Həmsədrin duası... Hadisə

Həmsədrin duası...

Arzu Şirinova

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Cems Uorlik xristianların pasxa bayramında Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün ürəkdən dua edib. Həmsədr özünün rəsmi tvitter səhifəsində yazıb:"Konfliktin həlli üçün variantlar axtarmaq lazımdır. Məsələn, ABŞ problemin həllinə necə köməklik edə bilər? Biz bir yol tapmalıyıq".
Ancaq orası məlum deyil ki, Cems Uorlik dua edəndə təcavüzkarın, yoxsa təcavüzə məruz qalanın, yəni haqqın, yoxsa nahaqqın, yanında olub...
Mənim bildiyimə görə, pasxa bayramında dua edənlər, eyni zamanda, haqsız əməlləri üçün Ulu Tanrıdan əfə diləyirlər və etirafda bulunurlar. Məsələn, ABŞ dövlət katibinin keçmiş müavini Devit Kremer kimi. Elə zənn etməyin ki, ABŞ dövlətinin keçmiş sözçüsü Dağlıq Qarabağın həlliylə bağlı dua edib. Xeyr, Devit Kremer vəzifədən gedəndən bir müddət sonra mötəbər tədbirlərin birində deyib:"ABŞ-ın Azərbaycana qarşı siyasəti heç də həmişə obyektiv olmayıb. ABŞ bəzən Azərbaycana qarşı ikili standartlarla da çıxış edib. Azərbaycan "Minilliyin çağırışı" Proqramında birbaşa yardımdan məhrum edilib. Ermənistana isə bu yardım verilib. Eyni zamanda, ATƏT-in Minsk qrupunda ABŞ təşəbbüsü Rusiyaya və onun xarici işlər naziri Sergey Lavrova verib. Burada da ABŞ Qarabağ münaqişəsinin həllinə lazımi yardımı göstərə bilməyib".
...Etiraf böyüklükdür, özünə rəğbətdir və hörmətdir. Ancaq etiraf vaxtında olsa bunun əhəmiyyəti daha böyük olar. Azərbaycan dövlətinə qarşı haqsızlıqların olmasıyla bağlı böyük dövlətlərin nüfuzlu söz sahiblərindən zaman-zaman etiraflar eşitmişik. Hə yazıqlar ki, bu etiraflar həmin şəxsin vəzifə kürsüsünü tərk etməsindən bir qədər sonra baş verib.
Sözsüz ki, bu etirafı Devit Kremer vəzifədə olduğu zaman etsəydi əhəmiyyəti təsəvvür etməyəcək dərəcədə böyük olardı.
Xatırlayırsınızsa, dəfələrlə olub ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bölgəyə səfərləri zamanı Azərbaycanda bir söz, Ermənistanda isə fərqli söz söyləyiblər. Əslində isə hansı siyasəti apardıqlarını ortaya qoyublar. Məsələn, fransalı keçmiş həmsədr Bernar Fasye bildirib ki, "Azərbaycan Dağlıq Qarabağ ərazisini işğal edib". Rusiyalı keçmiş həmsədr Yuri Merzlyakovsa açıq-aşkar söyləyib ki, ölkəsi Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab eləmir. Təbii ki, bütün bu açıqlamalar Azərbaycan cəmiyyətində narazılıqla qarşılandı və ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina ilə bağlı bəyanatlar verilməyə başlandı. O zaman hakim Yeni Azərbaycan Partiyası da həmsədrlərin bu açıqlamalarından hiddətlənərək onların ölkələrinin Azərbaycandakı səfirliklərinə etiraz məktubu göndərdi. Məktubda həmsədr ölkələrin diplomatlarının həqiqətə uyğun olmayan, danışıqlar prosesinə ciddi ziyan vuran fikirlər səsləndirilməsi təəssüf hissi ilə xatırlanır və münaqişənin həllində vasitəçi dövlətlərin təmsilçilərini bu cür bəyanatlardan çəkinməyə, problemin sülh yolu ilə həllinə xidmət etməyən düşünülməmiş açıqlamalar verməməyə çağırış öz əksini tapırdı.
ABŞ-ın Azərbaycandakı səfirliyinin sözügedən məktuba cavabı çox ləngimədi. Cavab məktubunda deyilirdi: "Biz də düşünürük ki, Minsk qrupuna ədalətli və bitərəf həmsədrlər başçılıq etməlidir. Birləşmiş Ştatlar Dağlıq Qarabağ mmünaqişəsinin ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsində dinc yolla həll edilməsinə sadiq olaraq qalır".
Ancaq çox təəssüf ki, bu günə kimi həmin məktubdakı fikirlərin-Minsk qrupuna ədalətli və bitərəf həmsədrlər başçılıq etməlidir-heç birinə ABŞ hökuməti əməl eləmir. Yəni təyin etdiyi həmsədrin ədalətli və bitərəf olmasından danışmağa dəyməz... Cems Uorliki də vaxt gələcək ədalətli həmsəd kimi xatırlamayacağıq. Çünki amerikalı həmsədr hələ ki, "ABŞ problemin həllinə necə köməklik edə bilər?" sualını verməklə ölkəsinin və özünün acizliyini nümayiş etdirir.