Leyla Yunus azadlığa buraxılıb Hadisə

Leyla Yunus azadlığa buraxılıb

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesə hakim Vüqar Məmmədov sədrlik edib.
Prosesdə Leyla Yunusun barəsindəki həbs-qətimkan tədbirinin CM-in 70-ci maddəsi tətbiq olunmaqla dəyişdirilməsi barədə qərar qəbul edilib. Ona verilən cəza müddəti 5 il şərti təyin olunaraq məhkəmə zalından azadllığa buraxılıb.
Eyni zamanda Leyla Yunusa CM-in 320-ci maddəsi ilə irəli sürülən ittihama xitam verilib. Buna səbəb kimi həmin ittiham üzrə məsiliyyətə cəlbetmə müddətinin keçməsi göstərilib.
Bundan əlavə Leyla Yunusun Nizami küçəsi, 53 ünvandakı müsadirə olunmuş evi də geri qaytarıııb. Həmin ev Leyla və Arif Yunusların qızı Dinaraya məxsus olub.
Eyni zamanda Arif Yunus barəsində 7 il müddətində azadlıqdan məhrumetmə cəzası da 5 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.
Xatırladaq ki, Leyla Yunusla birgə mühakimə olunan həyat yoldaşı Arif Yunus haqqında noyabrın 12-də həbs-qətimkan tədbiri dəyişdirilib. O, məhkəmə zalından azad olunub, hazırda ev dustağıdır.
Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq - külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma - külli miqdarda törədildikdə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.
Hər iki şəxs barədə olan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrıca icraata götürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib (sonradan ev dustağı edilib). Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb.