
“Belə bir deyim var: “Meymunun canı boğazına yığılanda balasını da tapdalayır”. Hesab edirəm ki, İran hazırda məhz həmin vəziyyətdədir. Çünki artıq hər tərəfdən İrana qarşı sanksiyalar, təzyiqlər getdikcə artır. Amma bunun fonunda biz İranın ciddi dirəniş göstərdiyini də gördük. Cənub qonşumuzun hakim dairələri hesab edirlər ki, bu müharibədə hələ məğlub olmayıblar və məhz buna görə də getdikcə daha da cəsarətlənirlər. Onlar artıq dünyada Amerikanın imicinə ciddi zərbə vurduqlarının fərqindədirlər”.
Bunu xalqcebhesi.az-a Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı söyləyib.
C.Abbaslı əlavə edib ki, İran tərəfi anlayır ki, ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərinə qədər nə yolla olursa-olsun, İran üzərində müəyyən üstünlük əldə etməyə çalışacaq: “Tehran həmçinin hesab edir ki, Tramp bunun üçün müəyyən güzəştlərə getməyə də məcbur qala bilər. Ona görə də İran hakimiyyəti ciddi şəkildə müqavimət göstərir. Təbii ki, bu qarşıdurmada İranın əlində olan əsas kartlardan biri Hörmüz boğazıdır. İran çalışır ki, bu kartdan mümkün qədər geniş şəkildə istifadə etsin. Ona görə də zaman-zaman Hörmüz boğazı ilə bağlı təhdidlərini səsləndirir. Hesab edirəm ki, müharibə fonunda bu, İran üçün müəyyən mənada başadüşülən addımdır. Çünki İran Hörmüz məsələsini gündəmə gətirən kimi təkcə ABŞ deyil, dünyanın əksər ölkələri bu məsələdə ciddi şəkildə ehtiyatlanmağa başlayırlar. Çünki söhbət adi bir dəniz keçidindən getmir”.
O bildirib ki, dünyada neft daşımalarının təxminən 20 faizi Hörmüz boğazından keçir: “Bu səbəbdən boğazın tamamilə bağlanması dünya iqtisadiyyatına, xüsusilə də enerji bazarlarına çox ciddi zərbə vura bilər. İran da məhz bunun fərqindədir. Yəni Tehran bilir ki, Hörmüz boğazının bağlanması təkcə ABŞ üçün deyil, dünyanın əksər ölkələri üçün ciddi iqtisadi problemlər yaradacaq. Buna görə hesab edirəm ki, İran bundan sonra da Hörmüz təhdidlərini davam etdirəcək və bu boğazı özünün əsas təzyiq alətlərindən biri kimi istifadə edəcək. Amma açığı, Hörmüz boğazının tamamilə bağlanacağını düşünmürəm. Çünki bu dəhlizin tam şəkildə bağlanması başqa istiqamətlərdən çox ciddi reaksiyaların gəlməsinə səbəb ola bilər. Ən əsası isə bunun İranın özünə də ciddi zərəri dəyə bilər. Ona görə düşünürəm ki, İran Hörmüz kartından maksimum istifadə etməyə çalışacaq, təhdidlərini davam etdirəcək, müəyyən məhdudiyyətlər və təhlükələr yaradacaq. Amma boğazı uzun müddət və tamamilə bağlamaq qərarından hələlik uzaq duracaq. Çünki bu, ilk növbədə İranın öz iqtisadiyyatına və strateji maraqlarına ciddi zərbə vura bilər”.
Siyasi şərhçinin sözlərinə görə, hazırda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin açıqlaması da göstərir ki, Tehran bu kartı kifayət qədər ciddi şəkildə masada saxlayır: “İran hesab edir ki, Vaşinqtonun iqtisadi təzyiqi davam edərsə, buna cavab olaraq dəniz istiqamətində yeni addımlar atmaq hüququna malikdir. Yəni məsələ artıq sadəcə bir təhdiddən ibarət deyil. İran Hörmüz boğazını ABŞ ilə qarşıdurmada əsas strateji silahlarından biri kimi görür. Amma mənim qənaətim budur ki, Tehran bu silahı daha çox təzyiq və çəkindirmə vasitəsi kimi istifadə edəcək, boğazı tamamilə bağlamaq isə onun üçün sonuncu variant olacaq”.
Röya İsrafilova