“Heydər Əliyev daim Azərbaycanın müstəqilliyi uğrunda çalışıb” Hadisə

“Heydər Əliyev daim Azərbaycanın müstəqilliyi uğrunda çalışıb”

Azərbaycan prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Latviyanın sabiq prezidenti xanım Vaira Vike-Freyberqanın, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin, Mərkəzin İdarə Heyətinin üzvləri, Serbiyanın sabiq prezidenti Boris Tadiçin, Bolqarıstanın sabiq prezidenti Peter Stoyanovun, Albaniyanın sabiq prezidenti Recep Meydaninin, Latviyanın sabiq prezidenti Valdis Zatlersin və Moldovanın sabiq prezidenti Petru Luçinskinin daxil olduqları nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı qonaqları salamlayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım tədbirində iştiraklarına görə onlara minnətdarlığını bildirib.
İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin deyib: "Cənab prezident, bu, bizim üçün böyük şərəfdir. Bu, sizin atanız böyük şəxsiyyət, sözün əsl mənasında, ümummilli lider Heydər Əliyevin xatirəsinə olan böyük ehtiramın təzahürüdür".
Latviyanın sabiq prezidenti xanım Vaira Vike-Freyberqa isə qeyd edib ki, biz bu gün Azərbaycan xalqının ümummilli lideri və müasir Azərbaycanın banisi Heydər Əliyevin anım günündə Sizinlə və xalqınızla birlikdəyik. O, Heydər Əliyevin böyük təcrübəyə malik lider olduğunu deyib.
Bolqarıstanın sabiq prezidenti Peter Stoyanov Bakıya səfəri zamanı Heydər Əliyevlə görüşlərini məmnunluqla xatırlayıb.
Petru Luçinski isə Heydər Əliyevin böyük şəxsiyyət kimi Azərbaycanın müstəqilliyinin təmin olunmasında müstəsna xidmətlər göstərdiyini vurğulayaraq Azərbaycanın bugünkü inkişafının və firavanlığının əldə olunmasında prezident İlham Əliyevin rolunu xüsusi olaraq qeyd edib.
Prezident İlham Əliyev isə bunları deyib: "Ulu öndər Heydər Əliyev daim Azərbaycanın müstəqilliyi uğrunda çalışıb. Məhz onun yorulmaz səyləri nəticəsində ölkəmiz əsl müstəqillik əldə edib. O, xalqımızın ümummilli lideri kimi Sovet sistemindən müstəqilliyə keçid dövrünü təmin edib. Sovet rəhbərliyində çalışan zaman ulu öndər Heydər Əliyev o vaxtkı Kommunist Partiyasının rəhbərliyini açıq şəkildə ittiham edən ilk insanlardan biri olub. Bu, hələ Sovet İttifaqı dağılmamışdan iki il qabaq baş verib. O, hələ 1990-cı ildə Azərbaycanın müstəqilliyinin zəruriliyini bəyan edən ilk insanlardan idi. 1990-cı ilin yanvarında sovet ordusu Bakıda yüzdən artıq günahsız adamın həlak olması ilə nəticələnən Qanlı Yanvar hadisələrini törədən zaman o, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və mən də onunla bir yerdə idim. Orada xeyli sayda azərbaycanlılar toplaşmışdılar və onlar Heydər Əliyevə böyük dəstək nümayiş etdirdilər. Heydər Əliyev orada qanlı yanvar hadisələrinə görə SSRİ-nin siyasi rəhbərliyini kəskin şəkildə ittiham etdi və bundan sonra Kommunist Partiyası sıralarından çıxdı. O zaman Heydər Əliyev işləmirdi, təqaüddə idi, sovet rəhbərliyi ona qarşı böyük təbliğat kampaniyasına başlamışdı, ona təzyiqlər edir, hətta həbs etmək istəyirdilər. Belə çətin şəraitdə Bakıya gəlmək qərarı verdi. Bakıda minlərlə insan onun ətrafına toplaşır və ona öz dəstəklərini göstərirdilər. Bundan narahat olan Azərbaycanın o vaxtkı rəhbərliyi ona Bakıda da ciddi təzyiqlər göstərməyə başladılar. Heydər Əliyev doğulduğu Naxçıvan şəhərinə getdi".
Heydər Əliyevin Naxçıvandakı fəaliyyətinə toxunan dövlət başçısı xalq tərəfindən Heydər Əliyevin Naxçıvanın Ali Sovetinin sədri seçildiyini vurğulayıb və hələ 1990-cı ildə Azərbaycanın ilk demokratik respublikasının bayrağını dövlət bayrağı kimi qaldırdığını və bu bayrağın Azərbaycan Respublikasının bayrağı kimi qəbul edilməsi ilə bağlı Azərbaycan parlamentinə müraciət etdiyini deyib. Dövlət başçısı 1991-ci ildə Sovet İttifaqının saxlanılması ilə bağlı keçirilən referendumun o vaxt Naxçıvan tərəfindən boykot edildiyini də deyib. Prezident İlham Əliyev bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkədə vətəndaş müharibəsinin qarşısı alınıb, sabitlik və əmin-amanlıq təmin edilib və yeni inkişafın başlanğıcı qoyulub. Dövlət başçısı Heydər Əliyevin müasir Azərbaycanın dövlət quruculuğunda müstəsna xidmətlərinin xalq tərəfindən daim ehtiramla xatırlandığını deyib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.