ABŞ İranı yola gətirəcəkmi? Dünya

ABŞ İranı yola gətirəcəkmi?

Obama buna ümidlidir

Cavid

ABŞ prezidenti Barak Obamanın İranla bağlı işlətdiyi növbəti fikir belə olub: "Hazırda ABŞ-ın əsas vəzifəsi danışıqlar prosesi zamanı İrana təzyiq etməklə istədiklərinə nail olmaqdır".
Obama həmçinin Konqresin ona təqdim edəcəyi istənilən anti-İran xarakterli sanksiyalar paketinə də veto qoyacağını bildirib.
Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akdemiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq, professor Elman Nəsirov deyib ki, Barak Obamanın dediklərinin əsas mahiyyəti ondan ibarətdir ki, ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməsin. Mövcud şəraitdə sanksiyaların tətbiq edilməsi, nəticə etibarı ilə, İranda konservativ qüvvələrin imkanlarını möhkəmləndirəcək. Belə olan halda danışıqlar prosesi pozula bilər.
O qeyd edib ki, İranla bağlı məsələlər ABŞ-ın özündə də çox ciddi problemə çevrilib: "ABŞ-da qanunverici hakimiyyətdə əsas güc Respublikaçıların əlindədir. Buna görə, çoxları güman edirlər ki, bu reallığı nəzərə alan Barak Obama çıxışlarında yumşaq elementlərdən istifadə edəcək. Amma reallıq ondan ibarətdir ki, 2016-cı ildən sonra Obama prezident olmayacaq. Faktiki olaraq amerikan leksikonuna görə o, "axsayan ördək" vəziyyətindədir. ABŞ prezidentinin indiki vəziyyətdə daha zəif mövqedə dayanacağı proqnozlaşdırılırdı. Ancaq o, sərt mövqedən çıxış etdi. Senatorlara və konqresmenlərə ultimatum verdi ki, əgər İrana qarşı sanksiyalar məsələsini gündəmə gətirsələr, ABŞ prezidenti özünün veto hüququndan istifadə edəcək. Bu, bir daha onu göstərir ki, İranla bağlı məsələlər ABŞ-ın özündə də çox ciddi problemə çevrilib".
Politoloqun sözlərinə görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun İrana səfəri zamanı bu ölkə ilə hərbi əməkdaşıq haqqında imzaladığı müqavilə də ciddi sənəddir. Belə ki, rəsmi Moskva bu müqavilə fonunda İranın raket kompleksinin satışına qoyduğu qadağanı aradan qaldıra bilər: "Bu arada İranla Rusiyanın münasibətlərində istiləşmə tendensiyası güclənməkdədir. Bir neçə gün öncə Rusiyanın müdafiə naziri Sergey Şoyqu İrana səfəri zamanı bu ölkə ilə hərbi əməkdaşıq haqqında yeni müqavilə imzaladı. İstisna deyil ki, bu müqavilə fonunda Rusiyanın İranın raket kompleksinin satışına qoyduğu qadağa aradan qaldırıla və silah satışı yenidən bərpa oluna bilər. Qərbin sanksialarına məruz qalmaları bu amil ətrafında Rusiya və İranı birləşdirir. Rəsmi Moskva ilə Tehranın yaxınlaşması o həddə gəlib çatıb ki, İran rəhbərliyi hətta Avrasiya İqtisadi İttifaqına qoşulmaları ilə bağlı məsələni gündəmə gətirib. Bununla bağlı yaxın günlərdə Putinlə İranın nümayəndə heyəti arasında görüşlər keçilib və müəyyən müzakirələr aparılıb. Barak Obamanın İranın nüvə danışıqları çərçivəsində prinsipial mövqedə olması, bununla bağlı Konqreslə qarşıdurmaya belə getməkdən çəkinməməsi, hətta lazım gələrsə, veto hüququndan istifadə etməyə hazır olduğunu bildirməsi onu göstərir ki, hazırki vəziyyətdə beynəlxalq konyekturanı dəyərləndirən ABŞ administrasiyası İranla münasibətləri yumşaltmaq yolunu seçib. Bir məqamı da unutmaq olmaz ki, Konqres Barak Obamanın bütün tədbirlərinin maliyyə məsələlərinə icazə verən təşkilatdır. Yəni konqresin razılığı olmadan hər hansı bir tədbirin maliyyələşməsi mümkün deyil".
