Sarkisyanı divara dirəyiblər Dünya

Sarkisyanı divara dirəyiblər

Ovanes İgityan: "Sarkisyanın problemi ondadır ki, onu legitim prezident kimi qəbul etmirlər"

Cavid

Ermənistanın paytaxtı İrəvan yenə qaynayır. Ötən bazar şəhərdə yenə mitinq keçirilib. Erməni Milli Konqresinin tərəfdarlarının qatıldığı aksiya paytaxtın mərkəzi Azadlıq meydanında başlayıb. Mitinq qanlı mart hadisələrinin 7-ci ildönümü səbəbilə keçirilib. Həmin qarşıdurma nəticəsində rəsmi məlumatlara görə, 8 etirazçı və daxili qoşunların 2 əməkdaşı ölmüşdü. Tribunada Erməni milli konqresinin rəhbərləri, həmçinin ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyan dayanıb. Ermənistan Milli Konqresinin (EMK) parlament fraksiyasının katibi Aram Manukyan isə mitinqdə insanlar qarşısında çıxış edərək bildirib ki, "7 il əvvəl bugünkü gündə Ermənistan hakimiyyəti səhər silahsız insanlara hücum edib və 2 gün ərzində ölkədə talanlar törədib. Nəticədə 10 adam ölüb, 150-dən çox insan yaralanıb. Bundan sonra ölkə avtoritar ölkəyə çevrilib. Faciəvi hadisələrin təşkilatçıları və icraçıları hələ də cəzalandırılmayıblar". Mitinq iştirakçıları öldürülənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Xatırladaq ki, 2008-ci ilin 19 fevral prezident seçkisindən sonra İrəvanda kütləvi aksiyalar keçirilmişdi. Martın 1-də polisin kütləni silah gücü ilə dağıtması zamanı 10 nəfər öldürülmüş, daha 200 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdı.
EMK lideri Levon Ter-Petrosyan açıqlama verib ki, Konqresin rəhbərliyi yaxın 2 ay rəzində heç bir kütləvi etiraz aksiyası keçirməyəcək. Onun sözlərinə görə, ölkənin müxalifət düşərgəsində tək qaldığına görə, aksiyalara ara veriləcək: "Biz hazırda öz gücümüzü nəyə çatacağını müəyyən etməliyik. Cərəyan edən hadisələr ətrafında düzgün qərar verməli, daha sonra kütləvi etiraz aksiyalarına başlamalıyıq. Bunun üçün bizə iki ay kifayət edəcək".
Qeyd edək ki, Ermənistanda aksiyaların keçirilməsində əsas məqsəd prezident Serj Sarkisyanın istefasını tələb etməkdir. Müxalifət düşərgəsində Serj Sarkisyanın ən güclü rəqibi "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyandır.
Prezident Serj Sərkisyan onun haqqında bildirmişdi ki, Tsarukyan siyasi proseslərdən kənarlaşdırılmalıdır. Buna cavab olaraq Tsarukyan tərəfdarlarını küçələrə çıxmağa və Sərkisyanın istefasını tələb etməyə çağırıb.
"Haykakan Jamanak" qəzeti yazır ki, yeni müxalifət birliyinin rəhbəri Paruyr Hayrikyan deyib: "Müxalifətin bu israrlı birliyi Sarkisyannın siyasətinə olan nifrətin göstəricisidir".
Hayrikyan bildirib ki, kiçik və orta miqyaslı partiyaların 2016-cı il seçkilərində tam şəkildə Sarkisyana qarşı vahid cəbhədə mübarizə aparacağı yaxınlarda dəqiqləşəcək: "Partiya rəhbərləri ilə görüşlər fevralın 9-dan başlayıb. Artıq yeddi müxalifət partiyasının gələn prezident seçkisində birgə mübarizəyə qoşulması dəqiqləşib. 7 partiya hələlik razılaşmaya imza atıb. Bunlar Müqəddarat Təyini Birliyi Partiyası (MTBP), Miras Partiyası (MP), Erməni Milli Konqresi (EMK), Sərbəst Demokratlar İttifaqı (SDİ), Qurucu Məclis Partiyası (QMP), Mühafizəkarlar Birliyi və Demokratik Vətən Partiyasıdır. Müxalifətin bu israrlı birliyi Serjik diktaturasına olan nifrətin göstəricisidir. Biz Sarkisyanla mübarizənin tək yolunu birlikdə görürük".
