“Xüsusi iqtisadi zonaların yaranmasıına mane olan səbəblər var” Hadisə

“Xüsusi iqtisadi zonaların yaranmasıına mane olan səbəblər var”

"Ölkəmizdə 10 ilə yaxındır ki, "Azad iqtisadi zonalar" haqqında qanun qəbul edilib. Amma buna baxmayaraq, hazırda Dövlət başçısının sərəncamı ilə ölkəmizdə Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli ilk xüsusi iqtisadi zonanın yaradılması üzərində işlər gedir. Hesab edirəm ki, bu zona 1 ilə fəaliyyətə başlayacaq". Bu fikirləri millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə ölkəmizdə bu prosesə nədənsə ləng yanaşılır: "Ümumiyyətlə bu zonalar sahibkarlığın inkişafına təkan vermək üçün əsas obyektlərdən biridir. Lakin görünür buna mane olan səbəblər var".
Xüsusi iqtisadi zonaların əhəmiyyətindən danışan millət vəkili söyləyib ki, sözügedən zonaların yaradılması ölkə iqtisadiyyatında mühüm faktor sayıla bilər: "Xüsusi iqtisadi zonalar qanunauyğun olaraq yaradılır, orada bütün kommunikasiya xətləri çəkildikdən sonra sahibkarların istifadəsinə verilir. Bundan başqa həmin zonalarda vergi, gömrük və digər güzəştləri nəzərdə tutulub ki, bu da onları daha da cəlbedici edir. Belə olan halda, sahibkarlar qısa müddətdə gəlir əldə edərək dövlət büdcəsinə vergi ödəyirlər".
Bütövlükdə Çin, İran iqtisadiyyatının təxminən 40 faizini xüsusi iqtisadi zonalar təşkil etdiyini deyən V. Əhmədov ölkəmizdə də bu cür zonaların yaradılması üçün böyük imkanlar olduğunu dilə gətirib: "Azərbaycanda dəmir yolu, dəniz və digər potensial olduğu üçün Quba -Xaçmaz, Lənkəran-Astara, eləcə də Qaradağda xüsusi iqtisadi zonaların yaradılmasının çox böyük əhəmiyyəti olardı".