İŞİD ABŞ-a müharibə elan etdi Dünya

İŞİD ABŞ-a müharibə elan etdi

Türkiyə bölgədəki bütün terror qruplaşmalarına qarşı mübarizədə müttəfiqlərinin yanında olacaq

Cavid

ABŞ-ın İŞİD-ə qarşı hərbi koalisiya yaratmağa çalışdığı bir vaxtda bu terror təşkilatı Vaşinqtona ünvanlanan təhdid dolu bəyanatla çıxış edib. İŞİD rəsmi Vaşinqton və onun koalisiya qüvvələrində təmsil olunan dövlətlərlə haqq-hesab çəkəcəyini elan edib.
Onlar Suriya və İraqda ələ keçirdikləri torpaqlarda ABŞ-ın yeni hücumları ilə üzləşəcəkləri təqdirdə, bu torpaqların onlara məzar olacağı ilə təhdid ediblər.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama İŞİD-i birdəfəlik məhv edəcəyini açıqlayıb və terror qruplaşmasına qarşı yalnız aviazərbələr endiriləcəyini bildirib. Məlumatlara görə, ABŞ ordusu indiyə kimi İŞİD mövqelərinə 167 zərbə endirib.
Son hava reydləri zamanı ABŞ qüvvələri Ərbil yaxınlığında İŞİD-in iki zirehli maşınını və Bağdad ərtrafında bir neçə terrorçu birləşməsini məhv ediblər.
İraqın yeni baş naziri Haidar əl-Abadi isə deyib ki, ölkənin "İslam Dövləti" (İD) yaraqlılarına qarşı mübarizədə xarici quru qüvvələrinə ehtiyac yoxdur. O, beynəlxalq ictimaiyyəti daha çox Suriyadakı İD terrorçularına qarşı kampaniyanı genişləndirməyə çağırıb. Abadi deyib ki, Suriyada terrorçulara hücum edilməsə, İD-ə qarşı mübarizə effekt verməyəcək.
Ağ Ev bir daha rəsmən bəyan etməli olub ki, ABŞ quru qoşunları İraqa göndərilməyəcək. Prezident Barak Obama bir sıra Amerika generallarının İraqa quru qoşunlarının göndərilməli olacağı barədə mülahizələrinə qəti şəkildə son qoymağı qərara alıb.
Bundan bir gün əvvəl Birləşmiş Ştatların nüfuzlu generalları İraqda terrorçular tərəfindən zəbt edilmiş ərazilərin azad olunması üçün ABŞ qoşunlarının bu ölkəyə göndərilə biləcəyi barədə mülahizələr irəli sürmüşdülər.
Floradidadakı hərbi bazalardan birində əsgərlər qarşısında çıxış edən prezident qətiyyətli şəkildə deyib: "Mən sizi və ya Silahlı Qüvvələrimizin hər hansı başqa birləşmələrini daha bir İraq müharibəsinə göndərməyəcəyəm".
Obama bu bəyanatını general Martin Dempseyin Senatdakı dinləməsindəki çıxışından sonra verib. General Dempsey bildirmişdi ki, bəzi situasiyalarda İraq qüvvələrinin Amerika hərbi müşavirlərinə ehtiyacı ola bilər.
Belə bir mülahizə prezident Obamanın liberal dəstəkçilərinin qəzəbinə səbəb olub və o, İraqa Amerika əsgərlərinin göndərilməyəcəyi barədə ilkin bəyanatını təkrar edib:
"Mən aydın şəkildə bildirirəm ki, İraqdakı Amerika qüvvələri heç bir döyüş əməliyyatında iştirak etmirlər və etməyəcəklər".
Obama Mərkəzi Komandanlığın Floridadakı bazada yerləşən qərargahında general Lloyd Austinlə də görüşüb. General Austin İŞİD-ə qarşı hərbi kampaniyaya rəhbərlik edir.
Yeri gəlmişkən, general Austin də Senatdakı dinləmələr zamanı deyib ki, İraqa hava zərbələrini yönləndirmək üçün orada Amerika hərbçilərinin yerləşdirilməsinə ehtiyac ola bilər.
Lakin bir sıra hərbi ekspertlər və Amerika komandanları İraq ordusunun və ya mötədil Suriya müxalifətinin terrorçulara üstün gələ biləcəyinə şübhə ilə yanaşırlar. Onlar bu qənaətdədirlər ki, hətta hava bombardmanlarından sonra da bu qüvvələrin təmizlənmiş ərazini nəzarətə götürə biləcəkləri inandırıcı görünmür.
Amerika hərbi müşavirlərinin təftiş etdikləri 50 İraq briqadasından yarısının zəif komandanlıq və təriqərtçilik kimi problermlərlə üzlədiyi bəlli olub.
