

Baş verən nümayişlərdə indiyədək 95 polis yaralanıb, 37 polis avtomobili yandırılıb və yararsız hala salınıb, 200 nümayiş iştirakçısı isə həbs edilib
Qazaxıstan hökumətinin maye qazın qiymətinin qaldırması və avtomobillər üçün benzinə alternativ olan qaz yanacağının qiymətinin artmasından sonra ölkənin bir neçə şəhərində etirazlar davam edir.
“Amerikanın Səsi” yazır ki, etirazlarda minlərlə insan iştirak edib. Aksiyalar yanvarın 2-dən, maye qaz üçün maksimum qiymət məhdudiyyətlərinin ləğv edildiyi gündən başlayıb.
Qazaxıstanın şimal-qərbində yerləşən Aktobe şəhərində yanacağın bahalaşmasına etiraz edən avtomobil sürücüləri polis kordonunu yarıb və şəhər bələdiyyəsi binasına doğru yürüş ediblər. Etirazçılar qazın qiymətinin endirilməsini tələb ediblər. Keçmiş prezident Nursultan Nazarbayevin siyasətdən geri çəkilməsini tələb edən şüarlar da var.
Ölkənin qərbində Qazaxıstanın neft sənayesinin mərkəzi sayılan Janaozen şəhərində etiraz aksiyaları keçirilib. 2011-ci ildə burada müstəqil Qazaxıstan tarixində etirazçılarla asayiş qüvvələri arasında qanlı toqquşmalar baş verib. Bu toqquşmalarda onlarla insan həyatını itirib.
Hazırkı etirazlar zamanı Janaozendə etirazçılar maye qazın qiymətinin 1 litr üçün 120 tengedən (0,27 dollar) keçən il satıldığı səviyyəyə qədər iki dəfə azaldılmasını tələb ediblər.
Qiymətin dörddə bir azaldılması ilə bağlı razılıq əldə edilib, lakin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin başçılıq etdiyi ölkə rəhbərliyi istehsal xərclərinə görə növbəti endirimlərin mümkün olmadığını bildirib.
Etiraz aksiyaları Manqistau vilayətinin inzibati mərkəzi olan Aktau şəhərinə, eləcə də “Tengizşevroil” şirkətinin subkontraktorlarının istifadə etdiyi fəhlə qəsəbəsinə yayılıb.
Yanvarın 3-də və 4-də Almatı şəhərinin baş meydanı polis tərəfindən mühasirəyə alınıb.
Şəhərin mərkəzində mobil internet bağlanıb. Yanvarın 4-də Tokayev Twitter-də bildirib ki, problemin “sabitlik maraqları naminə” həllini tapmaq üçün Aktauda hökumət komissiyası işə başlayıb.
“Azadlıq” radiosunun Qazax xidmətinin məlumatına görə, yanvarın 4-də Almatıda “Qazaxıstan Demokratik Partiyası”nın yaradılması üzrə təşəbbüs qrupunun aksiyası keçirilən yerdə yüzə yaxın adam polis tərəfindən saxlanılıb. “Oyan, Qazaxıstan” hərəkatının yürüşü zamanı daha 50 nəfərin saxlanıldığı bildirilir.
Qazaxıstanda ictimai etirazlara nadir hallarda rast gəlinir. Bundan əlavə, təşkilatçılar öz planlarını əvvəlcədən bildirmədiyi etmədikləri hallarda ölkədə etirazlar qanunsuz sayılırlar.
Almatıda polis meriya binasına girməyə cəhd edən yüzlərlə etirazçını dağıtmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib.
Almatıda yenidən iğtişaşlar başlayıb, Respublika meydanı polis tərəfindən zirehli nəqliyyat vasitələri ilə əhatəyə alınıb, şəhərin müxtəlif yerlərində səs qumbaraatanlarının partlayışları eşidilib.
Qazaxıstanda baş verən son toqquşmalarda xeyli sayda xəsarət alanlar və həbs olunanlar var.
Qazaxıstan mediası xəbər verir ki, baş verən nümayişlərdə indiyədək 95 polis yaralanıb, 37 polis avtomobili yandırılıb və yararsız hala salınıb, 200 nümayiş iştirakçısı isə həbs edilib.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Almatı şəhəri və Mangistau əyalətində etirazlardan dolayı fövqəladə vəziyyət elan edib.
Fövqəladə vəziyyət yanvarın 19-dək tətbiq edilir. Prezidentin sərəncamı ilə gecə saat 23-dən səhər saat 7-yə kimi komendant saatı tətbiq olunacaq.
Qərara görə, kütləvi tədbirlərin keçirilməsi qadağan edilir, insanların və nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırlır.
