“Çin məhsullarından imtina edilsin” Hadisə

“Çin məhsullarından imtina edilsin”

Zəlimxan Məmmədli: "Öldürülən və əzab verilən uyğurların sayı qədər Çin bayrağı ayaqlar altına atılsın və simvolik olaraq yandırılsın"

Qubad İbadoğlu: "Süni olaraq yaradılan qarşıdurmalar uyğurların doğma yurdlarından didərgin salınmasına xidmət edir"

Uyğurlara qarşı Çin zülmü davam edir. Şərqi Türküstan kimi tanınan Sincan Uyğur Muxtar Bölgəsində yaşayan müsəlmanlara Ramazan ayı ərzində oruc tutmaları qadağan edilib. Müsəlmanlar tərəfindən işlədilən dükan və restoranlara isə ay ərzində siqaret və alkollu içki satmaq əmr edilib. Əks halda, iş yerlərinin bağlanacağı bildirilib. Çinin Sincan Uyğur Muxtar Bölgəsində yaşayan müsəlmanlara Ramazan ayında zorla içki içirdilir, işgəncələr verilir. Türkiyə mediasının yaydığı məlumata görə, sosial şəbəkələrdə baş verən hadisələrin fotoları da yayılıb. Dünya Uyğur Konqresinin sədrinin köməkçisi və Kayseridə yerləşən Şərqi Türküstanlılar Dərnəyinin başçısı Seyit Tümtürk bildirib ki, Çin hökuməti tərəfindən uyğur türklərinə oruc tutulması qadağan edilib. Onun sözlərinə görə, Kaşğar şəhərində oruc tutan 18 müsəlman vəhşicəsinə öldürülüb. Sözügedən məsələ ilə əlaqədar Çinin Türkiyədəki səfiri Ankarada Xarici İşlər Nazirliyinə çağırılıb, baş verənlərlə bağlı narahatçılıq ona çatdırılıb.
Azərbaycanda da uyğur türklərinə qarşı törədilən vəhşilik etiraza səbəb olub. Bir qrup gənc Çinin Bakıdakı səfirliyinin önündə etiraz aksiyası keçirib.
"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də çin vəhşiliyi ilə bağlı çağırış edib: "Uyğur türklərinə qarşı soyqırım dayandırılsın. Bu gün Çində uyğur türklərinə qarşı törədilən insanlığa sığmayan vəhşilikləri durdurmaq tələbi Çinin ölkəmizdəki səfirliyi qarşısında gənclərimizin möhtəşəm etiraz aksiyaları ilə keçirildi. Bu aksiyanın təşkilində fədakarlıq edən qəhrəman gəncliyimizə təşəkkür edirəm. Təklif edərdim ki, bu aksiyalar davamlı olsun; bütün növ Çin məhsullarından imtina edilsin; öldürülən və əzab verilən uyğurların sayı qədər Çin bayrağı ayaqlar altına atılsın və simvolik olaraq yandırılsın".
Çin hökumətinin Şərqi Türküstana qarşı təzyiqçi siyasətinə münasibət bildirən ADR Hərəkatının sədri Qubad İbadoğlu deyib ki, son ibadət qadağası uyğurlara qarşı davamlı təzyiqlərin tərkib hissəsi sayılır: "Dünyanın ən repressiv ölkələrindən biri olan Çində uyğur türklərinə tətbiq olunan ibadət qadağası ilə onların qətliamını bir daha gündəmə gətirdi. Bu ölkədə uyğurlara qarşı tətbiq olunan amansız qaydalar, onların bütün səviyyələrdə sıxışdırılmaları, süni olaraq yaradılan qarşıdurmalar uyğurların doğma yurdlarından didərgin salınmasına xidmət edir. Son ibadət qadağası da bu sıradan olan davamlı təzyiqlərin tərkib hissəsi sayılır. Bakıda bir qrup fəalın uyğurların qətliamına etiraz olaraq Çinin Azərbaycandakı səfirliyi qarşısında təşkil etdiyi aksiyada mövqe nümayiş etdirsə də onu daha da güclü və yüksək səviyyədə təqdim etməyə ehtiyac var. Odur ki, dostları bu məsələdə həmrəy olmağa dəvət edirəm".
Qeyd edək ki, Tailandda saxlanılan 173 uyğur türkü Türkiyəyə gətirilib.
Qadın və uşaqlardan ibarət olan heyət təyyarə ilə İstanbula, oradan isə Kayseriyə aparılıb. Bununla Kayseridə məskunlaşan Çin vətəndaşı olan qaçqın uyğurların sayı minə çatıb. Çindən qaçdıqdan sonra 13 mart 2014-cü ildə "sərhəd pozuntusu"na görə Tailand hökuməti tərəfindən saxlanılan və Çinə təhvil veriləcəyi söylənilən qadın və uşaqlar Türkiyə hökumətinin müdaxiləsi sayəsində xüsusi təyyarə ilə Banqkokdan İstanbula gətirilib. Dünya Uyğur Konqresinin sədr müavini Seyid Tümtürk göstərdiyi köməkliyə görə Türkiyə hökumətinə təşəkkür edib.
Bu hadisələrdən sonra "Cyber-Warrior Akıncılar" kimi tanınan Türkiyənin haker qrupu Çin Kommunist Partiyası, Xalq məhkəməsi, HongKong universiteti başda olmaqla bir çox təşkilat, qurumun saytlarını alt-üst ediblər. Hakerlər verdikləri açıqlamada "bütün müsəlmanlara əzab verilir. Realda heç nə edə bilmirik. Lakin virtual aləmdə onları dayandıra bilirik" deyiblər.

Əli