DTX xüsusi ekspertiza keçirəcək Hadisə

DTX  xüsusi ekspertiza keçirəcək

Dövlət Təhlükəsizlik Xidməti (DTX) "Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının keçirilməsi ilə bağlı xərclərin ödənilməsi Qaydası"nı təsdiq edib.
Məlumata görə, dekabrın 3-dən qüvvəyə minən bu Qayda dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının keçirilməsi ilə bağlı xərclərin ödənilməsi və ödənilən vəsaitlərin uçotunun aparılması qaydalarını müəyyən edir.
Xüsusi Ekspertizanın keçirilməsi ilə bağlı xərclərin ödənilməsi ərizəçi ilə DTX arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq həyata keçirilir. Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə ərizəçi DTX-yə müvafiq ərizə ilə müraciət edir. Xüsusi Ekspertizanın keçirilməsi üçün Ekspert Komissiyası tərəfindən Xüsusi Ekspertizanın keçirilməsi planı hazırlanır və Komissiyasının sədri tərəfindən təsdiq edilir. Xüsusi Ekspertizanın keçirilməsi ilə bağlı DTX-nın Komissiyanın iş cədvəlinə əsasən görülən işlərin smetası tərtib olunaraq təsdiq edilir. Xüsusi Ekspertizanın keçirilməsi üzrə görülməli olan işlərin smetası təsdiq edildikdən sonra DTX ilə ərizəçi arasında müqavilə bağlanır. Xüsusi Ekspertizanın keçirilməsi ilə bağlı bütün xərclər ərizəçinin hesabına ödənilir. Komissiya tərəfindən müvafiq işlər yerinə yetirildikdən sonra (icazənin verilib-verilməməsindən asılı olmayaraq) ərizəçi tərəfindən müqavilə ilə nəzərdə tutulmuş qaydada vəsaitin DTX-nın müvafiq xəzinə hesabına ödənilməsi təmin edilir.
Xüsusi Ekspertizanın keçirilməsi fəaliyyəti ilə bağlı DTX-yə daxil olmuş vəsaitlər Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə"yə müvafiq olaraq büdcədənkənar vəsaitlərdir və həmin daxilolmaların uçotu büdcədənkənar vəsaitlərin uçotu qaydasında aparılır. Xüsusi Ekspertizanın keçirilməsi fəaliyyəti ilə bağlı DTX-yə daxilolmalar "DTX-nın büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetasında DTX-nın aidiyyəti struktur bölməsinin təklifləri əsasında müvafiq qaydada nəzərə alınır.