İran və onun qonşuları Dünya

İran və onun qonşuları

"Nvə sazişinin ABŞ-ın regionda siyasəti üçün nəticələri" mövzusunda forum keçirilib

Vaşinqtondakı Vudro Uilson adına Beynəlxalq Mərkəzdə "İran və onun qonşuları: nüvə sazişinin ABŞ-ın regionda siyasəti üçün nəticələri" mövzusunda forum keçirilib. Tədbirin məqsədi İrana və qonşu ölkələrə dair yeni hesabatı müzakirə etməkdən ibarət olub.
Hesabatda hərtərəfli nüvə sazişi imzalanandan sonra İranın Yaxın Şərqdəki digər ölkələrlə münasibətlərində potensial dəyişikliklər və onların ABŞ-ın regiondakı siyasətinə təsirindən bəhs edilir.
Tədbirdə Vaşinqtonun müxtəlif elmi-tədqiqat mərkəzlərini və universitetlərinin nümayəndələri də iştirak edib. Forumun işini Vudro Uilson adına Beynəlxalq Mərkəzin Yaxın Şərq proqramının direktoru Hale Esfandiari açıb. Sonra ABŞ-ın Çexoslovakiyada, Venesuelada, İsraildə, Rusiyada, Hindistanda, Salvadorda, Nigeriyada və İordaniyadakı sabiq səfirləri, ABŞ Milli Kəşfiyyat Sisteminin sabiq əməkdaşı Pol Pillar və Nyu-York Universitetinin Beynəlxalq Əməkdaşlıq Mərkəzinin direktoru Barnet Rubin öz arqumentlərini təqdim ediblər. Bu şəxslər hamısı Vudro Uilson Mərkəzi tərəfindən 2002-ci ildən həyata keçirilən və İran ilə ABŞ arasında problemlərin həllinin diplomatik yollarını tapmaq üçün nəzərdə tutulan "İran layihəsi"nin iştirakçılarıdır.
Çıxış edənlər vurğulayıblar ki, ABŞ-ın bu regiondakı strategiyası bölgənin bütün ölkələrini əhatə etməlidir. Yaxın Şərq və Cənubi Asiya ölkələrinin enerji siyasəti, habelə qondarma "İraq-Şam İslam Dövləti"nin yaranması və bölgədə döyüş əməliyyatları ilə əlaqədar vəziyyət də müzakirə olunub.
AzərTAc-ın ABŞ-dakı xüsusi müxbiri Bakı-Tiflis-Ceyhan (BTC) layihəsinin həyata keçirilməsi, İsrailin idxal etdiyi neftin 40 faizinin Azərbaycandan nəql olunması, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyətə malik "Cənub qaz dəhlizi" layihəsinin icrasına başlanması faktlarını qeyd edərək ABŞ-ın regionda siyasəti baxımından Azərbaycanın əhəmiyyəti barədə sual verib. Bu sualı cavablandıran səfir Tomas Pikerinq qeyd edib ki, müxbirin sualında sadalanan faktlar özləri Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi üçün alternativ tərəfdaş kimi əhəmiyyətini göstərir.