Prezident yanında Apellyasiya Şurası yaradıldı Hadisə

Prezident yanında Apellyasiya Şurası yaradıldı

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya şuralarının yaradılmasına başlanılıb


Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında fərman imzalayıb.
Fərmanın sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə imzalandığı bildirilir.
Fərmanla "Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamə" və "Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibi" təsdiq edilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası , Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə Prezident yanında Apellyasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirləri görmək tapşırılıb.
Prezident İlham Əliyevin başqa bir fərmanı ilə Azərbaycan prezidenti yanında Apellyasiya Şurasının Tərkibi təsdiqlənib.
Azərbaycan prezidenti yanında Apellyasiya Şurasının tərkibi
Şuranın sədri:
Eldar Nuriyev-Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri.
Şuranın üzvləri:
Feyruz Mustafayev-Prezidentin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin aparıcı məsləhətçisi
Vüsal İsayev-Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri
Bəhram Məmmədli-Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi
Nəsimi Məmmədov-Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun böyük məsləhətçisi
Elturan Babayev-Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi
Niyaz Əliyev-Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi
Süleyman Qəmbərov-Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri
Anar Əliyev-İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya şuralarının yaradılması haqqında fərman imzalayıb.
Nazirlər Kabinetinə prezidentin aktlarının fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək həvalə olunub.