ABŞ-ın Yaxın Şərq “demokratiya”sı Dünya

ABŞ-ın Yaxın Şərq “demokratiya”sı

Obama "Ərəb baharı" ilə özünü çıxılmaz vəziyyətə saldı

Cavid

Tarix boyunca müxtəlif mənbələr, lüğətlər, ensiklopediyalar demokratiya məfhumunu müxtəlif cür şərh etməyə çalışdılar. Lakin bu gün demokratiyanın ən gözəl tərifi yenə də ABŞ prezidenti Linkolnun məşhur ifadəsi oldu: xalq tərəfindən həyata keçirilən, xalq naminə xalq hakimiyyəti. Bəs görəsən əslində bu belədirmi?
Nasizm, faşizm və kommunizm üzərində qələbəsindən sonra Qərb demokratiyası rejimlərin liderinə və insanların idealına çevrildi. Gözləmək olardı ki, nəhayət yer üzündə əmin-amanlıq bərpa olunacaq, istibdad sona çatacaq, çünki demokratiyanın təşəkkülü baxımından tarixdə heç vaxt mümkün olmayan bir şərait yaranmışdı. Lakin Qərb analitiklərinin özlərinin də qeyd etdiyi kimi, Qərb demokratiyasının ən böyük yanlışı da elə burdan başladı.
Əsas ittiham budur ki, Qərb hər bir siyasi sistemin sosial baza üzərində qurulduğunu nəzərə almaq istəmir. Həmin sosial bazanı isə milli adət-ənənələr, dəyərlər sistemi təşkil edir. Axı Qərbdəki individualizm ilə Şərqdəki kollektivizm fərqli fəlsəfələrə söykənir. Şərqdə böyüklərə (valideynlərə, ağsaqqallara, liderlərə) hörmətlə Qərbdəki münasibət eyni deyil. Pozitiv hüquq normaları ilə mənəvi dəyərlərin Şərq və Qərb cəmiyyətlərindəki alqılanması eyni deyil. Əgər Şərq ilə Qərbin dəyərlər sistemi fərqlidirsə, o zaman şübhəsiz ki, bu fərq onların idarəçilik sistemlərinə də sirayət edəcək.
Qərb isə, hər bir cəmiyyətin spesifikası olduğunu qəbul etmək yerinə, eyforik şəkildə tolerantlıq göstərmədən "qloballaşma dövrünün tələblərinə uyğun olaraq" öz dəyərlərini universal dəyərlər adı altında olduğu kimi bütün dünyaya təlqin etməyə çalışır. Axı bu dəyərlər universal dəyərlər deyil, sadəcə hərbi, iqtisadi, diplomatik, elmi və texnoloji üstünlüklərə sahib olan bir sivilizasiyanın özünəxas dəyərləridir.
Bu nöqteyi-nəzərdən, ortaya bir sıra suallar çıxır: görəsən demokratiya ancaq Qərbə aid siyasi rejimdirmi? Əgər Qərb vahid demokratiya modeli tətbiq etmək istəyirsə, nədən ilk öncə öz daxilində olan 12 monarxiyanın (Böyük Britaniya, İspaniya, Norveç, İsveç, Belçika, Danimarka, Niderland, Lüksemburq, Monako, Andorra, Lixtenşteyn, Vatikan) ləğvini və respublikaçılığa keçidini tələb etmir? Yox, əgər bunu o ölkələrin tarixindən qaynaqlanan səciyyəvi xarakteristikası kimi qəbul edirsə, nədən digər ölkələrin səciyyəvi xarakteristikalarına müdaxilə edir?
Hər zaman siyasi plüralizmin tərəfdarı olan Qərb nədən bir siyasi rejim kimi demokratiyanın da müxtəlif modellərinin harmoniyasını görmək istəmir? Demokratiyanın, misal üçün, Şərq modeli ola bilməzmi? Əgər hər hansı bir Şərq xalqı mütləq surətdə öz liderini dəstəkləyirsə, bu demokratiya deyilmi? Qərb monarxiyaları demokratik hesab olunursa, Şərq monarxiyası olan Yaponiya Qərb ölkəsindən daha az "demokratikdirmi"?
Təəssüf ki, Qərbin gözündə demokratiyanın yüksəlişi kimi görünən bəzi proseslər dünyanın digər dövlətlərinin və millətlərinin gözündə başqa cür təcəssüm olunur. Bir zamanlar hər kəsin ilham aldığı, can atdığı demokratiya artıq 20 ildir ki, təcavüzkar müharibələri (1-ci Körfəz müharibəsi, Əfqanıstanın işğalı, İraqın işğalı, Liviyaya hücum), xaricdən təşkil olunan dövlət çevrilişlərini (Tunis, Misir, Suriya), bombardmanları, qətliamları, parçalanmaları, iqtisadi böhranları (İspaniya, Yunanıstan), iqtisadi asılılığı (Qərbi Avropa ölkələrinin Şərqi Avropa ölkələrinin iqtisadiyyatını asılı hala gətirməsi), ksenofobiyanı, aclığı, səfaləti ifadə edir.
