Mətbuat Şurası ARDNF ilə birgə jurnalistləri mükafatlandırıb Hadisə

Mətbuat Şurası ARDNF ilə birgə jurnalistləri mükafatlandırıb

Dünən Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) bu qurumun Azərbaycan Mətbuat Şurası ilə birgə təşkil etdiyi, dövlət müstəqilliyimizin 25 illiyinə həsr olunmuş "Azərbaycanın müstəqilliyinin iqtisadi bünovrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi" mövzusundakı analitik yazı müsabiqəsi üzrə mükafatlandırma mərasimi keçirilib.
ARDNF-nin icraçı direktorunun müavini İsrafil Məmmədov bildirib ki, Mətbuat Şurası ilə birgə müsabiqədən məqsəd ARDNF-nin Azərbaycan iqtisadiyyatındakı rolu, investisiya fəaliyyəti, ölkənin sosial infrastruktur quruculuğunda həyata keçirdiyi layihələr haqqında KİV nümayəndələri tərəfindən ətraflı araşdırmalar aparılmasına təkan verməkdən, bunun nəticəsində iqtisadi sahədə yazan peşəkar jurnalistlərin yaradıcılığını daha da stimullaşdırmaqdan ibarətdir. Həmçinin iqtisadi araşdırma qabilliyyəti olan peşəkar jurnalist qrupunun formalaşmasına dəstək göstərmək və ictimaiyyətin Fond barədə dəqiq məlumatlandırılmasında KİV nümayəndələri ilə birgə əməkdaşlığa nail olmaq da nəzərdə tutulur.
MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, ARDNF ölkənin neft strategiyasının həyata keçirilməsində, bu siyasətin perspektivlərinin müəyyənləşdirilməsində aparıcı dövlət qurumu kimi hər zaman medianın diqqət mərkəzindədir. Qurumun iqtisadi, sosial həyatın müxtəlif istiqamətlərinə yönələn layihələri, humanitar sahədəki təşəbbüsləri hər zaman yüksək qiymətləndirilir.
MŞ İdarə Heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı çıxışında neft amilinin Azərbaycan üçün önəmini isbatlayan tarixi məqamlara toxunub. Bu sahədəki ənənələrin qorunub saxlanmasının vacibliyindən söz açan baş redaktor Şuranın ARDNF ilə birgə keçirdiyi müsabiqənin belə nəcib missiyaya xidmət etməsindən məmnunluğunu bildirib.
MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də çıxışında Şuranın müxtəlif qurumlarla birgə təşkil etdiyi yaradıcılıq müsabiqələrinin jurnalistlərin ixtisaslaşmalarına dəstək baxımından vacibliyindən söz açıb.
ARDNF-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəmalə Əliyeva məlumat verib ki, müsabiqəyə sənəd qəbulu 2016-cı il sentyabr ayının 21-dən noyabr ayının 22-dək aparılıb. Bu müddətdə qəzet, TV və internet xəbər portalı daxil olmaqla 21 KİV-dən 29 jurnalist yazı təqdim edib. Yazılar MŞ-nin və ARDNF-nin birgə münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Bundan sonra müsabiqə üzrə mükafatlandırma başlayıb.
Qeyd edək ki, müsabiqədə I yerə "Kaspiy" qəzetinin əməkdaşı Hüquq Salmanov,. II yerə "Mədəniyyət" qəzetinin Vüqar Əliyev, III yerə isə "İki sahil" qəzetinin təmsilçisi Elxan Salahov layiq görülüb.