Litva əhalinin Polşaya təxliyə planını sınaqdan keçirir Dünya

Litva əhalinin Polşaya təxliyə planını sınaqdan keçirir

Litvanın səfərbərlik sisteminin test edilməsi üzrə keçirilən təlimlər zamanı Litva sakinlərinin Polşa ərazisinə təxliyə olunması prosedurları qiymətləndiriləcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böhranların İdarə Edilməsi üzrə Milli Mərkəzin nümayəndəsi Aurimas Qusçyus jurnalistlərə məlumat verib.

"Polşalı həmkarların iştirakı ilə keçirilən "Vitişin qalxanı" adlı illik ən böyük səfərbərlik sisteminin test olunması təlimləri zamanı Litva sakinlərinin dövlət sərhədindən Polşa ərazisinə təxliyə prosedurları işə salınacaq", - deyə o bildirib.

Mərkəz nümayəndəsinin qeyd etdiyinə görə, istər hərbi sahədə, istərsə də təxliyə üçün Suvalki dəhlizi xüsusi əhəmiyyət kəsb edir. "Buna görə də Polşanın təlimlərdə iştirakı bizim üçün xüsusilə vacibdir", - deyə Qusçyus vurğulayıb.

Suvalki dəhlizi - Rusiya Federasiyasının Kalininqrad vilayəti və Belarusun Qrodno vilayəti ilə həmsərhəd olan, Litva-Polşa sərhədinin təxminən 64 km uzunluğunda strateji cəhətdən mühüm hissəsidir. Bu dəhlizin mümkün qapanması zamanı Litva NATO üzrə qərb tərəfdaşlarından quru yolu ilə təcrid olunmuş vəziyyətə düşür.

Təxminən 3 min dövlət qulluqçusu və 1 minə yaxın könüllünün iştirak etdiyi "Vitişin qalxanı" təlimləri oktyabrın 3-dək davam edəcək.

Məryəm Quliyeva