MTRŞ xəbərdarlıq edib Hadisə

MTRŞ xəbərdarlıq edib

" Yeni seriallarda qanuna zidd məqamlar olarsa, telekanallara qarşı cəza tədbirləri görüləcək"


"Dövlət büdcəsindən ayrılan vəsait hesabına çəkilən yeni serialların monitorinqi aparılır. Monitorinqin nəticələrinə uyğun olaraq qanuna zidd məqamlar olarsa, telekanallara qarşı cəza tədbirləri görüləcək". Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
O, bildirib ki, efirə verilən istənilən materiala görə yayımçı birbaşa cavabdehdir: "Bu məsələ "Televiziya və radio yayımı haqqında" qanunun xüsusi maddəsi ilə tənzimlənir. Şura və qanun qarşısında məsuliyyət daşıyan yayımçılardır. Prodakşnlar, hər hansı serialın personajı və yaxud rejissoru bizim üçün cavabdeh şəxs deyil".
Şöbə müdirinin sözlərinə görə, dövlət büdcəsindən ayrılan vəsait hesabına daha çox ailə-məişət, sevgi mövzusunda seriallar çəkilib: "Seriallar nisbətən yüngül mövzularda çəkildi. Biz daha ciddi, milli-mənəvi, tariximizi özündə əks etdirən serialların çəkilməsini gözləyirdik. Ona görə də biz yüngül mövzularda çəkilən serialları tənqid etdik. Növbəti mərhələlərdə çəkilən seriallarda bu amillərin nəzərə alınacağını gözləyirik. Kanallar öz hesablarına, müəyyən reytinq xətrinə, tamaşaçını cəlb etmək üçün yüngül mövzularda seriallar çəkə bilərlər. Amma dövlət tərəfindən ayrılmış maliyyə ilə daha ciddi mövzulu seriallar çəkilməli idi. Biz bununla bağlı narahatlığımızı bildirmişik".
T. Dadaşov əlavə edib ki, bu gün çəkilən seriallarda narahatlıq doğuran məqamlar var: "Bəzi seriallarda Azərbaycanın xalqının milli-mənəvi dəyərlərinə uyğun olmayan, yalnız ucuz gülüş xətrinə müəyyən məsələlər öz əksini tapır. Seriallarda ata və qız, ana və qız, yaxud da qaynana və kürəkən arasında gülüş xətrinə elə münasibətlər qoyulur ki, bu da bizim milli-mənəvi dəyərlərimizə ziddir. Azərbaycan ailəsində o cür dəyərlər yoxdur. Bunlar xoş qarşılana bilməz. Serialları ayrı-ayrı prodakşnlar çəkir. Yaxşı olardı ki, televiziyalar prodakşnlara bununla bağlı tövsiyələrini versinlər. Serialların mövzuları seçilərkən diqqətli olsunlar. Onların efirə uyğun olub-olmamağı, "Televiziya və radio yayımı haqqında" qanunun tələbləri, Azərbaycan xalqının milli-mənəvi dəyərləri nəzərə alınsın. Biz prodakşnlara irad bildirmirik, qanun pozuntuları olanda kanallara iradlarımızı deyirik. Televiziyalar iradlardan özlərini sığortalamaq üçün bu məsələləri nəzərə alsalar, yaxşı olar".
MTRŞ rəsmisi qeyd edib ki, seriallar çəkilərkən prodakşnlar da bəzi məqamları nəzərə almaq məcburiyyətindədirlər: "Tutaq ki, ailədaxili məsələlərlə bağlı qanunda heç nə yoxdur. Amma onlar nəzərə almalıdırlar ki, serialların təbliğat funksiyası var. Seriala azyaşlılar da baxır, onlar təsir altına düşə bilərlər. Bu baxımdan bəzi mühüm məqamları nəzərə almalıdırlar. Yeni mövsüm başlayıb. Biz yeni mövsümdən daha maraqlı, daha məzmunlu serialların çəkiləcəyini gözləyirik. Komediya janrında serialların çəkilməsinin də əleyhinə deyilik. Televiziyanın funksiyalarından biri də əyləndirməkdir. Əyləncəli seriallar da çəkilməlidir".