Bəşəriyyəti isə məyus edən odur ki, bütün bu müsibət, bütün bu bəlalar "yaxşılıq", "müqəddəslik" naminə həyata keçirilir. Bir ölkədə xalqın istəmədiyi bir demokratiyanı o xalqın öz qanı bahasına özünə təlqin etdirmək nə qədər demokratikdir?
ABŞ diplomatiyası Yaxın Şərqdə nə qədər hiyləgər siyasət yeritməyə çalışsa da, bir o qədər özünə yeni problemlər yaradır. Hazırda Vaşinqtonun regionda ən böyük sistematik səciyyə daşıyan çətinliyi aydın və məqsədyönlü xəttin istisnalığı, bölgədəki konkret məqsədlərin qavranılması fonunda ölkə daxili ziddiyyətlərin meydana çıxması, eyni zamanda qarşıdakı addımların tam şəkildə nədən ibarət olacağına dair müfəssəl planın ortaya qoyulmaması, proseslərin növbəti axarının ideallara nəzərən həyata keçirilməsidir.
İdeallardan söz düşmüşkən, yaddan çıxarmayaq ki, tarixən Amerika siyasətində onlar vacib rol oynayıb, dövlətçiliyin bazasını təşkil ediblər. Yaxın Şərqdə baş verənlər isə bir növ, həmin idealların münaqişəsinin bariz nümunəsidir. Bəli, arealda Birləşmiş Ştatlar üçün arzuolunmaz səciyyə daşıyan reallıqlar məhz ideyalara sadiqliyi çətinləşdirir, hətta mümkünsüzləşdirir də.
Diqqət yetirək: prezident Barak Obama administrasiyasının "ərəb baharı" ssenarisi ilə avtoritar hakimiyyətlərə qarşı yönəlmiş fəaliyyəti əslində Amerikanın qlobal demokratiyaya dəstəyi ideologiyası ilə izah olunur. Yəni, ideal budur. Məhz bu ideologiyanın arxasınca getmək Vaşinqton üçün çoxsaylı problemlərə yol açır. Nəticədə Birləşmiş Ştatların beynəlxalq təhlükəsizliyinə də ciddi təhdid yaradır.
Əlbəttə, ABŞ-ın xarici siyasətində digər meyllər də mövcuddur. Onların tərəfdarları beynəlxalq münasibətlərə daha realist tərzdə yanaşmağın prioritet səciyyə daşıdığını vurğulayırlar. Belələrinin fikrincə, yalnız Vaşinqtonun birbaşa maraqlarının müdafiəsi ilə bağlı hərəkətləri dəstəkləmək lazımdır. Təbii ki, belə deyilərkən, həmin maraqların çox məhdud çevrəsi əsas götürülür. Mövcud anlamda hazırkı "ərəb baharı" ssenarisinin davamlılığı heç də həyati vacib sayılmır. Fikri dəstəkləyənlər son illər göstərilməsi açıq xarakter daşımış Amerika imkanları və resurslarının istifadəsinin məhdudlaşdırılmasını tələb edirlər. Onların sözlərinə görə, hər cür iddialardan, dünyada demokratiyaya dəstək verilməsinə dair istənilən ambisiyalardan danışmaq mümkündür, ancaq onların gerçəkləşdirilməsi üçün əhəmiyyətli resurslara sahiblik lazımdır ki, kompleks götürsək, indiki dövrdə ABŞ heç həmin resurslara malik də deyil.
Tunisdə, Misirdə, Liviyada, Yəməndə və ərəb dünyasının başqa yerlərində baş verən üsyanlar Dövlət Departamentinin, beynəlxalq hüquq-müdafiə təşkilatlarının, müvafiq tədqiqat unstitutlarının prinsipcə demokratik adlandırdığı dövlətlərin və toplumların sayını artırmadı. Tam əks proseslər yaşandı.
Vaşinqtonun dəstəyi ilə Yaxın Şərqin bir neçə despotu devrildi, digərlərinin mövqeyi isə əhəmiyyətli dərəcədə sarsıldı. Amma bundan udan Amerikamı oldu? "Ərəb baharı" nəticəsində ABŞ nəinki bir sıra çətinliklərlə üzləşdi, eyni zamanda regionun bəzi dövlətlərinin özünə qarşı sistemli birləşməsinə şərait yaratdı. Nəticədə Birləşmiş Ştatların bölgədəki mövqeyinə ciddi xələl gəldiyi aydın göründü.
Bütün deyilənlərdən çıxış edərək bildirmək olar ki, Yaxın Şərq diktatorlarının hakimiyyətdən uzaqlaşdırılmaları Amerika üçün hadisələrin iki axarını müəyyənləşdirir. Bunlardan biri xaosdur, digəri isə məhz yerli əhalisi ABŞ-a kəskin münasibət bəsləyən idarəçilik rejimlərinin formalaşması. Əslində xaosu ortaya qoyan da elə budur. Çünki "ərəb baharı" nəticəsində yaranmış yeni quruluşlarda xalq-hakimiyyət vəhdəti yoxdur.
