Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54

ÜDM-də qeyri-neft sektorunun payı 70 faizdən çoxdur.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Prezident bildirib ki, Azərbaycanın ixracının 90 faizdən çoxu hələ də neft və qazın payına düşür.
“Bu gün ÜDM-in strukturuna baxsaq, qeyri-neft sektorunun payının artıq 70 faizdən çox olduğunu görərik. Lakin ixracımıza nəzər saldıqda onun 90 faizdən çoxunun hələ də neft və qazın payına düşdüyünü görəcəyik”, – dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu vəziyyəti yaxşılaşdırmalı və iqtisadiyyatını daha çox şaxələndirməlidir.
“Ümid edirik ki, qonaqlarımızın və bizimlə işləmək qərarına gələcək tərəfdaşlarımızın köməyi ilə buna nail olacağıq”, – Prezident deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın maliyyə imkanları məxfi texnologiyalar istisna olmaqla, demək olar, istənilən texnologiyanı almağa imkan verir.
“Biz hansı texnologiyaları ala biləcəyimizi bilirik və bunu edirik. Bu gün maliyyə imkanlarına malik olduğumuz üçün, məxfi texnologiyalar istisna olmaqla, demək olar ki, istənilən texnologiyanı ala bilərik. Bu, çox vacibdir”, – Prezident İlham Əliyev qeyd edib.
Prezident neft-qaz sektorundakı təcrübənin bu məsələdə yaxşı nümunə olduğunu bildirib. Onun sözlərinə görə, ilk hasilatın pay bölgüsü sazişi 1994-cü ildə imzalananda Qərbin enerji şirkətlərində çalışan əməkdaşların 90 faizindən çoxu əcnəbi mütəxəssislər idi.
“İndi əcnəbi mütəxəssislərin payı, yəqin ki, təxminən 5 faizdir. Bu, ölkənin inkişafına və potensialının gücləndirilməsinə böyük töhfə verib”, – dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev bir çox Azərbaycan vətəndaşının hazırda dünyanın müxtəlif ölkələrində qlobal miqyasda fəaliyyət göstərdiyini deyib.
“Nümayəndələrimizin mühüm vəzifələr tutması bizi sevindirir və qürurlandırır”, – Prezident bildirib.
Dövlət başçısı kadr hazırlığının mühüm əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır və təhsil sahəsində böyük işlər görülüb.
“Mən 2003-cü ildə ilk dəfə Prezident seçildikdən dərhal sonra gənclərin xaricdə təhsil alması ilə bağlı dövlət proqramı qəbul etdik. Həmin vaxtdan bəri minlərlə, bəlkə də on minlərlə gənc xaricdə təhsil alıb. Onların əksəriyyəti ölkəyə qayıdıb”, – Prezident İlham Əliyev deyib.
Prezident bunun pulla əldə edilməsi mümkün olmayan potensialın formalaşdırılması olduğunu vurğulayıb.
“Əlbəttə, ekspertiza baxımından aparıcı şirkətlərin ən yaxşı təcrübəsi və qabaqcıl praktikası düzgün istiqamətdə irəliləməyimiz üçün çox vacibdir. Məqsədimiz qeyd etdiyimiz sahələrdə neft-qaz sektorunda yaratmağa nail olduğumuz mühiti formalaşdırmaqdır”, – dövlət başçısı əlavə edib.