Beynəlxalq Valyuta Fondu yeni hesabat açıqlayıb Dünya

Beynəlxalq Valyuta Fondu  yeni hesabat açıqlayıb

Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində regional iqtisadiyyatın inkişaf perspektivləri təhlil olunub

Beynəlxalq Valyuta Fondu (BVF) isə "Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində regional iqtisadiyyatın inkişaf perspektivləri" adlı hesabatını açıqlayıb. Hesabatda deyilir ki, Rusiyada iqtisadi artımın ləngiməsi ilə əlaqədar Qafqaz və Mərkəzi Asiya ölkələrində artım tempi təxminən ümumi daxili məhsulun 1 faiz bəndi azalacaq.
Hesabata əsasən, Rusiya ilə sıx əlaqələri olduğuna görə regionda iqtisadi artım bu il 5,5 faiz, gələn il isə bir qədər azalacaq. Qeyd olunur ki, Rusiyadakı iqtisadi vəziyyət müxtəlif kanallar vasitəsilə Qafqaz və Mərkəzi Asiya regionunda artım perspektivlərinə xeyli təsir edib.
BVF-ın proqnozlarına əsasən, Qafqaz və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrində (Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan) iqtisadi artım bu il 5,6 faizədək azalacaq. Halbuki, 2013-cü ildə bu rəqəm 6,8 faiz olub. Hesabatda deyilir ki, bu ölkələr şaxələndirilmiş ixrac bazarları və büdcə ehtiyatları toplamağa imkan verən son illərdə neftin yüksək qiyməti sayəsində Rusiyada artımın yubanmasından müəyyən qədər qorunub. Proqnozlara əsasən, buna baxmayaraq, neft ixrac edən ölkələrdə qeyri-neft sektorunun artımı istehlak kreditləşməsinin yubanması, sərmayədarların ehtiyatlılığının artması, Rusiya və Ukrayna arasında münaqişə ilə əlaqədar geosiyasi risklərin artması səbəbindən təqribən 1 faiz bəndi azalacaq.
Fondun proqnozlarına görə, Qafqaz və Mərkəzi Asiyanın neft idxal edən ölkələrində (Ermənistan, Gürcüstan, Qırğızıstan və Tacikistan) artım tempi bu il ÜDM-in 4,6 faizinədək azalacaq. Həmçinin region ölkələrində inflyasiyanın səviyyəsinin artacağı gözlənilir. Neft ixrac edən ölkələrdə inflyasiya bu il 6,5 faizədək artacaq. Keçən il bu göstərici 6,3 faiz olub. Bu, əsasən, bəzi ölkələrdə milli valyutaların zəifləməsi ilə də əlaqələndirilir.
Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) təşkilatına üzv ölkələrin liderlərinin noyabrın 10-da Pekində keçiriləcək sammiti öncəsi Çin mediasına verdiyi müsahibədə neft qiymətlərinin düşməsindən danışıb.
RİA xəbər agentliyinin verdiyi məlumata görə, Putin bunun arxasında bir sıra ölkələrin siyasətinin dayandığını deyib.
Onun sözlərinə görə, bir sıra ölkələr böhranlar dövründə bu mexanizmdən istifadə edir: "Neftin qiymətlərinin dəyişməsinə siyasi amillər də təsirsiz ötüşmür. Böhran vaxtlarında isə enerji resurslarının qiymətinin müəyyənləşməsində siyasət həmişə üstün olur. Kimlərsə maraqlarına uyğun olaraq enerji qiymətləri isə manipulyasiya etməyə çalışırlar".
Rusiyanı isə defolta gedir. Çünki rubl tarixi minimumuna enib.
Artıq 1 dollar – 46 rubl, 1 avro isə 57 dollar təşkil edir. Nəzərə çatdıraq ki, Rusiya rublun məzənnəsinin saxlanmasına 27,2 milyard dollar və 1,6 milyard avro həcmində intervensiya həyata keçirib.
Rusiya öz valyutasına belə dəstəyi sonuncu dəfə 2008-ci ildə reallaşdırıb. Noyabrın 5-dən sonra isə intervensiyanın həcminin gündəlik 350 milyon dolları ötməməsinə qərar verib. Halbuki əvvəllər bu rəqəm 10 dəfə də arta bilərdi. Bu arada Rusiya Mərkəzi Bankı 2015-ci ildən valyuta dəhlizindən imtina etməyi düşünür. Hazırda valyuta səbətinin 55 faizi dolların, 45 faizi avronun payına düşür.