“Siz adam deyilsiniz...” Hadisə

“Siz adam deyilsiniz...”

Ermənistan hakimiyyəti dekabrın 29-da sərhəddə baş vermiş döyüşlər zamanı həlak olmuş Azərbaycan əsgəri Çingiz Qurbanovun cəsədinin geri qaytarılmasına dair beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymamağa çalışır.
Avropa Şurasının baş katibi Turborn Yaqlandın cəsədin ləngimədən qaytarılmasına dair çağırışına Ermənistanda şərh vermək istəmirlər. Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Artak Zakaryan "Azadlıq" radiosunun erməni xidmətinə açıqlamasında deyib ki, Yaqlandın bəyanatına dair şərh vermək istəmir. "Bu məsələyə dair şərhi vaxtı çatanda verəcəyəm" - Zakaryan deyib.
Bununla belə deputat Yaqlandın bəyanatının "balanslı olmadığını" qeyd etməkdən özünü saxlaya bilməyib. "Təbii ki, belə çağırışlar əslində göndərilməli olan ünvanlara göndəriləydi. Yəni Azərbaycana. Avropa Şurasının baş katibi hesab edirəm ki, həmin diversiyanı kimin həyata keçirdiyini yaxşı bilir"-Zakaryan deyib.
Xatırladaq ki, Turborn Yaqland dekabrın 29-da baş vermiş döyüşlər barədə bəyanat verərkən məsələnin humanitar tərəfinə diqqəti cəlb edib və cəsədlərin ləngidilmədən təhvil verilməsinə dair bundan əvvəl əldə edilmiş anlaşmaları yada salıb. Lakin erməni tərəfi cəsədi təhqiqat adı altında həftələrdir saxlamaqdadır və hətta bəzi məlumatlara görə bundan siyasi alver kimi istifadə etməyə çalışır.
Beynəlxalq Qırmızı Xaçın İrəvan ofisinin nümayəndəsi Asmik Qalstyan deyib ki, komitə cəsədin qaytarılması üçün tərəflərlə danışıqları davam etdirir: "Biz bilirik ki, erməni tərəfi insidentlə bağlı təhqiqat aparır və biz hesab edirik ki, cəsəd mümkün qədər tez ailəsinə təhvil verilməlidir, sırf humanitar nöqteyi-nəzərdən. Neytral vasitəçi kimi biz cəsədin vətəninə qaytarılması üçün tərəflərin razılığı əsasında işə qarışmağa hazırıq".
Bundan əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrləri də prezidentlərin 2010-cu il Həştərxan razılaşması əsasında cəsədin ləngimədən qaytarılmasına çağırmışdı. Həmsədrlər bunun "sırf humanitar məsələ olduğunu" vurğulamışdılar.
Lakin göründüyü kimi erməni tərəfi növbəti dəfə qeyri-insani simasını nümayiş etdirir və müharibənin yazılmış, eləcədə yazılmamış qaydalarını tapdalayır. Əsgərin cəsədindən siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərir və bu da Azərbaycanın nə dərəcədə alçaq düşmənlə üzləşdiyini bir daha sübut edir.
Elə "Azadlıq" radiosunun erməni xidmətinin bu mövzudan bəhs edən məqaləsinə Abxaziyadan "GİVİ" adlı istifadəçinin yazdığı bir cümlə də hər şeyi ifadə edir: "Siz adam deyilsiniz, hətta gestapo belə eləmirdi, dəst-xətt eyinidir, necə ki, Abxaziya ermənilərinin milli cizgisi belədir..."