“ASAN xidmət” vasitəsilə sahibkarlara 1344 lisenziya verilib Hadisə

“ASAN xidmət” vasitəsilə sahibkarlara 1344 lisenziya verilib

"ASAN xidmət" mərkəzləri vasitəsilə sahibkarlara 1344 lisenziya verilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu qurumda keçirilən geniş kollegiya iclasında nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov deyib. E.İbrahimov məruzəsində sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, lisenziyalaşdırma sisteminin tətbiqindən sonra 946-sı 2016-cı ilin I rübündə olmaqla, İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə 1344 lisenziya verilib. Hazırda elektron lisenziya portalının yaradılması istiqamətində tədbirlər davam etdirilir və portalın istifadəyə verilməsi ilə lisenziyaların və icazələrin verilməsi prosesi tamamilə elektronlaşdırılacaq, vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, dövlət orqanlarının informasiya sistemlərinin uzlaşdırılması və qarşılıqlı əlaqəsinin təmin edilməsi mümkün olacaq.
Bundan başqa, nazirliyin "Sahibkarlara Dəstək" Məlumat səhifəsi (sahibkar.economy.gov.az) yaradılıb. Məlumat səhifəsində yerləşdirilən yeni informasiya və məlumatlar qeydiyyatdan keçmiş 1600-dən artıq sahibkara elektron qaydada dərhal göndərilir. Bununla yanaşı, Bakı Biznes Tədris Mərkəzi tərəfindən 2016-cı ilin I rübü ərzində 20 treninq, seminar, "dəyirmi masa" və s. keçirilib və maarifləndirici tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyində yaradılmış Apellyasiya Şurasının iclasları keçirilib, şikayətlərin əhatə dairəsinin müəyyənləşdirilməsi meyarları, şikayətlərə baxılması reqlamenti təsdiq edilib. Hazırda sahibkarların Apellyasiya Şurasına daxil olmuş müraciətləri araşdırılır. Sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, daha əlverişli biznes mühitinin yaradılması üçün beynəlxalq təşkilatların tövsiyəsinə uyğun olaraq işlər davam etdirilir.