Suriyadakı silahlı müxalifətə gəlincə isə, onlar terrorçulardan sayca qat-qat azdırlar və üstəlik prezident Bəşər Əsədə loyal qüvvələr tərəfindən hücumlara məruz qalırlar.
Prezident Obama bəyan edib ki, hava kampaniyasında ABŞ tək olmayacaq. O bildirib ki, 40-dək ölkə kampaniyada bu və ya digər şəkildə iştirak edəcəyini bildirib.
Obama bildirib ki, Fransa və Britaniya artıq kəşfiyyat uçuşlarına başlayıblar, Səudiyyə Ərəbistanı isə öz ərazisində Suriya müxalifətçilərinin hərbi təlimlərinə icazə verib.
Bununla belə Obama deyib ki, elə məsələlər var ki, onları yalnız ABŞ edə bilər. Bir sıra təhlilçilər bildirirlər ki, Barak Obamanın son bəyanatlarına baxmayaraq, indinin özündə İraq torpağında 1600-dək Amerika əsgəri var.
Onların qənaətincə, hələlik yalnız diplomatik missiyanı qoruyan, İraq hökumətinə müşavir qismində kömək edən və əsasən zabitlərdən ibarət olan bu qüvvə gələcəkdə sayca genişlənə bilər.
İraqın yeni baş naziri Haidar əl-Abadi də ABŞ qoşunlarının hər hansı bir şəkildə İraqa yeridiləcəyini istisna edib.
Barak Obamanın ABŞ Mərkəzi Komandanlıq Qərargahındakı çıxışı, ölkənin hüquq-mühafizə orqanlarının xəbərdarlıqları ilə eyni vaxta təsadüf edib.
Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Comey deyib ki, İŞİD Qərbə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün jurnalistlər James Foley və Steven Sotloff kimi girovların yeni ovuna çıxa bilər.
Comey bildirib ki, İraqda ABŞ təyyarələrinin reydləri başlanandan bəri İŞİD, Ağ Evi hədələyən videolar da daxil olmaqla özünün internet təbliğatını intensivləşdirib.
Onu da bildirək ki, Amerika Birləşmiş Ştatları Konqresinin aşağı palatası olan Nümayəndələr Palatası ölkə prezidenti Barak Obamanın İŞİD ekstremist hərəkatına qarşı mübarizə planını təsdiqləyib.
Obamanın planı İŞİD-ə qarşı Suriya müxalifətinin mötədil qoluna yardım edilməsini nəzərdə tutur. Pentaqon Suriya müxalifətini silah-sursatla təchiz edəcək və döyüşçülərə təlim keçəcək, lakin Amerika hərbçiləri hərbi əməliyyatlarda birbaşa iştirak etməyəcəklər.
ABŞ eyni zamanda, İŞİD-ə qarşı mübarizədə İraq hökumətinə də yardımı və müstəqil şəkildə İŞİD mövqelərinə aviazərbələri davam etdirməyi planlaşdırır.
Barak Obamanın planını ABŞ Konqresinin yuxarı palatası olan Senat da dəstəkləməlidir.
Ankarada da regionda baş verənlərlə bağlı narahatlıqlar artır. İraq və Suriyadakı vətəndaş müharibəsi, İŞİD terror təşkilatının regiona təsiri və ABŞ-ın bu təşkilata qarşı başlatdığı mübarizə ilə bağlı qərarlar verilməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə təhlükəsizlik müşavirəsi keçirilib. Çankaya köşkündə baş tutan 3 saatlıq müşavirədə əsas məsələ İŞİD-in müzakirəsi olub.
Toplantıda baş nazir Əhməd Davudoğlu, Silahlı Qüvvələrin Qərargah rəisi Necdət Özəl, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Əfkan Ala, milli müdafiə naziri İsmət Yılmaz, MİT (Milli Kəşfiyyat idarəsi) müşaviri Hakan Fidan, qərargah rəisinin ikinci rəhbəri general Yaşar Gülər, qərargahın əməliyyatlar idarəsinin rəhbəri, komandirlər və bir sıra hökumət nümayəndələri iştirak ediblər.
Başlıca müzakirə mövzusu olan İŞİD-lə bağlı qərar verilərkən bildirilib ki, Türkiyə bölgədəki bütün terror qruplaşmalarına qarşı mübarizədə müttəfiqlərinin yürütdüyü siyasəti dəstəkləyəcək. Beləliklə ABŞ başda olmaqla, koalisiya qüvvələri və İŞİD-ə qarşı mübarizə aparan hər ölkənin yanında olmağa qərar verilib.
Qeyd edək ki, Türkiyə bundan əvvəl koalisyaya qoşulmaqdan imtina etmiş, ABŞ tərəfi isə bunun hər ölkənin öz seçimi olduğunu bildirmişdi.