“Şimal-Cənub” dəmir yolu layihəsi üzrə İşçi Qrupu yaradılacaq Hadisə

“Şimal-Cənub” dəmir yolu layihəsi üzrə İşçi Qrupu yaradılacaq

Avqustun 3-4 də iqtisadiyyat və sənaye naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov da İranda səfərdə olub.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti İran prezidenti Həsən Ruhani və müvafiq qurumların rəhbərləri ilə görüşlər keçirib.
C. Qurbanov İranın yol və şəhərsalma naziri Abbas Əhməd Axundi və nazir müavini-İran Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi ilə ikitərəfli görüşlər keçirib, İran Dəmir Yolunun dispetçer mərkəzində hərəkətin idarə edilməsi ilə tanış olub. Keçirilən görüşlərdə hər iki ölkə üçün bu layihənin əhəmiyyəti vurğulanıb, "Şimal-Cənub" dəmir yolu layihəsi üzrə İşçi Qrupu yaradılması qərara alınıb.
Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında" Sazişə qoşulub. "Şimal-Cənub" dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.