"İsrail Qəzza məsələsinin beynəlmilləşməsində maraqlı deyil" Dünya

"İsrail Qəzza məsələsinin beynəlmilləşməsində maraqlı deyil"

Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək Qəzza ilə əlaqəli "Sülh sammiti" ilk dəfə olaraq problemin köklü şəkildə həll olunması üçün təşkil olunmuş tədbir olacaq. Bu sammit Qəzza məsələsini regional məsələ olmaqdan çıxarıb beynəlxalq məsələyə çevirir.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, tədbir iştirakçılarının tərkibi də onu göstərir ki, iştirak edən dövlətlər tək Yaxın Şərqi yox, Pakistan və İndoneziya ilə Cənub Şərqi Asiyanı, Almaniya, İngiltərə və İtaliya ilə Qərbi və Cənubi Avropanı, eyni zamanda, Aİ, ABŞ ilə Şimali Amerikanı əhatə edəcək:

"Təbii ki, Türkiyə, Ərəb yarmadasının BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, Misir kimi ərəb ölkələri də görüşdə olacaq. Azərbaycanın bu görüşə dəvət alması isə onun artan nüfuzunun göstəricisi oldu. Maraqlı hal isə İranın sammitə dəvət olunmasına baxmayaraq iştirak etməkdən imtina etməsi, İsrailin də görüşdə olmayacağı məsələsidir.

Mərhələli şəkildə həll edilməsi nəzərdə tutulan Trampın sülh planının ilk hissəsi əsir götürülənlərin qaytarılması və İsraildə həbsdə olan iki min dustağın azad edilməsidir. Burda tərəflər ortaq məxrəcə gəliblər və dərhal bu məsələ həllini tapacaq. Əsas məsələ isə ikinci məsələdir. Bu, HƏMASın silah buraxması və İsrail ordusunun Qəzzanı tərk etməsidir. Qəzza zolağının yarısından bir az artıq hissəsi, yəni 53% İsrailin, yerdə qalan hissəsi isə HƏMASın nəzarətindədir. HƏMAS İsrail ordusunun Qəzza ərazisində olduğu müddətcə silah buraxmayacağını, İsrail isə silah buraxılmazsa, yenidən hərbi əməliyyatlara başlayacağını bildirirlər.

Göründüyü qədərilə problemin həlli elə də asan deyil. Trampın təklif etdiyi və hər iki tərəfin qəbul etdiyi beynəlxalq qüvvələrdən ibarət hərbi güclərin Qəzzaya yerləşməsi planı baş tutmayınca bu məsələdə irəliləyişə nail olunması mümkün görünmür. İsrailin də sammitdə iştirak etməməsi, eyni zamanda, İsrail ordu rəhbərliyinin HƏMASın tamamilə Qəzzadan çıxarılmaması durumunda hökuməti devirəcəyi xəbərdarlığı da Netanyahu hakimiyyətinin əl-qolunu bağlayır və sülhdə maraqlı olmadığını göstərir. İsrail dövləti Qəzza məsələsinin beynəlminəlləşməsində maraqlı deyil. Çünki təhlükəsizlik çətiri altında Qəzza fələstinlilərinin yenidən gizli şəkildə İsrail əleyhinə fəaliyyətə başlamayacaqlarına əmin deyil. Hesab edirəm ki, keçiriləcək sammitdə hər iki tərəfin səmimi şəkildə sülhdə maraqlı olması durumunda nəticəyə nail olmaq olar. Bəzi iştirakçı maraqlı ölkələrin də şəxsi maraqları önə çıxacaqsa, sammitin nəticə verməsi mümkün olmayacaq. Bu baxımdan sammit iştirakçıları Fələstin və Yəhudi xalqlarının maraqlarını və reallıqları nəzərə alaraq problemin həllinə yanaşmalıdırlar".

Cavid