Əlillərin reabilitasiyası sahəsində Latviya ilə əməkdaşlıq Hadisə

Əlillərin reabilitasiyası sahəsində Latviya ilə əməkdaşlıq

Tural

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsla görüş olub. Görüşdə Latviyanın "Vaivari" milli reabilitasiya mərkəzinin administrativ departamentinin rəhbəri Aqris Eqlitis və müştəri xidmətləri departamentinin rəhbəri Ulrika Eystreike də iştirak ediblər. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ölkəmizdə əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi yönündə aparılan islahat tədbirləri barədə səfirə ətraflı məlumat verib. Nazir müavini bildirib ki, aparılan islahatlarda qabaqcıl dünya təcrübəsindən istifadəyə xüsusi önəm verilir. Həmçinin tibbi-sosial ekspertiza xidmətinin beynəlxalq standartlar əsasında müasir tələblərə və şəffaflıq prinsiplərinə uyğun qurulması sahəsində ayrı-ayrı ölkələrlə qarşılıqlı təcrübə və informasiya mübadilələri aparılır.
Görüşdə Azərbaycanla Latviya arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdirildiyi, iki ölkənin eyni zamanda tibbi-sosial ekspertiza xidməti və əlillərin reabilitasiyası sahəsində də əməkdaşlıq təcrübəsinin olduğu vurğulanıb. Qeyd olunub ki, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xaricdə bərpa müalicəsi istiqamətində görülən müvafiq işlərdə Latviya ilə əməkdaşlıq imkanlarından da istifadə edilir. Qarşıdakı dövrdə də iki ölkə arasında müvafiq iş sahələrində əməkdaşlığın inkişafına, fəal təcrübə mübadilələrinin aparılmasına diqqət yetiriləcək.
Y.Maklakovs ölkəsi ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafının məmnunluq doğurduğunu bildirib. O burada səfir kimi fəaliyyət göstərdiyi dövrdə bu əlaqələrin, o cümlədən əmək və sosial müdafiə, əlillərin reabilitasiyası sahəsində əməkdaşlığın güclənməsi üçün səylərini artıracağını vurğulayıb. Görüşdə iki ölkə arasında reabilitasiya mütəxəssislərinin qarşılıqlı təlim və təcrübə səfərlərinin həyata keçirilməsi, əlilliyi olan şəxslərin "Vaivari" milli reabilitasiya mərkəzində bərpa-müalicəsinin təşkili və digər sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.