Vaşinqtonda debatlar prezident Obamanın nə dərəcədə məsuliyyət daşıyıb-daşımadığı ətrafında cərəyan edir. Müxalif Respublikaçılar prezidenti zəiflikdə, qətiyyətsizlikdə ittiham edir, Amerikanın qüdrətindən lazımi şəkildə istifadə etmədiyinə diqqət çəkirlər. Demokratlar isə prezidenti dünyada baş verən hər şeyə görə günahlandırmağı sərsəm hesab edirlər. Onların rəyincə, Barak Obama ehtiyatlı siyasət yürüdür və çalışır ki, imkan daxilində Amerikanı xarici münaqişələrə tərəf etməsin. Onu da danmaq olmaz ki, qanlı İraq müharibəsinin ardınca Amerikada baş qaldıran konfliktdən yayınma meylləri özünü siyasətdə büruzə verib və onun nəticələri artıq gözə dəyməkdədir.
Çəkilmə siyasətinin başlıca komponentləri ABŞ-ın Yaxın Şərqdəki nüfuzunu kəskin azaltmağa yönəlmişdi. ABŞ qüvvələri İraqdan tamamilə çıxarıldı. Bunun Nuri əl-Malikinin yoxsa ABŞ-ın arzusunu əks etdirməsindən asılı olmayaraq aydın oldu ki, Barak Obama İraqda bir nəfər də olsun ABŞ əsgərinin saxlanılmaması qərarı ilə rahat idi və onu İraqın Amerikasız gələcəyi elə də narahat etmirdi. Suriyaya gəldikdə Vaşinqtonun mötədil üsyançılara havadan dəstək, hərbi ləvazimat, silah-sursat verməməsini xatırladır. Prezident Obama əmin idi ki, bu yardım olmadan da Bəşər Əsəd tezliklə devriləcək. Sonradan Əsəd rəqiblərinə qarşı kimyəvi silahdan istifadə edəndə, prezident Obama çəkdiyi qırmızı xəttin bədələni ona ödətdirmək əvəzinə vasitəçilik üçün Əsədin himayədarı olmuş Vladimir Putinə üz tutdu.
"Obamanın Avropada və Yaxın Şərqdə mövcudluğu azaltmaq amacı elə bir şərait yaratdı ki, burada ABŞ strateji fürsətlərə ("Ərəb Baharı") və təhlükələrə (Putinin Avropada xəritəni dəyişdirməsi) cavab vermək iqtidarında deyildi" araşdırmaçı Fred Hiatt yazır. Tunisdə, Misirdə, Suriyada və ərəb dünyasının başqa guşələrində insanlar demokratiya şüarı ilə diktatorlara qarşı üsyana qalxanda Qərb II Dünya Müharibəsinin sonunda olduğu kimi Marşall Planı kimi bir planla çıxış edə bilər və regionun sifətini büsbütün dəyişdirməyə çalışa bilərdi. Hiatt yazır ki, əgər ABŞ bu məsələdə liderliyi ələ alsaydı, Avropa və Amerika birlikdə regionu müasir dünyaya inteqrasiya etmək üçün mühüm ticarət, investisiya və mübadilə imkanları təklif edə bilərdilər. "Amma Obama Misirdə və başqa ölkələrdə baş verənlərə, tarixi fürsət kimi yox, diqqətdən yayındırıcı olaylar kimi baxırdı. Qərb ürkək, qeyri-ardıcıl şəkildə cavab verdi və şans itirildi".
Obamanın Putinlə münasibətləri yenidənqurma ümidləri Kremlin demokratiyanı daxildə əzməsi və xaricdə təcavüzü artırması ilı çilik-çilik oldu. Putinin rus imperiyasını yenidən qurmaq istəyinə Qərbin strateji cavabı yox idi. İraq və Suriyada da Ağ Evin gözləntiləri səhv çıxdı. ABŞ generallarının saxlamaq istədiyi 15 minlik kontingetin yoxluğu İraqın təriqətlərarası ixtilafa yuvarlanmasına yol açdı. Əl-Qaidanın hücumu qarşısında Amerikanın bir vaxtlara möhkəmləndirməyə çalışdığı kövrək ordu və dövlət mexanizmi darmadağın oldu. Suriyada Qərbin dəstəyini ala bilməyən mötdəil üsyançılar uduzmağa başladılar. Əsəd devrilmədi və radikal islamçılar mötədil müxalifətin yerini doldurmağa başladılar. Qəzzafinin devrildiyi Liviyada da oxşar deqradasiya yaşanmağa başladı. Orada vəziyyət elə bir təhlükəli səviyyəyə çatıb ki, ABŞ öz səfirliyini evakuasiya etməyə məcbur olub. "Obama hesab edirdi ki, o, ehtiyalı şəkildə ABŞ-ın qlobal liderlikdən çəkilməsini tənzimləyə bilər. Əvəzində isə xeyli təhlükəli bir dünya əmələ gəlib" - deyə Fred Hiatt ABŞ-ın etdiyi strateji seçimin bədələni önə çəkir.