
Bu gün Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Beynəlxalq maliyyə sahəsində əməkdaşlıq: iqtisadi artım üçün tərəfdaşlığın gücləndirilməsi” mövzusunda sessiya keçirilib.
“APA-Economics” xəbər verir ki, sessiyanın “Qlobal maliyyə proqnozu və regional təsir” mövzusuna həsr olunmuş hissəsində maliyyə naziri Sahil Babayev və Mərkəzi Bankın sədri Taleh Kazımov çıxış ediblər.
Sessiyada nazir Sahil Babayev Azərbaycanda makroiqtisadi sabitlik və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə olunan nəticələr, iqtisadi artımın dəstəklənməsində fiskal siyasətin rolu və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə məlumat verib.
S.Babayev Azərbaycan iqtisadiyyatının dayanıqlı makroiqtisadi təməllər üzərində inkişaf etdiyini, iqtisadi artımda qeyri-neft sektorunun aparıcı rolunun təmin olunduğunu bildirib. Qeyd olunub ki, ortamüddətli fiskal siyasətin əsas istiqamətlərindən biri dövlət maliyyəsinin neft gəlirlərindən asılılığının mərhələli şəkildə azaldılmasıdır. Bu çərçivədə dövlət büdcəsi gəlirlərində neft gəlirlərinin payının 2030-cu ilədək 30 faizə qədər azaldılması nəzərdə tutulur.
Nazir qayda əsaslı fiskal çərçivənin makroiqtisadi sabitliyin əsas dayaqlarından olduğunu vurğulayıb. Bildirib ki, qeyri-neft kəsirinin davamlı azaldılması və dövlət borcunun ÜDM-ə nisbətinin ortamüddətli dövrdə dayanıqlı səviyyədə saxlanılması hədəflənir. Eyni zamanda, irihəcmli strateji valyuta ehtiyatları Azərbaycanın xarici şoklara qarşı müqavimət imkanlarını gücləndirir.
S.Babayev qeyd edib ki, güclü fiskal buferlər və makroiqtisadi sabitlik beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın investisiya səviyyəli suveren kredit reytinqləri almasına da imkan verib. Belə ki, “Fitch Ratings” və “Moody’s” tərəfindən Azərbaycanın suveren kredit reytinqinin yüksək qiymətləndirilməsi ölkənin möhkəm fiskal dayanıqlığını əks etdirir.
Çıxışında nazir Azərbaycanın uzunmüddətli inkişafında dövlət investisiyalarının roluna da toxunub, bildirilib ki, son 6 ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına 25 milyard manat vəsait ayrılıb və bu vəsait hesabına yol, su, enerji, yaşayış və sosial infrastruktur layihələri icra olunub. Bununla yanaşı, 2021–2026-cı illərdə ölkənin digər ərazilərində infrastrukturun yenilənməsinə yönəlmiş layihələrə 16 milyard manat sərf olunub.
Ölkəmiz ilə beynəlxalq maliyyə institutları arasında uzunmüddətli və səmərəli əməkdaşlığın formalaşdığını bildirən S.Babayev Azərbaycanın Dünya Bankı Qrupu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı ilə geniş əməkdaşlıq həyata keçirdiyini qeyd edib. Nazir növbəti mərhələdə beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsinin və maliyyə alətlərinin şaxələndirilməsinin mühüm prioritetlərdən biri olduğunu vurğulayıb. Bildirilib ki, beynəlxalq maliyyə resursları iri infrastruktur, yaşıl enerji və regional layihələrin həyata keçirilməsində mühüm rol oynaya bilər. Xüsusilə Orta Dəhliz və yaşıl enerji dəhlizi kimi regional təşəbbüslərin beynəlxalq maliyyə institutlarının fəal iştirakı üçün əhəmiyyətli istiqamətlər olduğu qeyd olunub.
Eyni zamanda qeyd edilib ki, beynəlxalq maliyyə institutlarının layihələrdə iştirakı risk profilinin yaxşılaşdırılmasına, layihələrin özəl investorlar üçün daha cəlbedici olmasına imkan yarada bilər. Bu isə dövlət resurslarının daha böyük həcmdə özəl və institusional kapital ilə tamamlanmasına şərait yaradacaq.
Çıxışlarda maliyyə risklərinin bölüşdürülməsi və özəl maliyyənin cəlb edilməsi baxımından birgə maliyyələşdirmə, zəmanətlər və digər riskbölüşdürmə alətlərindən, həmçinin qarışıq maliyyələşdirmə, dövlət-özəl tərəfdaşlığı və digər innovativ maliyyə mexanizmlərindən daha geniş istifadə edilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin, beynəlxalq maliyyə institutlarının yalnız maliyyə resurslarının təminatçısı kimi deyil, beynəlxalq bilik və təcrübənin ötürülməsi, qabaqcıl standartların və texnologiyaların tətbiqi baxımından rolu diqqətə çatdırılıb.
Sessiyanın sonunda keçirilən panel müzakirələrdə Azərbaycanın artım gündəliyinin dəstəklənməsində çoxtərəfli inkişaf bankları, özəl investorlar və maliyyə institutlarının rolu, infrastruktur, sənaye inkişafı və regional əlaqələr üçün beynəlxalq kapitalın cəlb edilməsi, kredit reytinqləri, bazar inteqrasiyasını dəstəkləmək üçün rəqəmsal ödənişlər, maliyyə infrastrukturu və qlobal operatorlarla tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.