Ağamusa Axundov ölkəmizdə dilçilik məktəbi formalaşdırıb Hadisə

Ağamusa Axundov ölkəmizdə dilçilik məktəbi formalaşdırıb

Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) respublikanın tanınmış dilçi alimi, Əməkdar Elm Xadimi, Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, "Şöhrət" ordenli, akademik Ağamusa Axundovun 85 illiyinə həsr olunan "Ağamusa Axundov və Azərbaycan filologiyası" mövzusunda beynəlxalq konfrans işə başlayıb. Konfrans AMEA rəyasət heyətinin və akademiyanın Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Əvvəlcə tədbir iştirakçıları AMEA-nın əsas binasında alimin elmi yaradıcılığını əhatə edən kitablardan ibarət sərgi ilə tanış olublar. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıb. Akademik A.Axundovun Azərbaycan dilçilik elminin inkişafındakı xidmətlərindən söz açan AMEA-nın rəhbəri alimin bu sahədə elmi məktəb yaratdığını, bütün mənalı ömrünü dilçilik elminin inkişafına həsr etdiyini vurğulayıb.
"Akademik Ağamusa Axundov haqqında söz" mövzusunda məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli alimin apardığı tədqiqatlar sayəsində ölkəmizdə dilçilik məktəbinin formalaşdığını diqqətə çatdırıb. Vurğulanıb ki, A.Axundov 32 yaşında dissertasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. Alimin elmi-nəzəri irsi ölkəmizdə və onun hüdudlarından kənarda humanitar elmi idrakın yüksək miqyasını bütün reallıqları ilə parlaq şəkildə əks etdirən zəngin və qiymətli örnəkdir.
Digər çıxış edənlər A.Axundovun zəngin elmi fəaliyyətindən, ölkəmizdə dilçilik elminin inkişafındakı xidmətlərindən, yüksək mənəvi keyfiyyətlərindən danışıb, görkəmli alimlə bağlı xatirələrini bölüşüblər. Konfrans işini "Fonetika məsələləri", "Dilçilik nəzəriyyəsi", "Dil tarixi və qrammatika", "Türkologiyanın aktual problemləri", "Dil və üslub məsələləri", "Ədəbiyyat və ədəbi dil məsələləri" bölmələri üzrə davam etdirib.