Heydər Əsədovdan islahat anonsu Hadisə

Heydər Əsədovdan islahat anonsu

"Nazirliyin bütün strukturu dəyişdiriləcək"

"Kənd Təsərrüfatı Nazirliyində qlobal dəyişikliklər ediləcək. Artıq təkliflərin hazırlanması başa çatıb. Sistem dəyişikliyi ilə bağlı təkliflərimiz var". Bu sözləri Modern.az saytına açıqlamasında kənd təsərüfatı naziri Heydər Əsədov bildirib.
Qeyd edək ki, srağagün prezident İlham Əliyev keçirdiyi iclasda Kənd Təsərrüfatı Nazirliyində struktur islahatlarının aparılması ilə bağlı məslə qaldırıb.
Nazir Heydər Əsədov bildirib ki, prezidentin tapşırığını yerinə yetirmək üçün hazırlıqlara başlayıb. Nazir struktur dəyişikliyinə fərdi qaydada yox, sistemli yanaşdığını deyib: "Prezidentin dediyi kimi, biz dəyişikliklərə fərdi yox, sistemli yanaşırıq. Yəni məsələyə hansısa şöbəni ləğv edib, digər bir sektoru yaratmaq formasında yox, dəyişikliklərə sistemli yanaşma formasında baxıram. Odur ki, qlobal dəyişikliklərə gedəcəyik. Artıq təkliflərin hazırlanması başa çatıb".
Xatırladaq ki, Heydər Əliyev Mərkəzində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda ölkə başçısı kənd təsərrüfatının inkişafının növbəti illərdə iqtisadi sahədə prioritet olaraq qalacağını vurğulayıb. Prezident deyib ki, bunun üçün Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişiklikləri aparılmalıdır. O, buna böyük ehtiyac duyulduğunu və yeni strukturun müasir tələblərə cavab verməli olduğunu bildirib. Prezident həmçinin sistem xarakterli islahatlara üstünlük verilməli olduğunu da vurğulayıb.