Məktəbəqədər müəssisələrdə xarici qruplar yaradılacaq Hadisə

Məktəbəqədər müəssisələrdə xarici qruplar yaradılacaq

"Dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə işləyən tək valideynlərin, təhsil alan anaların, I və II qrup əlillərin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, hərbi xidmətdə olan ataların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, eləcə də qəyyumluqda olan uşaqlar qəbul ediləcəklər".
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitədə "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
İsa Həbibbəyli məktəbəqədər təhsil müəssisələrində təhsil haqqının maliyyələşməsi ilə bağlı məsələyə də aydınlıq gətirib: "Bundan əvvəlki layihədə təqdim etmişdik ki, məktəbəqədər təhsil müəssisələrində hər bir uşağa görə ödənişlərin müəyyən olunması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olmalı idi. Nəzərə almışdıq ki, belə halda pərakəndəliyin olmasının qarşısını ala bilərik. Orta qiymətlər müəyyən olunmalı idi. Lakin birinci oxunuşdan sonra qərara alındı ki, bu məsələdə bir qədər sərbəstliyə də imkan yaratmaq lazımdır. Yəni, yuxarı hədd barədə də qərar qəbul etmək olar, ancaq təhsil müəssisələrinin özünün də maddi-texniki bazası, imkanları, eləcə də verə biləcəyi təhsil nəzərə alınmalıdır. Ona görə də indiki halda təhsil haqları müəyyənləşdirilərkən bazar iqtisadiyyatına uyğun tələblər və təkliflər ortaq balans şəklində əsas götürüləcək. Hələ qarşıda ikinci və üçüncü oxunuş da var. Bu müddət ərzində hər hansı dəqiqlik ola bilər. Əslində biz bunu gözləyirik".
İsa Həbibbəyli xatırladıb ki, məktəbəqədər təhsil müəssisələrində tədris dili Azərbaycan dilidir: "Lakin bir çox deputatlar digər xarici dillərdə də bağçaların fəaliyyət göstərməsinə müsbət yanaşır. Təbii ki, bu zaman Azərbaycan dili aparıcılığını qorumalıdır. Ona görə də, təklifləri nəzərə alaraq, həmin müəssisələrdə xarici qrupların yaradılmasının mümkünlüyünü məqbul hesab edirik".
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.