Rüfət Mahmud: İçərişəhərdə səs siqnallarından istifadə mühiti pozur, bunun üzərində işləyirik Mədəniyyət

Rüfət Mahmud: İçərişəhərdə səs siqnallarından istifadə mühiti pozur, bunun üzərində işləyirik

“İçərişəhərdə yaşamağın nə qədər çox üstünlüyü olsa da, müəyyən çətinlikləri də var. Onlardan biri də giriş-çıxışla bağlı qaydalardır”.

Bunu APA və “Xəzər” TV-yə müsahibəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud deyib.

O bildirib ki, bu mövzu bəlkə də ən çox müzakirə olunanlardandır: “Söhbət giriş-çıxışın tam məhdudlaşdırılmasından getmir. Dünya təcrübəsində biz görürük ki, hansı şəhərlərdə maşınların giriş-çıxışına tam qadağa qoyulursa, sakinlər və sahibkarlar üçün həyat daha da çətinləşir. Bunun üçün bizim yanaşmamız İçərişəhərə maşınların düzgün tənzimləmə əsasında daxil olmasıdır. 1 il ərzində bu istiqamətdə çox böyük işlər görülüb. İlk olaraq, İçərişəhərə giriş-çıxış tam avtomatlaşdırılıb, girişdə ikizolaqlı giriş təşkil olunub ki, bu zolaqların biri sakinləri, digəri isə qonaqlar üçün nəzərdə tutulub”.

Rüfət Mahmud qeyd edib ki, qonaqlar üçün girişin maksimum limiti müəyyənləşdirilib, ödəniş prosedurları sadələşdirilib və ilk dəfə Azərbaycanda yerində ödəniş imkanı təqdim olunub: “Eyni zamanda ərazidə parklanma yerləri işarələnib və Dövlət Yol Polisi İdarəsi ilə birgə daimi olaraq monitorinq aparılır. Tam əminliklə deyə bilərik ki, bu gün nəqliyyat sistemi tam nəzarətə götürülüb və təşkil olunub. Burada sürücülərdən də asılı olan nüanslar var. Çox ciddi sürət limiti müəyyən edilib. Həmçinin, İçərişəhərdə səs siqnallarından istifadə ümumi mühiti pozan amillərdəndir. Bunun üzərində də işləyirik. Növbəti addımlarda da bu sistemin daha da təkmilləşdirilməsi, “ağıllı kamera”ların quraşdırılması və bunun köməyi ilə ümumi hərəkətin daha təkmil şəkildə idarə olunmasını hədəfləyirik”.

Qeyd edək ki, müsahibə bu gün saat 20:00-da APA İnformasiya Agentliyində və “Xəzər” televiziya kanalında yayımlanacaq.