“Münaqişə yenidən regional xarakter alır” Gündəm

“Münaqişə yenidən regional xarakter alır”

“Son hadisələr Yəməndə münaqişənin yenidən genişmiqyaslı mərhələyə keçməsi riskinin artıq kifayət qədər yüksək olduğunu göstərir. Burada söhbət təkcə ayrı-ayrı raket hücumlarından deyil, 2022-ci ildən sonra yaranmış nisbi sakitliyin faktiki olaraq dağılmasından gedir. Məribə məcburi köçkünlərin düşərgəsinin ballistik raketlə vurulması xüsusilə ciddi siqnaldır. Daha önəmlisi odur ki, bu hücumlar tək hadisə deyil”.

Bu fikirləri xalqcebhesi.az-a Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu söyləyib.

V.Zifəroğlu bildirib ki, son həftələrdə Mərib, Taiz və Hodeyda istiqamətlərində hökumət qüvvələri ilə husilər arasında döyüşlər intensivləşib: “Əslində, Yəməndə yeni müharibə mərhələsinin başlanması artıq ehtimal deyil, prosesin özüdür. BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq avqust ayında ölkənin 2022-ci il atəşkəsindən bəri ən yüksək səviyyədə genişmiqyaslı münaqişəyə qayıtmaq riski ilə üz-üzə olduğunu bildirmişdi. Burada üç amil xüsusilə təhlükəlidir. Birincisi, daxili cəbhə genişlənir. Husilər artıq yalnız uzaqmənzilli raket və dronlarla regional aktorlara mesaj vermirlər; Mərib, Taiz və Hodeyda kimi strateji ərazilərdə hökumət qüvvələri ilə birbaşa hərbi qarşıdurmanı intensivləşdirirlər. Mərib isə Yəmənin neft-qaz infrastrukturu və hökumətin nəzarət etdiyi ərazilər baxımından xüsusi strateji əhəmiyyət daşıyır”.

Onun sözlərinə görə, ikincisi, münaqişə yenidən regional xarakter alır: “Husilərin Səudiyyə Ərəbistanına qarşı raket və dron hücumlarını bərpa etməsi artıq Yəmən daxilindəki qarşıdurmanı Səudiyyə–Husi qarşıdurmasına çevirmək təhlükəsi yaradır. Sentyabrın 8-də Səudiyyə Ərəbistanı ölkənin cənubundakı enerji obyektlərinə Husi hücumları nəticəsində 73 nəfərin yaralandığını və bir sıra obyektlərin fəaliyyətinin pozulduğunu açıqlayıb. Üçüncüsü, Bab əl-Məndəb faktoru var. Husilərin Taiz və Hodeyda istiqamətində fəallaşması təsadüfi deyil. Bu ərazilər Bab əl-Məndəb boğazına çıxış baxımından stratejidir. Əgər husilər burada mövqelərini möhkəmləndirsələr, Yəmən müharibəsi yalnız daxili hakimiyyət uğrunda savaş olmayacaq, həm də Qırmızı dəniz və qlobal dəniz ticarəti üçün ciddi təhlükəyə çevriləcək”.

Ekspert həmçinin deyib ki, burada ən təhlükəli ssenari Yəmənin 2015–2022-ci illərdəki tammiqyaslı müharibə modelinə qayıtmasıdır: “Hazırda bunun ilkin əlamətləri görünür: cəbhə xətlərində intensivləşmə, ballistik raketlərdən daha geniş istifadə, yaşayış məntəqələrinin və düşərgələrin vurulması, hökumət qüvvələrinin əks-hücumları və Səudiyyə Ərəbistanının birbaşa hədəfə çevrilməsi. Üstəlik, Yəməndəki eskalasiya hazırda daha geniş Yaxın Şərq qarşıdurmasının fonunda baş verir. Buna görə də əvvəlki illərdən fərqli olaraq, hadisələrin yalnız Ənsarullah–Yəmən hökuməti xəttində qalacağına zəmanət yoxdur. İran–ABŞ qarşıdurması, Səudiyyə Ərəbistanının təhlükəsizlik narahatlıqları və Qırmızı dənizdəki gərginlik Yəmən cəbhəsini daha böyük regional münaqişənin bir hissəsinə çevirə bilər”.

Röya İsrafilova