Politoloq Nahid Aslansoy isə bildirib ki, Yaxın Şərqdə idarə olunan qeyri-siyasi proseslərin ən aktiv oyunçularından biri olan İranın bu prosesləri mümkün qədər öz xeyrinə dəyişməkdə maraqlıdır. Hal-hazırda ABŞ və İran strateji cəhətdən rəqibdir. Halbuki, Şah dövrü İran və ABŞ əlaqələri olduqca sıx idi. Belə görünür ki, İranın xarici siyasəti ABŞ-ın bu regionda prioritetləri ilə üst-üstə düşmür. Nəzərə alsaq ki, İranda İslam inqilabından sonra Amerikanın Yaxın Şərq siyasətində problem hesab etdiyi İranın və bu ölkənin xarici siyasətində Həsən Ruhani dönəmində bir yumşalma müşahidə olunmaqdadır. Ruhaninin razılaşmaya meylli olması Əhmədinejad zamanında Qərblə gərginləşən münasibətləri yumşaltmaq üçün zəmin yaradıb. Bu dövrdə problemlərin həlli prosesi region dövləti olan Türkiyənin eləcədə iqtidarda olan AKP hökumətinin daxili siyasətində ana xəttini təşkil etməyə başlayır. Türkiyə bu amildən İrana qarşı təzyiq vasitəsi kimi yararlanır. Ankaranın əsas iddiası İranın Türkiyənin başladığı həll prosesinə neqativ təsir göstərməsi ilə bağlıdır. Bu iddia SEPAH və Qüds generalı Qasım Süleymaninin kürt separatçıları ilə əlaqəsi ilə əsaslandırılır: "ABŞ- la yanaşı, Türkiyə ilə İranın Suriyada baş verən qeyri-siyasi sabit vəziyyətlə bağlı toqquşan maraqları var. Bu toqquşma Yaxın Şərqdə gedən geosiyasi proseslərə ciddi təsiri olan hər üç ölkənin münasibətlərini istər-istəməz gərginləşdirir. Çünki hər üç tərəf anlayır ki, Suriya və İraqda gedən proseslərdən uduşlu çıxmamaq həm ABŞ, həm Türkiyənin, həm də İranın dövlət kimi taleyinə, həm də Yaxın Şərqdəki proseslərdə xüsusi çəkisinə neqativ təsir edə bilər. Bu səbəbdən situasiyanın daha geniş təhlilinə, münasibətləri formalaşdıran amillərin araşdırılmasına ehtiyac yaranır.
Bu prosesdə dövlətləin yürütdüyü siyasətin bir qolu da nüfuz müharibəsində Amerika və Rusiya kimi böyük gücləri öz tərəflərinə çəkmək istəyidir. Türkiyənin aktivləşən ABŞ və Rusiya siyasətini, İranın isə nüvə problemi ilə bağlı danışıqlarda aktivləşməsini bu baxımdan da dəyərləndirmək vacibdir".
Politoloq qeyd edib ki, Vaşinqton bu məsələyə "dişlərini sıxaraq" yanaşır. Yaxın Şərqdə cərəyan edən geosiyasi proseslərin fonunda buna sadəcə məcburdur. Çünki Qətər, Səudiyyə Ərəbistanı və Küveytin regiondakı hadisələrə tam təsir edə bilmədiyi getdikcə daha aydın görünür. Xüsusilə Amerikanın bölgədəki nüfuzunun sürətlə düşməsi ABŞ rəhbərliyini narahat edir. İslami faktorun güclənməsindən isə daha çox İran yararlana bilir. Müxtəlif radikal dini qruplar arasında onun nüfuzu və təsir imkanları yüksəkdir. Şübhəsiz ki, hazırkı mürəkkəb geosiyasi şəraitdə Amerika bu məqamdan istifadə etmək istərdi. Rusiya və Çin faktorunun fonunda bu, daha inandırıcı görünür: "Lakin İran məsələsi yalnız dini amillə məhdudlaşmır. Enerji sahəsində dünya miqyasında olduqca maraqlı proseslər gedir. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və neftin qiymətinin sürətlə düşməsi faktiki olaraq vəziyyəti dəyişir. İran enerji ixracının həcmini artıra, Qərbin təklif etdiyi layihələrə qoşula bilər. Bunlardan isə Moskva ehtiyatlanır. Rusiya İranın ona qarşı hərəkət etməsini istəməzdi. Lakin Tehran üçün tarixi fürsət yaranıb. Həmin imkandan böyük dövlətçilik təcrübəsi olan bir ölkənin istifadə etməyəcəyi inandırıcı görünmür. Deməli, Tehranın Qərblə münasibətləri inkişaf etdirməyə çalışacağı əsaslı görünür. Bunun fonunda İranın Rusiya və Çinlə münasibətlərinin məzmunu maraq doğurur. Tehranın həmin qüvvələr arasında manevrlər etməsi mümkündür.
Rusiyadan fərqli olaraq, Avropa İttifaqının Yaxın Şərq siyasətində Amerikanın iradəsindən kənarda hansısa ciddi addım atacağını demək çətindir. Bütün bunlar yuxarıda göstərilən regionda geosiyasi vəziyyətin inkişaf ssenarilərinin özündə bir neçə təhlükəli məqamı saxladığını ifadə edir. Hər şeydən əvvəl, bütövlükdə regionda sabitliyin və davamlı inkişafın təmin olunacağını demək çətindir. Qeyri-müəyyənlik və ixtilaflara apara bilən risklərin bir müddət qalacağını proqnozlaşdırmaq olar".