Prezident deyib ki, "İçəridən və ya xaricdən təxribata uymayın. Dövlət binalarına basqın etmək çağırışlarına məhəl qoymayın. Bu, cinayətdir və cəzalandırılacaq. Hökumət devrilməyəcək, amma bu münaqişə bizə lazım deyil".
Bəzi etirazçılar "Qocalar çıxıb getsin" və "Hökumət istefa versin" şüarları səsləndiriblər.
Telegram, Signal və WhatsApp kimi mesajlaşma proqramları bloklanıb və aksiya xəbərlərini yayan iki internet saytı bağlanıb.
Prezident Qasım Jomart Tokayev hökuməti istefaya göndərib. Bu barədə Tokayev fərman imzalayıb.
Fərmanda hökumət üzvlərinə Nazirlər Kabinetinin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini yerinə yetirməkdə davam etmək tapşırılıb.
Qazaxıstan baş nazirinin səlahiyyətləri müvəqqəti olaraq Alixan Smaylova tapşırılıb.
Ölkə başçısı bununla bərabər fövqəladə vəziyyət elan edilən Mangistau vilayəti ilə bağlı yeni iqtisadi proqramı və prioritet vəzifələri açıqlayıb.
Yeri gəlmişkən, Qazaxıstan hüquq-mühafizə orqanları Janaozen şəhərindəki qaz emalı zavodunun direktoru Nakbergen Tulepovu saxlayıb.
Məlumata görə, Maliyyə Monitorinqi Departamenti maye qazın qiymətini heç bir səbəb olmadan qaldıran Tulepovla bağlı ibtidai istintaqa başlayıb.
Onu da qeyd edək ki, nümayişlərin başladığı, neftlə zəngin Mangistau bölgəsinin Janaozen şəhərində 2011-ci ildə maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil edən neftçilərin etirazına təhlükəsizlik qüvvələri müdaxilə etmiş və 14 nəfər həlak olmuşdu.
Təhlükəsizlik qüvvələrinin 2011-ci ildəki müdaxiləsi Qazaxıstan 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etdikdən sonra tarixinin ən qanlı hadisəsi olub.
Ölkəni 30 ilə yaxın idarə edən qurucu lider Nursultan Nazarbayev 2019-cu ildə Prezident postunu tərk edib və onun yerinə Nazarbayevin dəstəklədiyi Qasım-Jomart Tokayev seçilib.
81 yaşlı Nazarbayev Prezidentlikdən getməsinə baxmayaraq, hələ də ölkə idarəçiliyində aktiv rol oynayır.
Təhlükəsizlik Şurasının sədri vəzifəsini davam etdirən Nazarbayevin "Millət Lideri" kimi yurisdiksiyadan toxunulmazlıq kimi bir sıra imtiyazları var.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu son günlər Qazaxıstanda baş verən qarışıqlığı şərh edərkən deyib ki, bundan əvvəlki müsahibələrimdə demişdim ki, Ukraynanı boş verin, əsas zərbə Qazaxıstana gələcək və bu da səbəbsiz deyil. Qazaxıstanda isə son illər ərzində dövlətin və dövlətçiliyin möhkəmləndirilməsi üçün misilsiz işlər görülürdü. Ölkə tarixindən tutmuş iqtisadiyyatına qədər sürətlə inkişaf etdirilirdi. Bu da təbii ki, uzaqgörən güclər üçün yaxşı heç nə vəd edə bilməzdi.
Siyasi şərhçi bildirib ki, Qazaxıstan prezidenti artıq Nazirlər Kabinetinin buraxılması ilə düzgün olan addımı atdı, amma bu, hələ təhlükənin tam sovuşması anlamına gəlməməlidir.
“Postsovet ölkələrə təsir imkanları yetərincədir, odur ki, hələ başqa sürprizlər də gözlənilməlidir.
Dəfələrlə demişəm, bütün postsovet ölkələrində ən dağıdıcı qurumlar Nazirlər Kabinetidir, ona görə də onları ya buraxıb yenidən formalaşdırmaq, ya da birdəfəlik ləğv etmək lazımdır”.
Ə.Oruclunun sözlərinə görə, prezident üsul-idarəsi olan ölkədə Nazirlər Kabinetinin fəaliyyəti yalnız dağıdıcı qərarlar qəbul edərək, ölkənin inkişafı üçün maneələr yaratmaqdan ibarətdir.
“Ümumiyyətlə isə birdəfəlik parlament üsul-idarəsinə keçmək lazımdır.
Gürcüstanın və Ermənistanın təcrübəsi göstərir ki, bu halda ölkəyə xarici təsirləri minimuma endirmək mümkün olur, çünki baş nazir təkcə hökumətin başçısı deyil, həm də parlament çoxluğunun rəhbəri olur”.
Cavid