Xəzərdə daha bir faciə Hadisə

Xəzərdə daha bir faciə

Azərbaycan Prezidentinin Mətbuat Xidməti: "Dövlətimizin başçısı təcili olaraq itkin düşmüş neftçilərin axtarışı ilə bağlı bütün müvafiq qurumların rəhbərlərinə göstəriş verib"

Dünən səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
1. Zülfüqarov Güloglan - maşinist
2. Zülfüqarov Azay - operator
3. Qurbanov Vidadi - operator
4. Həsənov Elçin - mexanik
5. Hacıəliyev Həsənağa - operator
6. Qafarov İlham - operator
7. Əsədov Samir - operator
8. Bəhrəmov Cavid - operator
9. Abbasov Ramiz - maşinist
10. Rüstəmov Qorxmaz - operator

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. FHN, SOCAR və "Azneft" İB-nin rəhbərliyi hadisə yerinə gediblər.
Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.
Axtarış işlərinə FHN-in "Vixr-5" və "Vixr-8" gəmiləri, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin "Svetlomor-2" gəmisi, həmçinin, çətin havaşəraitinə baxmayaraq FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.
Estakadanın dənizə düşməsi barədə məlumat "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinə daxil olan kimi dərhal Gəmiçilik tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.
Qəza nəticəsində itkin düşənlərin axtarışı və xilas olunması məqsədilə Gəmiçiliyin "Lənkəran", "Vadim Seyidov" "Gültəkin Əsgərova", "Aura", "Qaradağ-8", "Qaradağ-4", "Ramiz Hacıyev", "Avior", AXDG-yə məxsus FHN tərəfindən idarə olunan olan "Vixr-5" və "Vixr-8" gəmiləri dərhal hadisə yerinə səfərbər edilib.
Əməliyyatlara həmçinin AXDG-Caspian Marine Services Alyansının "Xudafərin", AXDG-BUE Caspian Alyansının "Caspian Pride" və "Caspian Provider" gəmiləri də cəlb olunub.
Hadisə ilə əlaqədar "AXDG" QSC-nin Böhran Qrupu SOCAR-ın və FHN-nin səlahiyyətli şəxsləri ilə daimi əlaqə saxlayaraq, xilasetmə əməliyyatlarında iştirak edən gəmilərin işlərini koordinasiya edir.
Ağır hava şəraiti və güclü qasırğa qəza yerində xilasetmə işlərinin aparılmasını çətinləşdirib.
SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov operativ qərargahda keçirilən brifinqdə axtarışların davam etdiyini bildirib.
Onun sözlərinə görə, İtkin düşən neftçilərdən birinin, Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğlunun meyiti tapılıb: "Hava şəraitinin əlverişsiz olması axtarış tədbirlərini çətinləşdirir".
Qurum rəsmisi qeyd edib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar öncədən müvafiq tədbirlər görülüb: "Lakin küləyin sürəti saniyədə 41 metr olub".
Onun sözlərinə görə, estakada 1978-ci ildə istismara verilib: "Orada daim təmir-bərpa işləri aparılıb. Sonuncu dəfə təmir cari ilin avqust ayında aparılıb".
Dünən Azərbaycan Prezidentinin mətbuat xidməti də baş verən qəza barədə məlumat yayıb.
Məlumatda deyilir ki, baş verən hadisə barədə dərhal Azərbaycan Respublikasının Prezidentinə məruzə edilib. Dövlətimizin başçısı təcili olaraq itkin düşmüş neftçilərin axtarışı ilə bağlı bütün müvafiq qurumların rəhbərlərinə göstəriş verib: "İtkin düşmüş şəxslərin axtarışı ilə bağlı tədbirlər davam etdirilir. Vəziyyətlə bağlı məlumatlar mütəmadi olaraq dövlətimizin başçısına məruzə edilir".