidir. Onun sözlərinə görə, NATO sammitinin Ermənistan üçün uğursuz nəticələndiyini görən Sərkisyanın Azərbaycana qarşı təbliğat işini gücləndirməyə çağırışının bir sıra səbəbləri var: "Hər şeydən əvvəl Sərkisyn zəifləmiş hakimiyyətini Azərbaycanın timsalında düşmən obrazı yaradaraq möhkəmlətmək istəyir. Bütün qəzəbi öz üzərinə deyil, Azərbaycana yönəltməyə çalışır. Təbliğat mübarizəsində Ermənistan uduzur. Ermənistan bütün cəhətlərdə Azərbaycana uduzmaqda davam edir. Sadəcə olaraq hələ bəzi xarci ölkələrdəki himayədarlaının səyləri ilə Azərbaycan ərazilərinin işğalı davam edir və düşünürəm ki, böyük dövlətlər Ermənistana yerini göstərməlidirlər".
Millət vəkili bildirdi ki, Sarkisynın ümumiyyətlə demokratiyadan, insan haqlarından danışmağa heç bir mənəvi haqqı yoxdr: "Çünki Sərkyanla demokratiya arasına 180 dərəcə fərq var. Demokratiyadan danışan Sərkisyan öncə öz tərcümeyi-halına diqqət yetirməlidir. Xocalıda və Azrbaycanın digər ərazilərində dinc insanları qətlə yetirən terroroçu demokratiyadan necə danışa bilər? Sərkisyan terror yolunu keçmiş və bu yolla hakimiyyətə gəlmiş adamdır. Azəbaycanda demokratiyanın boğulmasından danışan Sərkisyan ilk növbədə gözünün qarşısına Ermənistanın siyasi həyatını gətirsin. Bir ölkənin parlamentində deputat gülləlinirsə, həmən ölkəyə necə demokratik ölkə demək olar? Bütün bunların hamısı riyakarlığın konkret nəticəsidir".