Yaşıllıqların mühafizəsinə nəzarət şikayətlər əsasında aparılacaq Hadisə

Yaşıllıqların mühafizəsinə nəzarət şikayətlər əsasında aparılacaq

Yaşıllıqların mühafizəsinə dövlət nəzarətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxsləri yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarətini təsdiq olunmuş iş planlarına uyğun olaraq və daxil olan şikayətlər əsasında il ərzində aparırlar. Bu, Nazirlər Kabinetinin 2016-cı il 27 dekabr tarixli 526 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi Qaydası"nda əks olunub.
Qərarda qeyd edilir ki, yoxlanılan ərazinin miqyasından asılı olaraq yoxlamanın keçirilmə müddəti 3 (üç) - 7 (yeddi) iş günü müəyyənləşdirilir və əsaslandırmaqla həmin müddət yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən qurumun rəhbəri tərəfindən əlavə olaraq 5 (beş) iş günü müddətinə artırılır. Yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarətinin aparılması və həmin zaman məhdudlaşdırıcı tədbirlərin tətbiqi və bu barədə qərarların qəbul edilməsi sahibkarlıq subyektlərinə münasibətdə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.
Bundan başqa, fiziki və hüquqi şəxslər, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlar yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən səlahiyyətli şəxslərə müvafiq şərait yaratmalı, onların səlahiyyətlərinə aid edilən sənədləri və tələb olunduqda yazılı izahatlarını verməlidirlər.