İnsan alverinə qarşı mübarizə daha da gücləndiriləcək Hadisə

İnsan alverinə qarşı mübarizə daha da gücləndiriləcək

Vilayət Quliyev Milli Məclisə illik məlumat təqdim edib
Sabir Rüstəmxanlı: "Azərbaycanın zəngin ailələri öz uşaqlarına Filippindən və digər tanınmamış ölkələrdən dayə gətirirlər"

Milli Məclisinin dünənki iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib. Məlumatı daxili işlər nazirinin birinci müavini, Milli Koordinator general leytenant Vilayət Eyvazov təqdim edib.
Məlumatda qeyd olunur ki, ötən il Azərbaycanda həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 80 insan alveri və 4 məcburi əmək faktı aşkarlanıb, bu cinayətlərə görə 14-ü qadın və 3-ü kişi olmaqla, 17 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Nazir müavini bildirib ki, insan alveri cinayətində təqsirləndirilərək axtarışa verilmiş 17 şəxsdən 5-i tutularaq istintaq orqanlarına təqdim edilib. Müəyyən olunmuş 56 qurbandan 41-i qadın, 15-i kişi olub ki, onlardan da 19-u Türkiyəyə, 16-sı Birləşmiş Ərəb Əmirliklərinə, 15-i Rusiya Federasiyasına və 1-i İran İslam Respublikasına aparılıb, 5 qurban isə ölkə daxilində istismara məruz qalıb.
Vilayət Eyvazov qeyd edib ki, Azərbaycanda son 10 il ərzində hüquq-mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə 566 insan alveri və 14 məcburi əmək faktı müəyyən edilib: "Bu əməllərə görə, 385 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 5 mütəşəkkil dəstə, 152 cinayətkar qrup zərərsizləşdirilib. İnsan alverinin qurbanı olan 529 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib".
Nazir müavini bildirib ki, ötən il icrası başa çatan ikinci Milli Fəaliyyət Planının əhatə etdiyi 2009-2013-cü illərdə insan alverinin doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması prioritet vəzifələrdən olmaqla bu işdə vətəndaş cəmiyyəti nümayəndələrinin və KİV-in imkanlarından istifadə edilərək respublikanın bütün şəhər və rayonlarında mədəni-kütləvi tədbir, o cümlədən çoxsaylı treninq və seminarlar keçirilib. Profilaktik iş həm də respublikanın məktəblərini, litseylərini, kollec və uşaq evlərini əhatə edib. Məruzəçi əlavə edib ki, bu gün Azərbaycan insan alverinə qarşı mübarizədə beynəxalq səviyyədə effektiv sistemin yaradılması üçün davamlı səy göstərir.
Məruzədən sonra deputat Çingiz Qənizadə məruzənin onsuz da əvvəldən mətbuatda geniş müzakirə olunduğunu əsas gətirərək, müzakirəsiz qəbul etməyi təklif edib. Lakin bu, bir neçə deputatın, o cümlədən Elmira Axundovun etirazına səbəb olub.
Daha sonra deputatlar müzakirələrdə müxtəlif təkliflərlə çıxış ediblər. Deputat Elmira Axundova azyaşlı uşaqların, xüsusilə azyaşlı qız uşaqlarının məcburi əməyə cəlb edilməsilə bağlı faktlardan narahatlığını dilə gətirib. Hazir müavininin sözlərinə görə, Azərbaycanda azyaşlı uşaqların, xüsusilə də azyaşlı qız uşaqlarının məcburi əməyə cəlb olunmasına qarşı sərt mübarizəyə başlanacaq. O etiraf edib ki, ola bilsin, bu məsələ onlar tərəfindən o qədər ciddi nəzarətdə olmayıb: "Bu barədə Elmira xanımın dediyi kimi problemlərin olması ilə razılaşırıq. Amma buradan elan edirəm ki, bu gündən etibarən Azərbaycanda azyaşlı qızların, ümumiyyətlə, azyaşlı uşaqların məcburi əməyə cəlb olunmasına qarşı mübarizədə ciddi tədbirlərə başlanacaq".
Millət vəkili Sabir Rüstəmxanlı isə əcnəbi ölkələrdən Azərbaycana gətirilən dayə məsələsinə toxunub: "Azərbaycanın zəngin ailələri öz uşaqlarına Filippindən və digər tanınmamış ölkələrdən dayə gətirirlər. Amma Azərbaycanda ingilis dilini bilən və dayəlik edə bilən işsiz qadınlar var. Filippinli qadın Azərbaycan uşağına nə tərbiyə verəcək? O uşaq gələcəkdə filippinli qadını özü üçün mələk biləcək. Halbuki öz ölkəmizdən olan qadınların uşaqlara verdiyi tərbiyə daha yaxşı olar. Başa düşürəm ki, bəzi zəngin insanlar istəmir ki, onların evlərini Azərbaycandan olan insan görsün. Hətta bir dəfə belə bir dayə ilə bağlı cinayət hadisəsi də baş verdi. Bununla bağlı İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazovdan xahiş edirəm ki, bu məsələyə diqqət yetirsinlər".
Vilayət Eyvazov isə öz növbəsində Sabir Rüstəmxanlıya cavab olaraq bildirib ki, bu məsələ Miqrasiya Xidməti ilə birgə araşdırılacaq.
Sonda illik məlumat səsə qoyularaq qəbul olunub.
CAVAHŞİR