Elmi-Tədqiqat İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib Hadisə

Elmi-Tədqiqat İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

27 Sentyabr – Anım Günü münasibətilə Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTBETİ) rəhbərliyi və kollektivi əvvəlcə Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.

Ziyarətdən sonra BMTBETİ-də anım tədbiri keçirilib.

Mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov “Anım Gününün tarixi və əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, 27 Sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın müasir tarixindəki mühüm rolundan bəhs edib. Qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnib. Bildirib ki, 27 sentyabrın Anım Günü kimi təsis edilməsi şəhidlərimizin xatirəsinə ehtiramın dövlət səviyyəsində ifadəsinin göstəricisidir. Məruzədə Vətən müharibəsinin nəticələri, Azərbaycanın həyatında yaratdığı yeni reallıqlar və Böyük Zəfərin ölkəmizin gələcək inkişafı baxımından əhəmiyyəti barədə fikirlər səsləndirilib.

Daha sonra institutun şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Qabil Bayramov “Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi strategiyası” mövzusunda çıxış edərək hərbi əməliyyatların gedişi, ordumuzun peşəkarlığı, döyüş qabiliyyəti və strateji məqsədlərin ardıcıl icrası barədə məlumat verib. Məruzədə Vətən müharibəsi zamanı tətbiq olunan müasir döyüş taktikaları, operativ qərarlar və effektiv idarəetmə sisteminin rolu barədə danışılıb. Həmçinin şəxsi heyətin yüksək döyüş ruhu və texnoloji imkanların hərbi əməliyyatların gedişinə təsiri diqqətə çatdırılıb.

Tədbirdə iştirak edən Aqromexanika Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, müharibə veteranı İsrayıl Məmmədov döyüş yolu, yaşadığı hadisələr və Azərbaycan əsgərinin göstərdiyi cəsarət barədə şəxsi təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

Tədbir digər məruzəçilərin çıxışları ilə davam etdirilib. İnstitutun əməkdaşları Heyran Qədimova “Şəhidlərin əziz xatirəsi və Vətən sevgisinin nəsillərə ötürülməsi”, Lamiyə Məmmədova “Vətən müharibəsinin informasiya cəbhəsi: həqiqətlərin dünyaya çatdırılması”, Gülçin Dəmirova “Milli həmrəylik və Böyük Zəfər”, Tünzalə Bağırova isə “Zəfərdən dayanıqlı inkişafa doğru” mövzularında məruzələrlə çıxış ediblər.

Çıxışlarda şəhidlərin həyat və döyüş yolunun gənc nəsillərə nümunə olmasının, qazilərin şücaətinin, informasiya mübarizəsində həqiqətlərin çatdırılmasının və milli həmrəyliyin rolu vurğulanıb. Eyni zamanda, müharibədən sonra Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin ölkəmizin dayanıqlı inkişafındakı önəmi diqqətə çatdırılıb.

Sonda şəhidlərimizin əziz xatirəsinə bir daha dərin ehtiram ifadə olunub və tədbir iştirakçılarına təşəkkür bildirilib.

Cavid