Onu da bildirək ki, Ermənistan parlamentində prezident Serj Sarkisyana impiçmentin elan edilməsi haqqında qanun layihəsi də müzakirəyə çıxarılıb. Uzun sürən müzakirələrdən sonra layihə qəbul edilməyib. Qanun layihəsinin lehinə 4, əleyhinə isə 68 deputat səs verib. Bitərəf qalan olmayıb. Qeyd edək ki, qanun layihəsinin müəllifi deputat Nikol Paşinyandır. Paşinyanın sözlərinə görə, Serj Sarkisyanın bu yaxınlarda Ermənistanın hakim Respublika Partiyasının iclasındakı çıxışı göstərdi ki, o, Cinayət Məcəlləsinin 308-ci maddəsini (xidməti vəzifələrinin yerinə yetirilməməsi, digər şəxsi maraq və ya qrup maraqlarını əsas tutmaq, tamah) pozub. Deputatın sözlərinə görə, Sarkisyan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın yol verdiyi qanun pozuntularını əvvəldən bilsə də, onları araşdırmayıb. Paşinyan iddia edir ki, Sarkisyan Konstitusiyanın 14.1-ci maddəsinin tələblərini də pozub. Deputatın fikrincə, Sarkisyan ayrı-seçkilik yanaşması göstərərək, "Çiçəklənən Ermənistan" partiyasına havadarlıq edirdi. Paşinyan bildirib ki, Serj Sarkisyanı Ermənistan prezidenti hesab etmir.
Politoloq Ovanes İgityan isə keçirdiyi mətbuat konfransında deyib ki, Serj Sarkisyanın problemi ondadır ki, onu Ermənistanın prezidenti hesab etmirlər. Politoloq ölkədaxili siyasi olayları təhlil edərkən deyib ki, Serj Sarkisyanı legitim prezident kimi qəbul etmirlər. İgityan Ermənistanda oliqarxiyanın vüsət almasına da toxunub və bildirib ki, Ermənistanda oliqarxiyanın əsasını ikinci prezident olmuş Robert Köçəryan qoyub: "Sarkisyan isə bu idarəçiliyi onun əlindən alıb. Çünki onun başqa cür seçilməsinə imkan yox idi. Seçkilərin keçirilməsini isə normal qəbul etmək olmaz. Bu, məntiqsiz olardı. Ölkədə keçirilən prezident seçkilərində seçicilər pulla ələ alınmışdılar".
Düzdür, məsələnin müzakirəsi təxirə salınsa da, əsas odur ki, artıq bununla bağlı müzakirə aparılıb. Əksəriyyət hesab edir ki, Serj Sarkisyan Ermənistanın 1991-ci ildə müstəqillik qazanmasından etibarən bu ölkəyə rəhbərlik etmiş ən zəif prezidentdir. Onun prezidentliyi dövründə ermənilərin əzabları daha da artıb. Uğursuzluqlar, demək olar, ölkə həyatının bütün sahələrini əhatə edib. İqtisadi sahədə yerli iş adamlarına qarşı terror siyasəti dövlət səviyyəsinə yüksəldilib, ölkə iqtisadiyyatı eniş dövrünü yaşayır, investisiyalar kəskin azalıb, yoxsulluğun səviyyəsi isə artıb. Mühacirət ordusunun sıraları güclənib. Ölkə Rusiyanın tam nəzarətinə keçib. Prosesin son mərhələsi isə Ermənistanın Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına qoşulması oldu.
Prezidentliyə mart hadisələrində xalqın qanını tökməklə gələn Sarkisyana qarşı ölkə tarixində ən güclü müxalifət bloku yaradılıb. "Çiçəklənən Ermənistan", Erməni Milli Konqresi və "İrs" üçlüyü mütəmadi olaraq əhalini mitinqlərə və rejimə qarşı mübarizə aparmağa səsləyir. Rusiyalı hərbçinin 7 ermənini qətlə yetirməsi zamanı isə Sarkisyanın mövqesizliyi onun oyuncaq fiqur olduğunu göstərdi.
Sarkisyana qarşı impiçment qərarının baş tutmamasının səbəbi hakim partiyanı təmsil edən deputatların çoxluqda olmasıdır. Müxalifət tərəfdarları parlamentdə azlıqdadır. İmpiçment tətbiq etmək üçün deputatların səslərinin dörddə üçünü yığmaq lazımdır. İstənilən halda isə impiçment məsələsi Sarkisyanın nüfuzunun aşağı düşməsinə səbəb olacaq.
Tert.am isə xəbər verir ki, bərə görə, qovulmuş Qagik Sarukyan deyib ki, Sarkisyanın impiçment məsələsinin dondurulmasında onun rolu olub. Sarukyan bildirib ki, erməni Millət Məclisində deputat mandatının dondurulmasına görə, gətirdiyi bəhanələr absurddur: "Məni parlamentin iclaslarında çox az iştirak etdiyimi əsas gətirirlər. Bu Serjik diktaturasının xalqa satdığı növbəti yalandır. Son aylar məclisin iclaslarında olduqca ax sayda deputat iştirak edir. Sarkisyanın məclisdəki qohumları demək olar ki, ickaslara olduqca az-az qatılırlar. Bəs onlar niyə qovulmur? Düşünürəm ki, mənim parlament mandatımın dondurulmsında prezident Sarkisyanın əli var. Bu da başadüşüləndir. Qabaqdan seçkilər gəlir. Hamısı ona hesablanıb".
Xatırladaq ki, hazırda müxalifət düşərgəsində olan Qagik Sarukyan bir neçə il öncəyə qədər işöalçı ölkə rəhbəri Serj Sarkisyanın yaxın silahdaşlarından olub.