MSK Ağdaşda seçki tədbirlərinə başladı Hadisə

MSK Ağdaşda seçki tədbirlərinə başladı

Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş seçki dairəsi üzrə iyunun 18-nə təyin edilmiş Milli Məclisə təkrar seçkilərlə əlaqədar hazırlıq işlərini və maarifləndirmə tədbirlərini davam etdirir. MSK-dan verilən məlumata görə, seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq, Mərkəzi Seçki Komissiyası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatı ilə birgə mayın 7-də "Seçki hüquqlarının müdafiəsi" mövzusunda seminar keçirəcək. 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının inzibati binasında baş tutacaq tədbirdə dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin iştirakı nəzərdə tutulur. Seminarda MSK və Ombudsman Aparatının nümayəndələri tərəfindən seçki hüququnun pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında baxılmasına dair müxtəlif mövzularda çıxışlar ediləcək, təqdimatlar və müzakirələr aparılacaq, həmçinin iştirakçıları maraqlandıran suallara aydınlıq gətiriləcək.